Məhkəmə qərarları › İş №e-2-2(113)-9226/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9226/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9226/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, dəbbə pulu) Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ.İşin halları

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya müqavilədən irəli gələn öhdəliklərə əsasən cavabdeh-"xxxx" MMC barəsində müqavilə əsasında əmələ gələn 5.662,82 AZN məbləğin, ödənişin gecikdirilməsi ilə bağlı 15.344 AZN məbləğində dəbbbə pulunun, ümumilikdə isə 21.006.82 AZN məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 2904/24 №-li Laborator xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı tərəfindən cavabdehə laborator xidmətlər göstərilmiş, bu xidmətlərə görə xx.xx.2024-cü il tarixli EBEC seriyalı, 897748 №-li elektron qaimə-faktura təqdim edilmişdir. Qaiməyə əsasən göstərilən xidmətlərin ümumi dəyəri 8.161,82 (səkkiz min yüz altmış bir manat səksən iki qəpik) manat olmuş, cavabdeh tərəfindən yalnız 2.500 (iki min beş yüz) manat ödənilmişdir. Beləliklə, cavabdehin 5.662,82 (beş min altı yüz altmış iki manat səksən iki qəpik) məbləğində əsas borcu yaranmışdır. Müqavilənin 4.7-ci bəndinə əsasən, sifarişçi ödənişləri müəyyən olunmuş müddətdə yerinə yetirmədikdə, hər gecikmiş gün üçün xidmət dəyərinin 0,5%-i həcmində dəbbə pulu (penya) ödəməlidir. Cavabdeh öhdəliyini bu günədək yerinə yetirmədiyindən, xx.xx.2024 tarixindən indiyədək hesablanmış dəbbə pulu 15.344 (on beş min üç yüz qırx dörd) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarına əsasən cavabdehin bu müqaviləyə qismən ödəniş etməsi, bu müqaviləni qəbul etməsi deməkdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1, 443.1, 443.5, 462.1-ci maddələrinə istinad olunmuşdur.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.Bundan əlavə bildirmişdir ki, elektron qaimə üzrə cavabdeh tərəfindən ödəniş edilmiş və cavabdeh yalnız iddianı cərimə hissəsində mübahisələndirir. Əvvəlki məhkəmə iclasında isə cavabdehin etirazına münasibətdə cərimə məbləği ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

5. Cavabdeh elektron məhkəmə informasiya sisteminə əlavə etdiyi yazılı etirazda göstərmişdir ki, iddiaçı “X1” MMC-nin nümayəndəsi və vəkili Vəkil Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı və cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, 2904/24 saylı Laborator xidmət müqaviləsindən irəli gələn öhdəliklərə əsasən, cavabdeh "xxxx" MMC barəsində müqavilə əsasında əmələ gələn 5662 manat 82 qəpik məbləğin, ödənişin gecikdirilməsi ilə bağlı 15344 manat məbləğində dəbbə pulunun, ümumilikdə isə 21006 manat 82 qəpik məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin aydındır ki, müqavilə üzrə ödənilməmiş 5662 manat 82 qəpiklə 15344 manat məbləğində hesablanmış dəbbə pulu bir-birlərinə qeyri-mütənasibdir və proporsional məbləğlər hesab edilmirlər. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyin müvafiq normalarının mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla dəbbə pulu azaldıla bilər. Azərbayacan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əsasən, Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli Plenum Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır. Bununla yanaşı, dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Konstitusiyada təsbit olunmuş quruluşunun, idarəetmə üsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir. Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-419/2024 saylı Plenum Qərarına əsasən, Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən iddiaçı “X1” MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən qeyd edilmiş, ödəniş gecikdirilməsi ilə bağlı 15344 manat məbləğində dəbbə pulunun tutulmasına dair hissədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəməyə gəlməməyinin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə MPM-nin 185-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİ.Tədqiq olunan sübutlar

7. İş materiallarında olan: İddiaçı MMC (icraçı) ilə "xxxx" MMC (Sifarişçi) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 2904/24 №-li Laborator Xidmət Müqaviləsinin predmetindən görünür ki, “Sifarişçi” laborator xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı" “Sifarişçi”nin müəyyən etdiyi qaydada laborator xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan Xidmətlərin göstərilməsinə dair hesabfakturada qeyd edilir. Müqaviləin 2.1, 2.2 və 2.5-ci bəndinə əsasən Xidmətin göstərilməsi yalnız “Sifarişçi”nin məsul şəxsi tərəfindən verilmiş sifariş üzrə həyata keçirilir. Belə sifariş olmadıqda “Sifarişçi”nin ayrı-ayrı əməkdaşları tərəfindən edilən müraciətlər əsasında xidmət göstərilməyəcək. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi" tərəfindən elektron poçt vasitəsilə əvvəlcədən verilməlidir. “İcraçı”nın yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi" tərəfindən təhvil alınır. Müqavilənin 4.1-4.7-ci bəndinə əsasən Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı hesab-fakturada qeyd edilir. Hazırki müqavilə üzrə hesablaşmalar köçürmə yolu ilə həyata keçirilir. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq. Qiymətlərə ƏDV daxıl deyil. Qiymət cədvəli müqavilənin əlavələri ilə müəyyən edilir. “İcraçı” 1 ay öncədən “Sıfarişçi'ni məlumatlandıraraq razılığ əldə olunduğu halda qiymət dəyişikliyi apara bilər. “İcraçı” hər ayın sonunda aylıq göstərilmiş xidmətlərin siyahısını “Sıfarişçi”yə elektron poçtla göndərir. “Sifarişçi” isə həmin siyahını (işlərin tam icra olunma aktını) 5 (beş) gün ərzində elektron poçt vasitəsilə təsdiq edir Əgər təsdiq üçün “İcraçı”ya məlumat verilməzsə, işlərin icra olunma aktı təsdiq olunmuş hesab olunur. Ödənişlər “İcraçı” tərəfindən işlərin icra olunma aktına əsasən tərtib olunmuş və təsdiqlənmiş hesab- faktura əsasında , “Sifarişçi” tərəfindən hesabfakturanın qəbul edildiyi gündən sonrakı 10 (on) gün ərzində yerinə yetirilməlidir. Əks təqdirdə nümunələrin qəbulu dayandırılacaqdır “Sifarişçi” ödnəşlərı müqavilənin 4.6-cı bəndində göstərən müddət ərzində tam şəkildə yerinə yetirmədikdə gecikdirilən hər gün üçün xidmətin dəyərinin 0 5% miqdarında cərimə ödəməlidir.

8. EBEC seriyalı, 897748 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 8161,82 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

9. 13 iyun və 17 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığlarından görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən EBEC seriyalı, 897748 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən iddiaçıya ümumilikdə 2500 manat ödəniş olunmuşdur.

10. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə göndərilmiş pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli 2904/24 №-li Xidmət Müqaviləsinə əsasən hesablanmış ümumilikdə 21006,82 manat təşkil edən borc məbləğinin pretenziyanın cavabdehə çatdırıldığı tarixdən 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

11. 05.11.2025-ci il tarixli **********94 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 153,02 manat dövlət rüsumu ödənilmişdir.

İİİ.Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

19. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Maddə 463. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

26. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Məhkəmə baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

36. Məhkəmənin mövqeyi

37. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik münasibətlər mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər.

38. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2024-cü il tarixli 2904/24 nömrəli laborator xidmət müqaviləsinə əsasən cavabdeh laborator xidmətlərinin göstərilməsini sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı cavabdehin müəyyən etdiyi qaydada laborator xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öz öhdəsinə götürür.

39. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş, qaydada 8161,82 manat dəyərində laborator xidməti göstərsə də (sonradan 2500 manat ödənilib), cavabdeh tərəfindən xidmət haqqının qalan 5.662,82 manat hissəsi iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş 5.662,82 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (müqavilə, elektron qaimə) da təsdiq olunur. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır.

40. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehə laborator xidmətinin göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 5.662,82 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 5.662,82 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

41. Bununla yanaşı iddiaçı tələbində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 15344 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

42. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır.

43. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 283 manat məbləğində müəyyən olunmalıdır.

44. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli Plenum Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır. Bununla yanaşı, dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Konstitusiyada təsbit olunmuş quruluşunun, idarəetmə üsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir. Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür.

45. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq o qənaətə gəlir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 153,02 manat dövlət rüsumunun 43 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:

46. Beləlikə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 2904/24 №-li Laborator Xidmət Müqaviləsi üzrə cavabdehdən əsas borca görə 5.662,82 manat, cərimə borcuna görə 283 manat olmaqla, cəmi 5945,82 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas borca görə 5.662,82 manat, cərimə borcuna görə 283 manat olmaqla, cəmi 5945,82 (beş min doqquz yüz qırx beş manat, səksən iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar