Məhkəmə qərarları › İş №e-2-2(113)-92/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-92/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-92/2023 03.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli, RQ-184 saylı müqavilə üzrə borcun, dövlət rüsumunun, mediasiya xərcinin tutulması, borcun ipoteka predmeti olan mənzillərə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış RQ-184 nömrəli, xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 3.496.862,68 manat, faiz borcu üzrə 450.506,74 manat, cərimə borcu üzrə 90.062,78 manat, ümumilikdə 4.037.432,20 manat məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15,68 manat dövlət rüsumu və 121,30 manat xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 2563,68 manat məbləğində dövlət rüsumunun və 3,85 manat bank xidmət haqqının və 200 manat mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh (əvvəlki "xxxx" LTD MMC) MMC-yə məxsus ünvan 1/əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisənin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış RQ-184 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə illik 12 faiz olmaqla, 36 ay müddətinə 3.800.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq bankla Cavabdeh MMC (əvvəlki "xxxx" LTD MMC) arasında ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020) ipotekaya qoyulması barədə xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bununla yanaşı, cavabdehlər, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 gündən çox müddətdə gecikdirmiş, nəticədə bankın kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borc alandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Nərimanov filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehlərin RQ-184 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka əsas borcu 3.496.862,68 manat, faiz borcu 450.506,74 manat, cərimə borcu 90.062,78 manat, ümumilikdə borcu 4.037.432,20 manat təşkil edir. Cavabdehlər kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamış, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmiş, ilkin mediasiyanın keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci tərəflər arasında müştərək olmaqla "xxxx" ASC tərəfindən 200 manat mediasiya xərci mediatorun hesabına ödənilmişdir. Nəticədə, bankın, yaranmış borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmış, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə xx.xx.2023-cü il tarixli sonuncu ərizə verərək, xx.xx.2020-ci il tarixli RQ-184 nömrəli kredit müqaviləsinin 36 ay müddətinə bağlanıldığını, bu səbəbdən müqavilə üzrə faiz və cərimə borcunun artdığını qeyd edərək, cavabdeh "S.Steel Company” MMC arasında bağlanmış RG-184 nömrəli, xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 3.496.862,68 manat, faiz borcu üzrə 753.568,14 manat, cərimə borcu üzrə 247.646,86 manat, ümumilikdə 4.498.077,68 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 136,98 manat dövlət rüsumu və xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 3.039,04 manat dövlət rüsumunun və 4,56 manat bank xidmət haqqının və 200 manat mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh (əvvəlki adı "xxxx" LTD MMC) MMC-yə məxsus ünvan 1/əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisənin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında iddia tələbini qismən qəbul etdiklərini, belə ki, borc məbləğinin əsas hissəsi ilə razı olduqlarıını, lakin faiz məbləğinin məhkəmə tərəfindən təkrar hesablanmasını, iddia tələbinin cərimə borcu hissəsində isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsindən görünür ki, (1.1-ci bəndi) borc verən borc alana 36 ay müddətində 3.800.000 manat məbləğində, kredit istifadəyə görə illik 12% ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən borc alanın bu müqavilə üzrə borc verən qarşısında öhdəliklərinin təminatı qismində RQ-184/İP-001 saylı sonrakı ipoteka müqaviləsi üzrə predmeti olan əmlak çıxış edir. 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. 3.4-cü bəndinə əsasən faizlərin son ödənişi kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir. 3.8-ci bəndinə əsasən kreditdən isifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan borc verənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında iliik faiz dərəcəsi ilə penya hesablana bilər. Müqavilə borc verənin və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 3.800.000 manat, faizin məbləği 713.026,68 manat, cəmi ödəniləcək məbləğ 4.513.026,68 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc verənin və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh MMC (ipoteka qoyan-borc alan) arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli RQ-184/İP-001 saylı sonrakı ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, bu müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsinə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka ilə yüklü edilməsi təşkil edir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka qoyanla ipoteka saxlayan arasında bağlanmış xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak ipoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, ipoteka saxlayana dəymiş zərər və bu müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir. 1.3-cü bəndinə əsasən ipotekanın predmeti, AR ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* №-li. **********0-12301 reyestr №-li, xx.xx.2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh MMC-nin (ipoteka qoyanın) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8692,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisədir. 1.6-cı bəndinə əsasən "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2020-ci il tarixli 1032/İBAR saylı rəyinə əsasən ipotekanın predmetinin bazar qiyməti 1.700.000 manat, likvid dəyəri isə 1.200.000 manat məbləğində müəyyən edilmişdir. 5.1-ci bəndinə əsasən qanunvericiliklə, kredit müqaviləsi və/və ya bu müqavilə ilə nəzərdə tutulmuş hallarda ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə uyğun yönəldilir. 5.2-ci bəndinə əsasən ipoteka saxlayanın məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəltmək hüququ vardır. 8.1-ci bəndinə əsasən bu müqavilə dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və kredit xətti müqaviləsi üzrə ipoteka saxlayan qarşısında öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə qalır. Müqavilə ipoteka qoyan-borc alan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən 0 ha, 7026,8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ "xxxx" ASC qarşısında 36 ay müddətinə xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə ipoteka ilə yüklü edilmişdir. Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınması üçün 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınması üçün 120 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bildirişin qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci tarixli məktubu ilə təsdiq edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 14 saylı əmlak kompleksi kimi müəssisəsinə dair tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. Cavabdeh MMC-nin xx.xx.2020-xx.xx.2022-ci il dövrləri əhatə edən ******************** nömrəli xx.xx.2022-ci il tarixli bank hesabından çıxarışdan görünür ki, mübahisəli kredit müqaviləsinə əsasən həmin hesaba xx.xx.2020-ci il tarixdə 206PVLL203640505 Əməliyyat Ref.nömrəsi üzrə 3.8000.000 manat məbləğində pul vəsaiti daxil olmuş, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla 206PVLL203640505 Əməliyyat Ref.nömrəsi üzrə müxtəlif vaxtlarda ödənişlər edilmişdir. -"xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanladığı məktubda qeyd edilmişdir ki, həyata keçirilmiş qiymətləndirmə işinə əsasə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 8692,4 kv.m olan) əmlak kompleksi kimi müəssisənin (emalatxana binasının) xx.xx.2020-cı il tarixə bazar dəyəri 1.700.000 manat, likvid dəyəri 1.200.000 manat təşkil edir. -"xxxx" MMC-nin 14 noyabr 2022-ci il tarixli, LP-162/2022 saylı qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin hazırki bazar qiyməti 3.550.000 manat, likvid qiyməti 3.300.000 manat təşkil edir. Eskpertiza tədqiqatının dəyəri isə 300 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 9/6668 saylı ekspert rəyindən görünür ki, borcalan Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas kredit borcu 3.496.862,42 manat, faiz borcu 560.324,74 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 145 manat təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sonuncu maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin 3.496.862,68 manat məbləğində əsas, 753.568,14 manat məbləğində faiz, 247.646,86 manat dəbbə pulu olmaqla, cəmi 4.498.077,68 manat məbləğində kredit borcunun, rüsum üzrə ödənilmiş cəmi 475,76 manat borcu vardır. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə 5 gün müddətində məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh MMC-yə 36 ay müddətinə illik 12% faiz ödəmək şərti ilə 3.800.000 manat məbləğində kredit verilməsini, cavabdeh isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə kredit verilsə də, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. İddianın kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə əsas borcunun 3.496.862,42 manat və faiz borcunun 560.324,74 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Müqavilə üzrə faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində xx.xx.2022-ci il tarixədək olan müddət üçün faiz borcları hesablandığı halda iddiaçı iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizəsində cavabdehdən xx.xx.2023-cü il tarixə olan 753.568,14 manat faiz borcunun tutulmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli RQ- 184 saylı müqavilə üzrə xx.xx.2022-ci ilədək olan dövr üçün hesablanmış 560.324,74 manat faiz borcu nəzərə alınmaqla, xx.xx.2023-cü ilədək olan dövr üçün 3.496.862,42 manat əsas borca hesablanmalı olan faiz borcu 755.765,82 manat (560.324,74 +195.441,07 (xx.xx.2022-xx.xx.2023-cü il, cəmi 170 gün üçün faiz, hesablanması qaydası - 3.496.862,42 manatx0,12 faiz /365 gün x 170 gün=195.441,07 manat) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq və işə irəli sürülmüş iddia tələbi həddində baxaraq hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh MMCdən xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə 3.496.862,42 manat məbləğində əsas və 753.568,14 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı iddiaçı "xxxx" ASC xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 247.646,86 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin kredit müqaviləsi ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilələrdə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq Cavabdeh MMC-dən tutulacaq dəbbə pulu xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə 150.000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı "xxxx" ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC (ipoteka saxlayan) və Cavabdeh MMC (ipoteka qoyan-borc alan) arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli RQ-184/İP-001 saylı sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli RQ-184 saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” AR Qanununun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, kredit müqaviləsindən irəli gələn tələb üzrə tutma Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh MMC-yə qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh MMC-dən tutulmalıdır. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin və likvid qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. -"xxxx" MMC tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, LP-162/2022 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin bazar qiyməti 3.550.000 manat, likvid qiyməti 3.300.000 manat olması müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də - "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və həmin qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (emalatxana binasının) xx.xx.2020-cı il tarixə bazar dəyəri 1.700.000 manat, likvid qiyməti 1.200.000 manat məbləğində müəyyən edilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İpoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı qeyd edilməlidir ki, əvvəla həmin rəyin verilməsindən 2 ildən artıq müddət keçmişdir. Digər tərəfdən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, qeyd edilən şirkət tərəfindən qiymətləndirmə ipoteka predmetinə baxış keçirilmədən texniki pasportda göstərilən sahələr və qeydlər əsasında aparılmış, eləcə də rəydə qiymətləndirən əmlakın emalatxana binasından ibarət olması qeyd edilmişdir. Bundan fərqli olaraq "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılarkən müəssisəyə baxış keçirilmiş və müəssisəyə daxil olan daşınmaz əmlakla yanaşı müəssisəyə daxil olan avadanlıqların da qiymətləndirilməsi aparılaraq dəyəri 1.276.529,6 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsinin şərtlərindən də göründüyü kimi müqavilədə ipoteka predmeti qismində cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (emalatxana binası) deyil, həmin ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə göstərilmişdir. Qanunvericilikdə əmlak kompeksi kimi müəssisənin anlayışı verilməsə də, hüquq nəzəriyyəsinə əsasən əmlak kompeksi dedikdə sistemə daxil olan, ümumi məqsədlər üçün istifadə olunan daşınmaz və daşınar əşyaların toplusu başa düşülür. Odur ki, hazırkı halda ipoteka müqaviləsinin predmetinə mübahisəli ünvanda yerləşən cavabdehə məxsus daşınmaz əmlakla yanaşı, müəssisəyə daxil olan və vahid məqsəd (hazırkı halda müəssisənin fəaliyyəti üçün) istifadə olunan, daşınar əşyalar, o cümlədən avadanlıqlar da daxildir. Belə olan halda məhkəmə ipoteka müqaviləsində ipoteka predmeti olaraq "xxxx" MMC-nin rəyində müəyyən edilmiş əmlak kompleksi kimi müəssisənin likvid dəyərinin (3.300.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 3.300.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 3.039,04 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 3.039,04 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Hazırkı halda iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumu 3.039,04 manat təşkil etdiyindən iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərclərindən əlavə 2.839,04 manat məbləğində dövlət rüsumu (cəmi 3.039,04 manat) ödənilməli idi. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 3.039,04 manat məbləğində dövlət rüsumunun 200 manat hissəsi iddiaçıya qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 120 manat məbləğində xidmət haqqı və dövlət rüsumu ödənilərkən 3,85 manat məbləğində bank xidməti haqqı ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 2639,04 manat və işə baxılması ilə əlaqədar olan digər məsrəflərin əvəzi olaraq 138,85 manat məbləğində pul vəsaiti tutularaq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, qalan xərclər iddiaçıya aid edilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 145 manat pul vəsaitinin 135 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən RQ-184 nömrəli, xx.xx.2020-ci il kredit müqaviləsi üzrə 3.496.862,42 manat əsas borc, 753.568,14 manat faiz borcu, 150.000 manat məbləğində dəbbə pulu, ümumilikdə 4.400.430,56 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 2639,04 manat, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 138,85 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC -yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 3.300.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına Cavabdeh MMC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh MMC-yə qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh MMC-dən ümumi qaydada tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 135 manat hissəsi cavabdehdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 200 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar