Məhkəmə qərarları › İş №e-2-2(113)-914/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-914/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-914/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbrəova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 908,31 manat əsas borc, 81,6 manat faiz borcu və 62,72 manat cərimə borcu olmaqla, ümumilikdə 1052,63 manat borcun və mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 28 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 27 faizlə 18 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 28 aprel 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il oktyabrın 28-dək Cavabdeh1 banka 28 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 908,31 manat əsas borc, 81,6 manat faiz borcu və 62,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.052,63 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-914/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 izahatında onun bu iş üzrə zamin olduğunu, borcun ödənilməməsi ilə bağlı məsuliyyət daşımadığını, bankın işlədiyi yer üzrə dəfələrlə müraciət etdiyini, borcun ödənilməsi üçün tədbir gördüyünü və hətta özü də ödəniş etdiyini bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən tərəflər kredit limitinin məbləği 50.000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə faiz dərəcəsi 30%, kredit limiti üzrə illik cərimə faiz dərəcəsi 72% olmaqla, kreditin təminatı kimi Cavabdeh3 və Cavabdeh2 ilə bağlanan zaminlik müqavilələrinin bağlanması barədə razılığa gəlmişlər. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsinə əsasən kreditor borc alana biznes məqsədli ilə 3.000 manat məbləğində kredit verir, kreditin müddəti 18 ay (bitmə tarixi xx.xx.2022-ci il), kreditin illik faiz dərəcəsi 27%, kredit limiti üzrə illik cərimə faiz dərəcəsi 72% təşkil edir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 28 aprel 2021-ci il tarixli, Z/00338/21 saylı və 28 aprel 2021-ci il tarixli, Z/00339/21 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilələr kreditorun imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 3.000 manat, faizin məbləği 681,55 manat, cəmi ödəniləcək məbləğ 3.681,55 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borcu 908,31 manat, faiz borcu 81,6 manat, cərimə borcu 62,72 manat olmaqla cəmi borc 1.052,63 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixli, KBD- 11609 saylı xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli, 9/2943 saylı ekspert rəyinə əsasən Cavabdeh1 hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 nömrəli krеditi müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə (iddia ərizəsində tələb edilən və kreditin müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 904,07 manat, faiz borcu 84,76 manat olmaqla cəmi borc 988,83 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə və xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 3.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Kredit müqavilələri üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixə (kreditin müddətinin bitdiyi tarixə) əsas borcunun 904,07 manat və faiz borcunun 84,76 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə (kreditin verilmə müddətinin bitməsinə 10 gün qalmış) cavabdehlərə xəbərdarlıq məktubu göndərilərək xəbərdarlığın alındığı vaxtdan 5 gün müddət müddət ərzində kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklə, hazırkı halda iddiaçı bank tərəfindən verilmiş əlavə müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən xx.xx.2022-ci il tarixdə (poçt zərflərinin qaytarılma tarixi xx.xx.2022-ci il olduğundan bank tərəfindən borcun ödənilməsi üçün verilmiş əlavə müddət xx.xx.2022-ci il tarixdə bitmişdir) kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı yalnız xx.xx.2022-cin il tarixədək, yəni müqavilə ləğv edildiyi tarixədək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Ekspert rəyinə əsasən mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə faiz borcu 84,76 manat, hər gün üçün əsas borca hesablanan faiz məbləğinin isə 0,68 manat olmasını nəzərə alsaq xx.xx.2022-ci il tarixə faiz borcu 82,72 manat (84,76 manat – 0,68manatx3 gün) təşkil edir. İddia ərizəsindən isə görünür ki, bank tərəfindən kredit müqaviləsi üzrə 81,6 manat məbləğində faiz borcunun tutulması tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia qismən təmin, faiz borcun tutulması hisəsində isə iddia tam təmin edilməli, 904,07 manat məbləğində əsas borcun və 81,60 manat məbləğində faiz borcun Cavabdeh1 bankın xeyrinə tutulmalıdır. Bununla yanaşı İddiaçı ASC 19001-S122186/789308 saylı, xx.xx.2021-ci il tarixli, 3- MCR-1-345-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 62,72 manat məbləğində cərimə borcu (dəbbə) pulunun tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə (dəbbə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, 3- MCR-1-345-21/1 saylı müqavilə üzrə 62,72 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 28 aprel 2021-ci il tarixli, Z/00338/21 saylı və 28 aprel 2021-ci il tarixli, Z/00339/21 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit alan Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə zaminlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 3-MCR-1-345-21/1 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30,52 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiymətinin 99%-i təmin edildiyindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 904,07 manat məbləğində əsas borc, 81,6 manat məbləğində faiz borcu, 62,72 manat məbləğində dəbbə pulu, ümumilikdə 1.048,39 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar