Məhkəmə qərarları › İş №e-2-2(113)-91/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-91/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-91/2023 10.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və xxxxxna qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və xxxxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 08 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7500,28 manat əsas, 568,11 manat faiz və 55,60 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8123,99 manat borcun, 200 manat mediasiya ödənişinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, tutmanın X1 mülkiyyətindəki Bakı şəhəri, 1, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X2 məxsus olan mülkiyyətindəki mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X1 Bakı şəhəri, 1, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun həmin mənzildən çıxarılması, əmlakın boşaldılması və banka təhvil verilməsi və Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 08 may 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 23% olmaqla 18 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq X1 mülkiyyətindəki Bakı şəhəri, 1, 36.6 kv.m ümumi, 1 otaqlı mənzil 08 may 2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh1 ilə 08 may 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 04 mart 2022-ci il tarixədək Cavabdeh2 08 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 7500,28 manat əsas, 568,11 manat faiz və 111,19 manat cərimə borcu olmaqla, ümumilikdə 8179,58 manat borcu vardır. Cavabdeh2 08 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 111,19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 55,60 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, “Khan Group“ Məhdud Məsuliyyətli Cəmiyyəti borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirməmişdir. İddiaçı ASC mübahisəni mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilsə də, cavabdehlər və nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər və nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 qanuni nümayəndəsi və Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24- MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh2 MMC-yə bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 30% olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. - İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24- MCR-1-593-21/1 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 MMC bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. - "Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z/00989/21 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İpoteka saxlayan – "Yelo Bank” ASC ilə ipoteka qoyan – X3 və borc alan – Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DA/00099/21 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X3 tərəfindən onun mülkiyyətində olan olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 8718 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 104 nömrəli reyestr kitabının 8718 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin Cavabdeh2 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli, KBD3344 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdehipoteka qoyan X2 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı ödəmişdir. - "Yelo Bank” ASC-nin Cavabdeh2 MMC və Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 7500,28 manat, faiz borcu 568,11 manat, cərimə borcu 111,19 manat olmaqla, ümumilikdə 8179,58 manat təşkil edir. - "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 69-714/22 saylı qiymətləndirmə rəyindən görünür ki, X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 51000 manat, bazar dəyəri 56000 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 9/5227 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 MMC-nin İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan kredit borcu xx.xx.2022ci il tarixə əsas borc üzrə 7490,36 manat, faiz borcu üzrə 492,65 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7490,36 manat, faiz borcu üzrə 966,42 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "Yelo Bank” ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-yə bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 30% olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21/1 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqqaviləyə əsasən Cavabdeh2 MMC bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, Z/00989/21 nömrəli nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. "Yelo Bank” ASC ilə X3 və Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, DA/00099/21 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X3 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzili "Yelo Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 08 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7500,28 manat əsas, 568,11 manat faiz bоrcunun tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 9/5227 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən, faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7490,36 manat (yeddi min dörd yüz doxsan manat otuz altı qəpik) əsas borc, 568,11 manat (beş yüz altmış səkkiz manat on bir qəpik) faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 55,60 manat məbləğində cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə borcunun ödənilməsinə dair iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 55,60 manat (əlli beş manat altmış qəpik) məbləğində cərimə borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən X2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2021-ci il tarixli, DA/00099/21 nömrəli ipoteka müqaviləsinə əsasən X2 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, Qeydiyyat nömrəsi **********, seriya RX № ******* olan çıxarışa əsasən) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdeh X2 qaytarılmalıdır. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin likvid dəyərinin 51000 manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin ilkin satış qiyməti 51000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun iddiaçının xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulmasını da özündə ehtiva edir. İddianın ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə ipoteka qoyanın istifadə hüquqlarının itirilmiş hesab edilməsi onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X1 Bakı şəhəri, 1, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilindən çıxarılması, əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsinə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Bundan başqa iddia tələbinin Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 08 may 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etmədiyindən, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmalıdır. İddiaçı 200 (iki yüz) manat mediasiya xərci, tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün 15 manat rüsum və 30 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci, tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün 15 manat rüsum, 30 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7490,36 manat (yeddi min dörd yüz doxsan manat otuz altı qəpik) əsas borc, 568,11 manat (beş yüz altmış səkkiz manat on bir qəpik) faiz borcu, 55,60 manat (əlli beş manat altmış qəpik) cərimə, 200 (iki yüz) manat mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsum və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 8359,07 manat (səkkiz min üç yüz əlli doqquz manat yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma xxxxxna məxsus, ipoteka predmeti olan Bakı şəhəri, 1, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ xxxxxna qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, 1, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilin ilkin satış qiyməti 51000 (əlli bir min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar