Məhkəmə qərarları › İş №e-2-2(113)-918/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-918/2023

07.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-918/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 Cavabdeh nümayəndəsi X2 qızının iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 Cavabdehnə qarşı ödənilmiş 3197,16 manat pul məbləğinin və 61 manat mediasiya xərcinin, cəmi 3258,16 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı ödənilmiş 3197,16 manat pul məbləğinin və 61 manat mediasiya xərcinin, cəmi 3258,16 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2019-cu ildə Salyan rayonunun ərazində dövlət torpaq fondundan 226,58 ha torpaq sahəsinin icarəyə götürülməsi ilə əlaqədar yerquluşu sənədlərinin hazırlanması üçün cavabdehin hesabına 3197,16 manat pul köçürülmüşdür. Həmin sənədin 6 ay ərzində hazırlanıb iddiaçıya təqdim olunması barədə razılıq əldə olunmuşdur. Lakin cavabdeh tərəfindən göstərilən sənədlər hazırlanmamışdır. Buna görə də həmin məbləğin geri qaytarılması zəruridir. Həmin məbləğin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********16 saylı məktubda guya həmin planın hazırlanıb iddiaçıya verilməsi qeyd edilir. Həmin sənəd iddiaçıya təqdim olunmamışdır. Bu barədə heç bir təsdiqedici sənəd yoxdur və ola da bilməz. Həmçinin bu problemin məhkəmədən kənar həll olunması üçün cavabdehə mediasiya təklif göndərmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya prosesi üçün tələb olunan 61 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə iddiaçıya icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair rəy bildirilməsi və yerquruluşu planının hazırlanması məqsədilə keçmiş X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət olunmuşdur. Keçmiş X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması ilə bağlı Cavabdehnə müraciət daxil olumuşdur. Müraciət əsasında Mərkəzin əməkdaşları tərəfindən Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə icarəyə verilməsi nəzərdə tutulan əraziyə baxış keçirilərək müvafiq çöl ölçmə işləri aparılmış və çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq kameral şəraitdə baza məlumatları əsasında müvafiq araşdırmalar aparılaraq yerquruluşu planı hazırlanmışdır. Yerquruluşu planının hazırlanmasına çəkilən xərclərlə bağlı tərtib olunmuş smeta sənədləri Mərkəz tərəfindən təqdim edilmiş və smetaya uyğun xidmət haqqı ödənilmişdir. Ödəniş edildikdən sonra sözügedən torpaq sahəsinə dair yerquruluşu planı aidiyyəti üzrə göndərilmişdir. Mərkəzin təsərrüfat subyekti olmaqla görülən işlərdən, göstərilən xidmətlərdən maliyyələşdiyini, yerquruluşu planının hazırlanıb təhvil verildiyini, tərtib olunmuş smetaya və ödənilmiş xidmət haqqına uyğun üzərinə düşən işləri tam şəkildə yerinə yetirdiyini nəzərə alaraq ödənilmiş xidmət haqqının geri qaytarılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 qızı məhkəmə iclasında iddiaya etiraz edərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, yerquruluşu planı hazırlanıb aidiyyəti üzrə Salyan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Salyan Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 351 saylı rəydən görünür ki, iddiaçı, Salyan rayon İcra hakimiyyətinə müraciət edərək heyvandarlığın inkişafı məqsədilə rayonun dövlət fondu qış otlaq sahəsindən 234 hektar torpaq sahəsinin icarəyə ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Salyan rayon İcra hakimiyyətində baxılmış və ona Sarvan dövlət fondu qış otlaq sahəsindən müvafiq torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının təsərrüfatında 610 baş xırda buynuzlu heyvan vardır və o, ayrılacaq qış otlaq sahəsindən istifadə etməklə heyvandarlığı inkişaf etdirmək istəyir ki, bu da məhsul bolluğu yaratmaqla yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaqdır. Sarvan dövlət fondu qış otlaq sahəsindən 234 hektar torpaq sahəsinin ayrılma məqsədinə uyğun təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməklə iddiaçının icarəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən torpaq sahəsi üçün kadastr puluna görə cavabdehin hesabına 3197,16 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********16 saylı məktubdan görünür ki, X1 Təşkili üzrə Dövlət Agentliyinin müraciətinə əsasən yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir. Yerquruluşu planının hazırlanıb təhvil verildiyini nəzərə alaraq ödənilmiş xidmət haqqının geri qaytarılması mümkün deyildir. Məhkəmə sorğusuna əsasən Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-71/2-278/2023 saylı cavab məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 Cavabdeh tərəfindən vətəndaş İddiaçı icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planının Salyan rayon İcra Hakimiyyətinə təqdim edilməsi aşkarlanmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Salyan rayon İcra hakimiyyəti tərəfindən iddiaçının müraciəti nəzərə alınaraq, Sarvan dövlət fondu qış otlaq sahəsindən 234 hektar torpaq sahəsinin ayrılma məqsədinə uyğun təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməklə iddiaçının icarəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Torpaq sahəsinin ayrılması üçün yerquruluşu sənədlərinin hazırlanması ilə bağlı cavabdehə müraciət edilmiş, iddiaçı tərəfindən xidmətin dəyəri olan 3197,16 manat cavabdehin hesabına ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında yerquruluşu planının hazırlanması ilə bağlı şifahi formada müqavilə bağlanılmış və qeyd olunan müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına 3197,16 manat məbləğində ödəniş edilmişdir. İddiaçı yerquruluşu planının cavabdeh tərəfindən hazırlanıb təqdim edilmədiyini iddia edir, cavabdehin nümayəndəsi isə torpaq sahəsinə dair yerquruluşu planının hazırlanıb aidiyyəti üzrə Salyan Rayon İcra Hakimiyyətinə göndərildiyini bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaya qarşı etirazını əsaslandıran fakt kimi yerquruluşu planının hazırlanıb aidiyyəti üzrə göndərildiyinə istinad etdiyindən həmin faktı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Hətta, istinad etdiyi fakt, aidiyyəti üzrə göndərildiyi bildirilən Salyan Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli 5- 71/2-278/2023 saylı məktubla təkzib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yerquruluşu planı hazırlanmadığına görə həmin sənədin hazırlanmasına görə iddiaçı tərəfindən ödənilmiş xidmət haqqı cavabdehdən alınmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ödənilmiş 3197,16 manat pul məbləği və 61 manat mediasiya xərci, cəmi 3258,16 manat pul məbləği “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar