Məhkəmə qərarları › İş №e-2-2(113)-9172/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9172/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9172/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 mart 2024-cü il tarixli icarə müqaviləsi üzrə ƏDV daxil olmaqla 27671 manat əsas borc, xx.xx.2024-cü il tarixdən məhkəmə qərarı qüvvəyə minənədək gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1 faizi (hər gün üçün 234,5 manat) cərimənin və ödənilmiş 177 manat dövlət rüsumunun, 1200 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 112.1 və 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən xx.xx.2024-cü il tarixdən məhkəmə qərarı qüvvəyə minənədək gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1 faizi (hər gün üçün 234,5 manat) cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi qeyrimüəyyəndir, həmin hissədə iddianın obyekti və qiyməti müəyyən edilə bilmir. Halbuki iddia ərizəsində cavabdehdən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməli, iddianın qiyməti müəyyən olmalıdır. İddia ərizəsində tələb edilən pul məbləğinin konkret qeyd edilməməsi və cavabdehdən tutulmalı olan məbləğinin müəyyənləşdirilməsi vəzifəsinin məhkəməyə həvalə edilməsi prosessual qanunvericiliyin prinsiplərinə və MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olmadığından məhkəmə bu tələbi icraata götürməyə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmunu ilə bağlı tələblərə riayət olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar