Məhkəmə qərarları › İş №e-2-2(113)-92/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-92/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-92/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh4 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Məhərrəmova (Fətəliyeva) Xuraman Hüseynalı qızından müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 003R********** saylı krеdit razılaşması üzrə 46.407.24 manat məbləğində krеdit bоrcu, 3.501.67 manat məbləğində faiz bоrcu və 1.327.25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51.236.16 manat məbləğində bоrcun, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilin açıq hərracdan satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Məhərrəmova (Fətəliyeva) Xuraman Hüseynalı qızından ümumi qaydada tutulması; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilinə Cavabdeh4, Məhərrəmova (Fətəliyeva) Xuraman Hüseynalı qızı, Cavabdeh3, Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 003L**********69 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əllimin) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 3592.76 manat ödəmiş, onun 46407.24 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023cü il tarixə 148 gün üçün hesablanmış faiz borcu 3501.67 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilib) əsasında Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 borcu ödəyəcəyini və ipoteka predmetinin qiyməti ilə razı olmadığını bildirdi.

5. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, digər cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, digər cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-92/2024 saylı qərardadı ilə iddianın “əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması” hissəsində icraata xitam verilmişdir.

12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli 003L**********69 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 120 (yüz iyirmi) ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır.

13. "xxxx" QSC ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşması imzalanmış və həmin müqavilə əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 (əlli min) manat məbləğində krеdit götürmüşdür.

14. "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 003S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır.

15. Daha sonra, Bank ilə Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh4 ilə Bank arasında xx.xx.2021-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzili "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir

16. Kredit müqavilələri, zaminlik müqaviləsi və ipoteka müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur.

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

20. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

21. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

22. İş materiallarına ilkin olaraq əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşmasına əsasən xx.xx.2023-cü il tarixə 46.407,24 manat əsas borc, 3.501,67 manat faiz borcu, 1.327,25 manat cərimə borcu olmaqla, cəmi 51.236,16 manat kredit borcu vardır.

23. İş materiallarına sonradan əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə 39.607.24 manat əsas, 8.432,61 manat faiz, 4.598,09 manat cərimə borcu olmaqla, cəmi 52.637,94 manat borcu vardır.

24. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 kredit məbləğinin verildiyini, maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini, iddianı əsas, faiz, cərimə borcu hissəsində qəbul etdiyini, əsas borcdan 6.800 manat ödəniş etdiyini, lakin ipoteka predmeti olan əmlakın satılmasına razı olmadığını bildirmişdir.

25. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Belə ki, bankla Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh4 verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

27. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi hissəsində qismən, faiz borcu üzrə tam əsaslıdır və əsas borc üzrə 39.607.24 manat, faiz borcu üzrə 3.501,67 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməlidir.

28. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 1.327,25 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

31. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

32. İşdə olan Cavabdeh4 ilə Bank arasında xx.xx.2021-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzil təşkil edir (2.1-ci bənd).

33. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 112.000 manat təşkil edir.

34. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və ya daha çox gecikdirildikdə və ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayana tələbini irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan əmlaka tutma yönətmək hüququna malikdir.

35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindənxx.xx.2021-ci il tarixində qeydiyyata alınmış ********* qeydiyyat nömrəli çıxarışla Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzil Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2647/2023 saylı qərardadı ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.

37. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 92/2024 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

38. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilin likvid dəyəri 210.000 manat, bazar dəyəri 225.000 manat müəyyən edilmişdir.

39. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 210.000 (iki yüz on min) manat müəyyən edilməlidir.

40. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilə ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

41. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 12 saylı Mediasiya təşkilatına ödənmişdir.

42. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul “Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməllidir.

43. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat, xidmət haqqı olaraq 30 manat məbləğində dövlət rüsumu ödənmişdir.

44. Ona görə də, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 xidmət haqqı Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

45. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

46. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 39.607 (otuz doqquz min altı yüz yeddi) manat, 24 (iyirmi dörd) qəpik, faiz borcu üzrə 3.501 (üç min beş yüz bir) manat, 67 (altmış yeddi) qəpik, cərimə borcu üzrə 1.327 (bir min üç yüz iyirmi yeddi) manat, 25 (iyirmi beş) qəpik olmaqla, cəmi 44.436 (qırx dörd min dörd yüz otuz altı) manat, 16 (on altı) qəpik məbləğində pul Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, məhəllə 2316-da istifadədə olan 0.26 ha torpaq sahəsində yerləşən 1b nömrəli, 10 mərtəbəli binada 105.3 kv.m ümumi, 70.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 166 nömrəli mənzilə ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz manat) xidmət haqqı Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar