Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9175/2025 18.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçıçıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 666,88 manat əsas borc, 300 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 996,88 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 770,7 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər 770,7 manatı hissə-hissə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 64,23 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin vaxtdan bəri cavabdeh tərəfindən hər hansı bir ödəniş olunmamışdır. Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan xx.xx.2024-cü ildən bu günə kimi hər hansı bir ödəniş olunmadığı üçün 300 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, Cavabdeh Cəmiyyətə 666,88 manat əsas borc, 05 sentyar 2024-cü ildən 14 oktyabr 2025-ci ilə qədər 300 manat dəbbə pulu olmaqla cəmi 966,88 manat borcu yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 427.1, 442, 443.2, 445.4, 448.2, 449.1, 462.1, 462.3, 882.1, 882.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı ASC “tələbkar”, Cavabdeh “borclu” olmaqla imzalanmış xx.xx.2023-cü il tarixli AC-ƏVA/05-10-23/MC saylı mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Borclu Tələbkara cəmi 770,7 manat borcunun olduğunu etiraf edir. Borclu borc məbləğini “05” sentyabr 2024-cü il tarixinə qədər 770,7 manat məbləği hissə-hissə “05” oktyabr 2023-cü il tarixindən başlayaraq hər ay 64.23 manat məbləğində olmaqla Tələbkara ödəməyi öhdəsinə götürür. Borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq “05” sentyabr 2024-cü il tarixinə qədər 770,7 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. Bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. Cavabdeh İddiaçı ASC-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində İddiaçı ASC-nin xəzinəsinə borcu olduğunu qəbul etmiş, borc məbləğini ödəmək üçün imkanı olmadığından 2024-cü ilin sentyabr ayının 5-nə qədər 770,7 manat məbləği ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Borc məbləğinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ASC-nin Kommersiya Departamentinin rəhbəri Xaliq Rzayev, Baş mühasib Aslan Quliyev, Baş xəzinədar Sənan Aslanov, X2 Şöbə müdiri Aqşin Əliyev xx.xx.2023-cü il tarixinə Cavabdeh 770,7 manat borcunun olduğunu təsdiq etmişlər, Cavabdeh da aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. 21 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli AC-ƏVA/05-10-23/MC saylı mövcud borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh 966,88 manat borcu var. xx.xx.2024-cü il tarixindən bu günə - xx.xx.2025-ci il tarixinə qədər borclu Cavabdeh tərəfindən qeyd olunan məbləğdəki borc ödənilməmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC-yə olan 966,88 manat müqavilədən yaranan pul öhdəliyini 02 gün müddətində banka ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 770,7 manat borcunun olduğunu etiraf etmiş, həmin borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər hissə-hissə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 64,23 manat məbləğində olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun qaldığını nəzərə alaraq hesab edirəm ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə, eləcə də cavabdehin özü tərəfindən imzalanmış ərizə iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Cavabdeh iddiaya qarşı etiraz etməmişdir. Buna görə də qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, borcunu etiraf etdiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 666,88 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli AC-ƏVA/05-10-23/MC saylı müqavilə üzrə 300 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 300 manat cərimə tutulması ilə bağlı hissədə təmin olunmamalıdır. Çünki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli AC- ƏVA/05-10-23/MC saylı müqavilədə cərimə ödənilməsi ilə bağlı şərt razılaşdırılmamış, həmçinin tərəflər arasında ayrıca yazılı razılaşma təqdim edilməmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumunun 21 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 666 (altı yüz altmış altı) manat 88 (səksən səkkiz) qəpik borc, 21 (iyirmi bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-9175/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9175/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver