Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-913/2025 22.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 343 307,20 (üç yüz qırx üç min üç yüz yeddi manat 20 qəpik) manat borc olmaqla – bundan 300 000 (üç yüz min) manat əsas, 37 682, 20 (otuz yeddi min altı yüz səksən iki manat 20 qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 5 625 (beş min altı yüz iyirmi beş) manat faiz borcunun, iş üzrə ödənilmiş 633,31 (altı yüz otuz üç manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 aprel 2023-cü il tarixli,286/Msaylı Kredit müqaviləsinə əsasən borcalana 17 aprel 2024-cü il tarixinədək illik 17 (on yeddi) faiz dərəcəsi ilə 300 000 (üç yüz min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh2 MMC-nin 286/M saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında 17 aprel 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə tam məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən borcverən müəyyən edilən hallarda borcalandan kreditin dərhal qaytarılmasını, eləcədə çatacaq faizlərin ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit xətti müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan qanunvericiliyə uyğun olaraq kredit xəttinin məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12-5/2-1234/2024 saylı, xx.xx.2024-cü il tarixli və 12-5/2- 1476/2024 saylı, xx.xx.2024-cü il tarixli bildirişlər göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmişlər və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 MMC-nin kredit üzrə cəmi borcu 343 307, 20 (üç yüz qırx üç min üç yüz yeddi manat 20 qəpik) manat təşkil edir. Bundan 300 000 (üç yüz manat) manat əsas, 37 682, 20 (otuz yeddi min altı yüz səksən iki manat 20 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 5 625 (beş min altı yüz iyiri beş manat) manat borc təşkil edir.
3. Cavabdeh1 iddiaya etirazı onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC və ona qarşı “kredit borcunun qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq cəmi 343.307,20 manat borc olmaqla – bundan 300.000 manat əsas, 37.682,20 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5.625 manat faiz borcunun, iş üzrə ödənilmiş 633,31 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və X2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, LPO İddiaçı ASC-nin iddiası – zamin qismində işə cəlb edilmiş digər cavabdeh - Cavabdeh1 qarşı hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsi barədə məlumat əldə edəndən dərhal sonra Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunub. Lakin, məhkəmə qarşılıqlı iddia əriəsinin geri qaytarılması barədə qərardad qəbul edib və qarşılıqlı iddianın geri qaytarma barədə qərardadını o əsasla geri qaytarmışdır ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən əsaslara məhkəmə LPO İddiaçı ASC-nin iddiası üzrə işə mahiyyəti üzrə baxarkən qiymət verməli olduğu hallardır. Ona görə də, həmin hallara qarşılıqlı iddia qaydasında baxılmasına zərurət yoxdur. Qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində istinad edilən xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi öz-özlüyündə etibarsız olduğundan zaminə qarşı iddia tələbi rədd edilməlidir. Həmçinin, xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə hətta vizual baxış zamanı aydın görünür ki, müqavilə Cavabdeh1 iradəsini əks etdirmir və müqavilə LPO İddiaçı ASCnin əməkdaşları tərəfindən zamindən xəbərsiz tərtib edilib. Zaminlik müqaviləsinin birinci səhifəsi imzalanmayıb, ikinci səhifəsi isə zaminin digər sənədlərdəki imzasının ətrafına düzəliş edilərək tərtib edilib. Halbuki, Muğanbank ASC-nin Möhürü yoxdur və hətta Muğanbank ASC-nin nümayəndəsi kimi iştrak edən şəxsin belə bir müqavilə bağlamasını təsdiq edən sənəd mövcud deyil. Halbuki, mövcud qanunvericilikdə üç tərəfli müqavilə bağlanarkən hər bir tərəfin səlahiyyətinin dəqiq göstərilməsi zəruri şərt kimi tələb olunur. Muğanbank ASC-nin Zaminlik müqaviləsində möhürünün olmaması onun Muğanbank ASC ləğv ediləndən sonrakı tarixdə tərtib edilməsini təsdiq edir. Çünki, İddiaçı ASC ləğv prosesinə başlanandan sonra müqaviləni tərtib edən digər şəxsin – S.A.İsmayılovdan möhürlər alınır. Onun möhürə əli çatmadığı üçün sonradan saxta yolla tərtib etdiyi müqaviləni möhürləyə bilməyib. Həmçinin, S.A.İsmayılovun xx.xx.2023-cü il tarixdə kredit vermək səlahiyyətinin olmasını təsdiq edən etibarnamə mövcud deyil, Nizamnamədə isə S.A.İsmayılovun kredit verməsinə səlahiyyət verilməyib. Bütün bunlar zaminlik müqaviləsinin iş üzrə zamin kimi cəlb edilmiş – Cavabdeh1 iradəsi olmadan tərtib edilib, hazırlanmasını təsdiq edir. Bütün bunlar bir daha onu göstərir ki, LPO İddiaçı ASC iş üzrə zamin kimi işə cəlb etdiyi - Cavabdeh1 aid hissədə iddiasının hüquqi əsası yoxdur. Odur ki, yuxarıda qeyd edilənlərə və MPM-nin 154-cü maddəsinə əsasən, hazırkı iş üzrə iddia tələbini iş üzrə zamin kimi cəlb edilmiş - Cavabdeh1 aid hissədə rədd edilməsi barədə qətnamə qəbul etməyiniz xahiş olunur.
4. Cavabdeh1 etiraza əlavə olaraq bildirmişdir ki, iddiaçının Cavabdeh1 qarşı iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilədəki möhür, imza və səlahiyyətlərlə bağlı çatışmamazlıqları əvvəlki məhkəmə iclasında təqdim edilmiş etirazda əsaslandırıb. Əlavə olaraq qeyd edir ki, iddiaçının iddia qaldırması üçün istinad etdiyi zaminlik müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 331.2, 337 və 406-cı maddələrində qeyd edilmiş tələblərə uyğun deyil. Cavabdeh1 zaminlik müqaviləsini bağlamaması həmin müqavilədə olan çatışmamazlıqlardan da açıq aydın görünür. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər (MM 331.2). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (MM 337). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (MM 337.2) Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (MM 406.1). Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır (MM 406.2). Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər (MM 406.3). Hazırkı kommersiya işində olan zaminlik müqaviləsi ilə MM-nin yuxarıda qeyd edilən tələblərini müqaisə edərəkən həmin tələblərin mövcud olmadığını görürük. Bu isə zaminlik müqaviləsinin bağlanmamasını, sonradan iddiaçı tərəfindən quraşdırma sənədlər olduğu məlum olur. Odur ki, iddia tələbini Cavabdeh1 aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianın yalnız əsas borc hissəsini qəbul etdiklərini və lakin, təmsilçisi olduğu hüquqi şəxslə zamin arasında heç bir müqavilə bağlanmamışdır (onunla hər hansı münasibətləri olmamışdır). Odur ki, iddianın zaminə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirirmişdir ki, iddia olunan əsas borcu qəbul edir, iddianın faiz və cərimə hissəsində qəbul etmirlər. Bununla belə iddiçı ləğv prosesində olan İddiaçı ASC-nin əməkdaşlarının istəyi ilə (kredit müqaviləsinin natamam olması) ilə əlaqədar 2024-cü ilin oktyabr ayında o Əmanətlərin Sığortanması Fonduna dəvət edilmiş, Bankn əməkdaşların ona təqdim etdiyi natamam sənədləri imza etmək, həm də həmin sənədə təmsil etdiyi Cəmiyyətin möhürü möhürünü vurmalı olduğunu bildirmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 aprel 2023-cü il tarixli, 286/M saylı Kredit müqaviləsinə əsasən:
11. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən, Borc alana "dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi" məqsədi ilə 300000 (üç yüz min) manat məbləğində "17" Aprel 2024-cü il tarixinədək faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə bərpa olunan kredit xətti açır.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti üzrə faiz dərəcəsi illik 17 % təşkil edir.
14. Müqavilənin 1.4-cü bəndinə əsasən FİFD-18.1 % təşkil edir.
15. Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin cari məbləğinin üstünə faizlər gündəlik qaydada, müvafiq olaraq ildə 360 gün və ayda 30 gün hesabından hesablanır.
16. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditin məbləğinin üstünə faizlərin hesablanması kreditin Borc alanın xüsusi hesabına daxil olduğu gündən başlanır və Borc alan tərəfindən borcun əsas məbləğinin qaytarıldığı gün başa çatır.
17. Müqavilənin 4.3-cü bəndinə əsasən borc alanın "xxxx" ASC-də olan hesabları üzrə illik dövriyyəsi 300 000 (üç yüz min) AZN miqdarından az olduğu halda kreditin illik fazi dərəcəsi birtərəfli qaydada dəyişdirilərək 30 % olmaqla hesablanacaqdır.
18. İddiaçı ASC ilə borc alan Cavabdeh2 və zamin Cavabdeh1 arasında 17 aprel 2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.
19. Müqavilənin 1.1-ci bəndinə əsasən Zamin 17 aprel 2023-cü il tarixli,286/M saylı Kredit müqaviləsinə əsasən ( 300 000 (üç yüz min) manat, 12 (on iki) ay müddətinə, illik 17 (on yeddi) %), “Borc alan Cavabdeh2 MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Borc verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.
20. Müqavilənin 1.2-ci bəndinə əsasən Zamin bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini Borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə Borc verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur.
21. Müqavilənin 2.1-ci bəndinə əsasən borc alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan, Borc verən qarşısında birgə məsuliyyət daşıyırlar. Borc verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm Borc alanı, həm də Zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Borc verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz.
22. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit üzrə hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və Borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Borc verən qarşısında Borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Müqavilənin 2.3-cü bəndinə əsasən zamin bəyan edir ki, zaminlik xidmətləri üçün muzd almır. Zamin gələcəkdə də bu xidmətləri üçün bu Müqavilə üzrə muzd almağı tələb etməyəcəyini öz öhdəsinə götürür.
24. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə Borc verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq.
25. İddiaçı ASC-nin 01 noyabr 2021-ci il tarixli 526/HR №-li Əmrinə əsasən X6 Kredit departamentinin direktoru əmək haqqı saxlanılmaqla xx.xx.2021-ci il tarixdəm etibarən X10 müavini vəzifəsinə keçirilmişdir.
26. 15 mart 2023-cü il tarixli İddiaçı ASC X3 İclas Protokoluna əsasən İddiaçı ASC-nin Biznes Bankçılıq Departamentinin SME Kreditlər Şöbəsi tərəfindən Cavabdeh2 MMC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin qarşılanması üçün 12 ay müddətinə 17% ilə və 1 % xidmət haqqı tutmaq şərti ilə 300 000 (üç yüz min) AZN məbləğində Kredit xətti verilsin, Kredit xətti üzrə vəsait girovsuz ayrılması, X5 adma Muganbankda olan cari kredit bağlanılsın. ünvan 1 ünvanında olan əmlak kredit verildikdən sonra Cavabdeh2 kredit xətti üzrə təminat qismində girova götürülməsi qərara alınmışdır.
27. 05 aprel 2023-cü il tarixli Cavabdeh2 X1 Qərarına əsasən Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi məqsədi ilə İddiaçı ASC-dən 300000 manat məbləğində 12 ay müddətinə kredit xəttinin alınmasına razılıq verilmişdir. Qərarı qəbul edən və imzalayan Cavabdeh2 MMC-nin 100% paya sahib olan təsisçisi Cavabdeh1 olmuşdur.
28. Cavabdeh2 (borc verən) ilə həmin MMC-nin təsisçisi Cavabdeh1 (borc alan) arasında bağlanmış 12 iyun 2023-cü il tarixli Borc müqaviləsinə əsasən borc verən ******* manat məbləğində pul vəsaitini zərurət yarandığı halda borc alana, maliyyə yardımı kimi, 31 dekabr 2023-cü il tarixədək geri qaytarmaq şərti ilə borca verir, Borc alan isə borcu müqavilənin şərtləri əsasında və müddətində geri qayatrmağı öhdəsinə götürür.
29. xx.xx.2024-cü il tarixli, 12-5/2-1236/2024 saylı maliyyə arayışına əsasən cavabdeh MMC-nin müqavilə üzrə ümumi borcu 343307,20 manat, o cümlədən əsas borc – 300.000 manat, faiz borcu 37682,20 manat, illik 5% ilə hesablanan faiz borcu – 5625 manat təşkil edir.
30. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 aprel 2023-cü il tarixli, 286/M saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinnin bitdiyi tarixə əsas və fair borcu və müqavilə müddəti bitdiyi tarixdən maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə AR MM-nin 445.7-ci maddəsinə əsasən illlik 5% ilə hesablanan faiz borcunun (ayrı-ayrılıqda) məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3915 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 17 aprel 2023-cü il tarixli, 286/M saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə MMC-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il tarixə (müqavilənin bitdiyi tarix): əsas borc üzrə 300.000,00 manat, faiz borcu üzrə 43.208,33 manat. xx.xx.2024-cü il tarixə (sualada göstərilən tarixə) əsas borc üzrə 300.000 manat, faiz borcu üzrə 43208,33 manat, faiz borcu üzrə (5 %-lə) 5625 manat məbləğində müəyyən edilmişdir.
32. Məhkəmə tərəfin nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
33. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Banklar haqqında Qanunun 1.0.9. Bank krediti (bundan sonra kredit) bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.
34. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
37. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
39. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
41. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
42. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
43. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
44. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
45. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
46. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdeh2 MMC iddianı yalnız əsas borc hissəsində qəbul etsə də, faiz borcu hissəsində iddianın qəbul edilməməsinin nə əsasını göstərə bilmiş, nə də sübuta yetirə bilməmişdir.
47. Digər Cavabdeh1 isə iddianı özünə aid hissədə qəbul etməyərək zaminlik müqavilənin etibarsız olduğunu iddia etmiş və ona görə də zaminə münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. Yazılı etirazının əsası kimi isə bildirmişdir ki, “xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi öz-özlüyündə etibarsız olduğundan zaminə qarşı iddia tələbi rədd edilməlidir. xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə hətta vizual baxış zamanı aydın görünür ki, müqavilə Cavabdeh1 iradəsini əks etdirmir və müqavilə LPO İddiaçı ASC-nin əməkdaşları tərəfindən zamindən xəbərsiz tərtib edilib. Zaminlik müqaviləsinin birinci səhifəsi imzalanmayıb, ikinci səhifəsi isə zaminin digər sənədlərdəki imzasının ətrafına düzəliş edilərək tərtib edilib. Halbuki, Muğanbank ASC-nin möhürü yoxdur və hətta Muğanbank ASCnin nümayəndəsi kimi iştrak edən şəxsin belə bir müqavilə bağlamasını təsdiq edən sənəd mövcud deyil. Halbuki, mövcud qanunvericilikdə üç tərəfli müqavilə bağlanarkən hər bir tərəfin səlahiyyətinin dəqiq göstərilməsi zəruri şərt kimi tələb olunur. İddiaçı ASC-nin Zaminlik müqaviləsində möhürünün olmaması onun Muğanbank ASC ləğv ediləndən sonrakı tarixdə tərtib edilməsini təsdiq edir. Çünki, İddiaçı ASC ləğv prosesinə başlanandan sonra müqaviləni tərtib edən digər şəxsin – S.A.İsmayılovdan möhürlər alınır”.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadının 27-ci bəndində qeyd olunmuşdur ki, “..məhkəmə əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir..”
49. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1); - hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); - uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); - qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); - fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); - fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); - on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); - öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); - hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); - əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350).
50. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
51. Məhkəmə Cavabdeh1 etiraz arqumentlərinə dair qeyd edir ki, birincisi, cavabdeh zaminlik müqaviləsindəki imzanı mübahisələndirsə də, lakin məhkəmə gedişatı zamanı məhkəmə tərəfindən zaminin nümayəndəsi/vəkilinə təklif olunsa da ki, cavabdeh şəxsən iştirak etsin və imza nümunələri götürülərək məhkəmə tərəfindən xətşunaslıq ekspertizası təyin edilsin, lakin cavabdeh şəxsən iştirak etməmiş, nə də ki, vəkili tərəfindən məhkəməyə xətşunaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilməmişdir. İkincisi, cavabdeh qeyd edir ki, zaminlik müqaviləsi onun iradəsini ifadə etmir və ondan xəbərsiz tərtib edilmişdir. Lakin, məhkəmə qeyd edir ki, kredit müqaviləsi bağlanılarkən Cavabdeh1 Cavabdeh2 MMC-nin tək təsisçisi olmuşdur və Bankdan kreditin götürülməsi üçün ümumi yığıncağ qərarını şəxsən qəbul etmiş və banka təqdim etmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, Bankdan götürülən kredit məbləği MMC ilə təsisçi arasında imzalanmış borc müqaviləsi nəticəsində MMC tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. Üçüncüsü, cavabdeh həmçinin onu da qeyd edir ki, Zaminlik müqaviləsində Bankın möhürü olmadığı üçün də müqavilə etibarsız hesab edilməlidir. Lakin, məhkəmə qeyd edir ki, birincisi, həm kredit, həm zaminlik müqavilələrində Bankın möhürü mövcüd deyil. Cavabdeh isə kredit müqaviləsini mübahisələndirmir, kreditin verilməsini inkar etmir, yalnız zaminlik müqaviləsini həmin əsasa görə etibarsız hesab edilməsini xahiş edir. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı-bank tərəfindən kredit məbləğinin verilməsi işin mübahisəsiz halıdır. Cavabdehin qeyd etdiyi arqumentlər ilə (bankın möhürünün olmaması, bank trəfindən müqaviləni imzalayan şəxsin səlahiyyətli olmaması) cavabdeh deyil, iddiaçı tərəfindən müqavilə mübahisələndirilə bilər. Hətta cavabdehin bildirdiyi kimi bankın adından müqaviləni imzalayan şəxsin səlahiyyəti olmadığı halda belə, görünür ki, Bank tərəfindən həmin müqavilə bəyənilib və kredit məbləği köçürülərək müqavilə icra edilmişdir.
52. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 arqumentləri sırf borcun ödənilməsindən boyun qaçırmaq üçün, heç bir əsası olmadan formal olaraq verilmiş etirazdır, cavabdeh tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsaslarından heç biri hazırki iş üzrə müəyyən edilmir, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri etibarlı hesab edilməli və iddia hər iki cavabdehə münasibətdə təmin edilməlidir.
53. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas borc ekspert rəyi ilə eynilik təçkil edir, faiz borcu ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, əsas borca hesablanan faiz borcu iddia tələbində ekspert rəyində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləğləri və əsas borca hesablanan faiz borcları iddia tələbində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
54. Bundan başqa iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17 aprel 2023-cü il tarixli,286/M saylı kredit müqaviləsi üzrə 5625 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
55. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
57. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə eynilik təçkil edir. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu iddia tələbində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
58. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə 17 aprel 2023-cü il tarixli, 286/M saylı üzrə 300.000 manat əsas borc, 37682,20 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17 aprel 2023-cü il tarixli,286/M saylı kredit müqviləsi üzrə 5625 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
59. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 633,31 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
61. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
62. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
63. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 633,31 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə, həmçinin məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 300.000 manat əsas borc, 37682,20 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% ilə hesablanan 5625 manat faiz məbləği olmaqla cəmi 343307,20 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 633,31 manat tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova