Məhkəmə qərarları › İş №e-2-2(113)-9104/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9104/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9104/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı xxxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli DKM/009N16A02563323/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 11 nömrəli, 15 mərtəbəli binanın penthausunda yerləşən 290,7 kv.m ümumi, 223,2 kv.m yaşayış sahəsindən, 5 otaqlı, 29 nömrəli mənzilə (q-ci ipoteka predmeti), xx.xx.2023-cü il tarixli DKM/009N16A02563323/2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən 113/117 nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 95,90 kv.m ümumi sahədən ibarət, 3 otaqlı, 71 nömrəli mənzilə (2-ci ipoteka predmeti) və Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən 113/117 nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 84,40 kv.m ümumisahədən ibarət, 3 otaqlı, 71 nömrəli mənzilə (3-cü ipoteka predmeti) tutma yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsait hesabına borcalan Maraqlı şəxs MMC-nin xx.xx.2023-cü il tarixli DKM/009N16A02563323 nömrəli kredit müqaviləsi (1-ci kredit müqaviləsi) üzrə iddiaçı qarşısındakı 283 404,24 manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinədək kreditdən istifadəyə görə illik 12 % dərəcəsi ilə hesablanmış 22 620,52 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanmış 4 912,34 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanmış 18 312,24 manat məbləğində cərimə faizləri, cəmi 329 249,34 manat və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 153 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən, xx.xx.2024-cü il tarixli DKM/009N16L04121224-SİM/1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 11 nömrəli, 15 mərtəbəli binanın penthausunda yerləşən 290,7 kv.m ümumi, 223,2 kv.m yaşayış sahəsindən, 5 otaqlı, 29 nömrəli mənzilə (1-ci ipoteka predmeti), xx.xx.2024-cü il tarixli, DKM/009N16L04121224-SİM/2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən 113/117 nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 95,90 kv.m ümumi sahədən ibarət, 3 otaqlı, 71 nömrəli mənzilə (2-ci ipoteka predmeti) və Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən 113/117 nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşn 84,40 kv.m ümumi sahədən ibarət, 3 otaqlı, 72 nömrəli mənzilə (3-cü ipoteka predmeti) tutma yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsait hesabına borcalan Maraqlı şəxs MMC-nin xx.xx.2024-cü il tarixli DKM/009N16L04121224 nömrəli kredit xətti müqaviləsi (2-ci kredit müqaviləsi) üzrə iddiaçı qarşısındakı 340 000 manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinədək kreditdən istifadəyə görə illik 12 % dərəcəsi ilə hesablanmış 13 198,42 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2025-ci il tarixinə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 7 % dərəcəsi hesablanmış 573,36 manat məbləğində cərimə faizləri cəmi 353 771,78 manat və xx.xx.2025-ci il tarixindən başlayaraq 2-ci kredit müqaviləsi üzrə qətnamənin qəbul edildiyi tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 7 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 153 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin bazar qiyməti tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka və sonrakı ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi, məhkəmə qətnaməsinin Maraqlı şəxs MMC-nin hüquq və vəzifələrinə təsir edə biləcəyi nəzərə alınaraq həmin hüquqi şəxsin cavabdehlərin tərəfində üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsi və iddia ərizəsinin verilməsinə görə 973,10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarının 12-13-cü bəndlərinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 xx.xx.2004-cü il tarixdən vergi uçotuna alınmaqla VÖEN-ə (**********) malikdir, Cavabdeh2 isə vergi ödəyicisi deyildir. Qeyd edilməlidir ki, cavabdehlərə məxsus əmlakların – mənzillərin iki kommersiya hüquqi şəxsi arasında bağlanmış kredit müqaviləsinin təminatı olması mübahisənin aidiyyətinə təsir etmir. Belə ki, baxılan iş üzrə kredit müqaviləsindən irəli gələn hər hansı mübahisədən söhbət getmir. Hazırkı iş üzrə iddia tələbi ipoteka predmetlərinə tutma yönəldilməsi olub iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlsə də, cavabdehlərdən birinin ümumiyyətlə fərdi sahibkar statusu yoxdur, digərinə münasibətdə isə ipoteka predmətlərinin mənzil olması səbəbilə mübahisənin fərdi sahibkar statusu olan cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlılığı öz təsdiqini tapmır. Göründüyü kimi, hazırda hüquq münasibətinin xarakteti, mübahisənin predmeti onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə fərdi sahibkar Cavabdeh1 sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edir ki, ********** nömrəli qəbzlə 973,1 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 973,1 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 26, 31, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 973,1 manat məbləğində pul xxxxna qaytarılsın. İddiaçıya izah edilsin ki, “kredit müqavilələri üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müarciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar