Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-922/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən X4 məxsus ünvan 1 ünvanda yerləşən mənzillə bağlı 16 aprel 2021- ci il tarixdə və 06 may 2021- ci il tarixdə keçirilmiş hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 tərəfindən "xxxx" ASC-yə qarşı onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilinin ipoteka yüklülüyündən azad edilməsi, ipotekaya xitam verilməsi və həmin mənzil üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müracət edilmiş və iddia ərizəsi icraata qəbul edilmiş, sonradan "xxxx" ASC-nin vəsatəti əsasında məhkəmə tərəfindən İddiaçı QSC də cavabdeh qismində işə cəlb edilmişdir. Həmin iddia ərizəsində qaldırılan məsələ İddiaçı QSC-nin qanunla qorunan mənafeyinə toxunduğundan və hərrac təşkilatı tərəfindən keçirilmiş hərracdan İddiaçı QSC məlumatsız olduğundan, həmin hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırılmasına zərurət yaranmışdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017- ci il tarixli 101s saylı Sərəncamının icrası icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin X4 qarşı 7586,42 manat əsas borc, 3900,0 manat faiz borcu olmaqla, cəmi 11486,42 (on bir min dörd yüz səksən altı manat qırx iki qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-GEK-123 saylı satın alma ilə bağlı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddiaçı QSC-yə təhvil verilmiş sənədlərdən göründüyü kimi "xxxx" ASC-nin Göyçay filialı ilə X6 arasında bağlanmış xx.xx.2011- ci il tarixli 719 saylı kredit müqaviləsinə əsasən Mirzağa Tarverdipura 24 ay müddətinə illik 18 %-lə 10000,0 (on min ) manat kredit verilmişdir. Həmin kreditin təminatı olaraq X4 məxsus ünvan 2 ünvanda yerləşən mənzil Mirzağa Tarverdipurla bağlanmış xx.xx.2011- ci il tarixli 22 saylı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərinə X6 tərəfindən əməl olunmamış, son nəticədə "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli 2(046)-444/2015 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən, yəni X2 cəmi 11487,0 manat borcun tutulması, X4 məxsus ünvan 2 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 16.000 manat müəyyən edilməsi, həmin mənzilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan artıq qalan vəsaitin X4 qaytarılması, mənzil satıldıqdan sonra cavabdehlərin həmin mənzildən çıxarılması hissəsində təmin olunması, iddianın qalan hissədə isə təmin olunmaması qət edilmişdir. 2019- cu ildə X6 və ailə üzvləri Göyçay rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli 2(107)- 1/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən, ipoteka qoyulmuş X4 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 16.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin əmlakın dəyərinin 38.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Qeyd olunmalıdır ki, Şəki Apellyasiya Məhkəməsində mülki iş üzrə şikayətə baxılarkən, "xxxx" ASC-nin nümayəndəsinin vəsatət verərək borc üzrə tələb hüququnun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına güzəşt edildiyini və İddiaçı QSC-nin iddiaçı tərəfi əvəz edən şəxs qismində prosesə cəlb olunması xahiş edilmiş və məhkəmə tərəfindən həmin vəsatət təmin olunaraq İddiaçı QSC-nin nümayəndəsi iddiaçının nümayəndəsi qismində həmin prosesdə iştirak etmişdir. Məhkəməyə təqdim olunan sənədlərdən göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı ipoteka qoyulmuş X4 məxsus ünvan 1 ünvanda yerləşən mənzil Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021- ci tarixli sifariş məktubu əsasında ilkin satış dəyəri 38.000 manat olmaqla Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi hərrac təşkilatı tərəfindən keçirilmiş həmin hərraclarda tələbkar qismində İddiaçı QSC deyil,"xxxx" ASC göstərilmişdir. İddiaçı QSC tələbkar olaraq həmin hərracların keçirilməsindən məlumatsız olmuşdur. Keçirilmiş hərraclarla bağlı İddiaçı QSC-yə hər hansı bir bildiriş göndərilməmiş, bütün sənədlərdə "xxxx" ASC göstərilmişdir. Hərrac təşkilatının ipoteka əmlakının əldə edilməsinə dair xx.xx.2021-ci il tarixli təklif məktubu da tələbkar olaraq İddiaçı QSC-yə deyil,"xxxx" ASC-yə ünvanlanmışdır. Qeyd olunmalıdır ki, borc üzrə tələb hüququ 2017-ci ildə İddiaçı QSC-yə ötürüldüyü üçün ipoteka ilə bağlı tələb hüququ da İddiaçı QSC-yə keçmişdir. Bütün bunlardan göründüyü kimi İddiaçı QSC tələbkar olaraq yuxarıda qeyd olunan qətnamənin icrası ilə bağlı keçirilmiş hərraclarda iştirakı təmin olunmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh və İİİ şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh və İİİ şəxslər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
9. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İş materiallarından görünür ki, Göyçay rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(046)-444/2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 15 sentyabr 2011-ci il tarixli, 719 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 7587 manat məbləğində əsas kredit borcu, 3400 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 11487 manat, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 24,70 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASCnin nxeyrinə ödənilməsi, ipoteka predmeti olan, cavabdeh X4 məxsus ünvan 2 ünvanda yerləşən, mülkiyyətindən olan 29,6 kv.m yaşayış, 11. Kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmeti olan, cavabdeh X4 məxsus ünvan 2 ünvanda yerləşən, mülkiyyətindən olan 29,6 kv.m yaşayış, 11. Kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin 16.000 manat müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdeh X3 iddiaçı "xxxx" ASC-yə 11487 manat, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan pul vəsaitindən iddiaçının tələbini ödənildikdən sonar qalan vəsaitin cavabdeh X4 verilməsi, Göyçay şəhəri, Əli Kərim küçəsiev 2/3, 29,6 kv.m yaşayış, 11.3 Kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı 10-cu mənzil açıq hərracdan satıldıqdan və ya iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin həmin mənzildən çıxarılması, tələbin qalan hissədə təmin olunmaması qət edilmişdir.
11. Şəki Apellayiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-1/2019 saylı qətnaməsi ilə Göyçay rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(046)-444/2015-ci il tarixli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan, cavabdeh X4 məxsus ünvan 2 ünvanda yerləşən, mülkiyyətindən olan 29,6 kv.m yaşayış, 11. Kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin 38.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-1/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, 21 aprel 2017-ci il tarixli müqaviləni nəzərə alaraq, iddiaçı "xxxx" ASC-nin BOKT İddiaçı QSC ilə əvəz olunmasını və mülki işə iddiaçı qismində BOKT İddiaçı QSC-nin cəlb edilməsini xahiş etmiş, məhkəmə kollegiyası BOKT İddiaçı QSC-ni iddiaçı qismində işə cəlb etmişdir.
13. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Samir Babayev tərəfindən Şəki Apellayiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-1/2019 saylı icra vərəqəsinə əsasən icraata başlamaq haqqında Qərar qəbul edilmiş, bu barədə tərəflərə (tələbkar kimi "xxxx" ASC qeyd olunmuşdur) xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir.
14. Daha sonra Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən cavabdeh X4 məxsus ünvan 2 ünvanda yerləşən, mülkiyyətindən olan 29,6 kv.m yaşayış, 11. Kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilin açıq hərraca çıxarılaraq satılıması üçün sifariş və ona əlavə edilmiş sənədlərin "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubun surəti tələbkar kimi yenə "xxxx" ASC-yə göndərilmişdir.
15. Hərrac təşkilatının xx.xx.2024-cü il tarixli hərrac bildirişində, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsinə dair 01 və 02 saylı bildirişlərində də tələbkar kimi "xxxx" ASC göstərilmişdir.
16. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddianın əksini sübut edə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir.
17. Qeyd olunanlara əsasən məhkəmə bildirir ki, Şəki Apellayiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-1/2019 saylı qətnaməsinin icrası zamanı iddiaçı "xxxx" ASC-nin BOKT İddiaçı QSC ilə əvəz olunması nəzərə alınmamış və “İpoteka haqqında” Qanunun tələbləri pozulmuşdur.
18. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-1/2019 saylı qətnaməsinin icrası zamanı hərracın keçirilməsi ilə bağlı qanunun tələbləri pozulduğundan, yəni ipoteka saxlayan kimi BOKT İddiaçı QSC-yə məlumat verilmədiyindən, iddia təmin edilməli, Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən X4 məxsus ünvan 1 ünvanda yerləşən mənzillə bağlı 16 aprel 2021- ci il tarixdə və 06 may 2021- ci il tarixdə keçirilmiş hərraclar etibarsız hesab edilməldir.
19. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən X4 məxsus ünvan 1 ünvanda yerləşən mənzillə bağlı 16 aprel 2021-ci il tarixdə və 06 may 2021ci il tarixdə keçirilmiş hərraclar etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov