Məhkəmə qərarları › İş №e-2-2(113)-9158/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9158/2024

13.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9158/2024 13.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu, İddiaçı Nümayəndə Cavabdeh İB-ə qarşı “quraşdırılmış sayğacın aktivləşdirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən quraşdırılmış sayğacın aktivləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən obyekt ona məxsusdur. Həmin obyekt üçün Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış və plomp da vurulmuşdur. Lakin həmin tarixdən neçə ay keçməsinə baxmayaraq hələ də sayğac aktivləşdirilməmişdir. Bununla bağlı plomp vurulan kimi həm Cavabdehnə, həm də Asan Kommunal mərkəzinə müraciət etmişdir. Lakin heç bir nəticəsi olmadı. Nəticə etibarı ilə aylardır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən obyektdə qazdan istifadə edə bilmir. Sayğacın aktivləşdirilməməsi nəticəsində qazdan istifadə edə bilməməyi Cavabdeh tərəfindən onun istehlakçı hüququnun pozulması deməkdir. Cavabdeh tərəfindən istehlakçı hüququnun bərpa edilməsi və xx.xx.2023-cü il tarixdə quraşdırılmış sayğacın aktivləşdirilməsini tələb edir. Bu məsələ ilə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(113)-2061/2024 saylı qərardadı əsasında iddia ərizəsinin icraata qəbulundan imtina edildi. e-2-2(113)-2061/2024 saylı qərardadda ona məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduğum bildirilmişdir. Daha sonra isə mübahisə predmeti ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi məsələnin aidiyyatı üzrə rayon- şəhər məhkəməsinə aid olması qərarına gəlmişdir. Daha sonra Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsi məsələni araşdırmış və Cavabdehnə qarşı yönəlmiş tələbimin Xətai Rayon Məhkəməsinə deyil Bakı Kommersiya Məhkəməsinə aid olması barədə xx.xx.2024-cü il tarixli e-2(011)-451 /2024 saylı qərardad qəbul etmişdir. Bu səbəbdən də Cavabdehnə qarşı yönəlmiş sayğacın aktivləşdirilməsi tələbinin icrası üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edir. Çünki Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-451 /2024 saylı qərardadında da qeyd edildiyi kimi quraşdırılan sayğacın aktivləşdirilməsi tələb olunan obyekt ona məxsus olan vöenə aiddir (VÖEN **********). İddia ərizəsinə əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-655/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3332/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ləğv edilərək iş iddia ərizəsinin mümkünlüyünə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sayğacın hansı əsasa görə quraşdırıldığı və tərəflərin müqavilə münasibətlərində olub-olmadığı, habelə cavabdehdən edilməsi tələb edilən hərəkətin onun hansı fəaliyyətinə aid olması istiqamətində lazımi araşdırma aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7590/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən iddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisə iddiaçının obyektində olan qaz sayğacının aktiv edilməsi tələbindən irəli gəlir. Yəni, iddiaçı ilə cavabdeh mülki dövriyyənin iştirakçıları kimi çıxış edirlər. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibəti kimi müəyyənləşdirilir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında olan mübahisəyə, Cavabdeh İB hazırki hüquq münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) olduğundan, mülki məhkəmə icraatında baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4512/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadından görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır və mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə ünvanlanmış iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci bəndinə istinad edərək dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu əsasla razılaşmır və bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 24-cü bəndində qeyd edilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. Belə ki, hazırkı iş üzrə iddiaçı fərdi sahibkar olduğundan, yaranmış mübahisənin onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyinə istinad etdiyindən və şəxsi tələbatın ödənilməsi məqsədi daşımadığından istehlakçı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu ödənilməsindən azad deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci bəndinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd etmək istəyir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı tərəfindən aidiyyət qaydalarına əməl olunub-olunmamasını müəyyən etmək üçün kifayət etmir. İddia iki elementdən ibarətdir: predmet və əsas. İddianın predmetini - mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Bütün hüquqi faktlar iddianın faktiki əsasını təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. Belə ki, bir tərəfdən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, digər tərəfdən təbii inhisar subyeki arasında olan hazırkı mübahisənin predmetini sayğacın aktivləşdirilməsi vəzifəsinin Cavabdeh İB-in üzərinə qoyulması təşkil edir. İddiaçı ərizəsində ünvan 2 ünvanında yerləşən obyektdə quraşdırılmış sayğacın aktivləşdirilmədiyinə istinad etsə də həmin obyekin hüquqi rejimini müyyən edən və sözügedən əmlaka əmlak hüququnu təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin tərəflər arasında müqavilə münasibətlərinin olması halı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğu və maddi mübahisənin öhdəlik hüquq münasibətlərdən əmələ gəlməsi halının müəyyən olunduğu təqdirdə mümkün ola bilər. Tərəflər arasındakı müqavilə münasibətləri yaranmadığı təqdirdə maddi mübahisə mülki hüquq münasibətlərindən deyil, digər hüquq münasibətlərindən irəli gələn mübahisə olmaqla, mülki-hüquqi xarakter daşımır və bu səbəbdən mülki-məhkəmə icraatı qaydasında mülki mübahisə kimi baxıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən, təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Nümayəndə Cavabdeh İB-ə qarşı “quraşdırılmış sayğacın aktivləşdirilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar