Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9237/2025 03.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli, 847 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə üzrə 1493 manat və ona hesablanmış 268,74 manat ƏDV borcunun, 500 manat cərimənin; hüquqi yardım üçün vəkilə ödənilən 700 manat pulun və 53 manat dövlət rüsumunun (43 manat iddia tələbi və 10 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında01 noyabr 2022-ci il tarixli, 847 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. (Həmin əlavələr iddia ərizəsinə əlavə olunur.) Müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. (Həmin təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunur.) Cavabdeh isə bu müqavilə üzrə öhdəlikləri tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda həmin müqavilə üzrə 1493 manat və ona hesablanmış 268,74 manat ƏDV borcu yaranmışdır. Bundan başqa, Müqavilənin 5.3-cü maddəsinə əsasənicarəçi İcarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə və ödənişi 30 gündən artıq müddətə gecikdirdiyi halda, İcarəçi gecikmənin 31-cı günündən başlayaraq (31-cı gün daxil olmaqla) hər gecikdirilmiş gün üçün İcarə haqqının 0,5% miqdarında İcarəyə verənə cərimə ödəyir. Müqavilənin həmin bəndinə əsasən icarəçinin bizə xeyli miqdarda cərimə borcu yaranmışdır. Lakin, biz həmin cərimə borcundan hazırda cəmi 500 manat tələb edirik. Qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkilmişdir. Həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar və dövlət rüsumuna ödənilən pullar aiddir. Həmin xərclər də cavabdehdən tutulmalıdır. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi və əmlakların geri qaytarılması tələb olunması əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olduq.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında dəbbə pulunun ödənilməsi ilə bağlı yazılı razılaşma yoxdur. İddia ərizəsində yanlışlığa yol verilmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 847 saylı icarə müqaviləsinə görə icarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 5.3-cü bəndinə əsasən icarəçi icarə haqqını bu müqavilə ilə əlaqədar icarəyə verənin işçilərinə, nümayəndələrinə, vəzifələri və ya səlahiyyətli şəxslərinə hər hansı hərəkət və ya hərəkətsizlik etmələri məqsədi müəyyən bəxşiş, hədiyyə və ya pul vəsaiti verərsə və ya təklif edərsə, icarəyə verən müqavilənin icrasından birtərəfli qaydada imtina edə və icarəçidən icarə haqqının on qat məbləğini tələb edə bilər.
9. Müqavilənin 8.3-cü bəndinə əsasən mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə fiziki şəxslərlə bağlı işlərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, hüquqi şəxslərlə bağlı işlərdə Bakı Kommersiya Məhkəməsində həll olunur.
10. Müqavilənin xx.xx.2022-ci il tarixli 1 saylı Əlavəsində icarə haqqının məbləğləri razılaşdırılmışdır.
11. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 1 nömrəli xx.xx.2022-ci il tarixli, 847 nömrəli icarə müqaviləsinə uyğun olaraq malların təhviltəslimi haqqında akta əsasən 4 ədəd X1 3m x 2m, 8 ədəd payanda 1 m avadanlıq heç bir qüsur və çatışmazlıq olmadan cavabdehə icarəyə verilmişdir.
12. Tərəflər arasında imzalanmış PR2791-2306M saylı hesabata əsasən xx.xx.2023xx.xx.2023-cü il üzrə 1493 manat əsas, 268,74 ədv olmaqla cəmi 1761,74 manat dəyərində xidmətlər tam vəziyyətdə yerinə yetirilmişdir.
13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
16. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 847 nömrəli icarə müqaviləsi bağlanmış, iddiaçıya məxsus əmlak cavabdehin sahiblik və istifadəsinə verilsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, 1493 manat əsas borc, 268,74 manat ƏDV borcu ödənilməmişdir. İddiaçı hazırda yaranmış icarə haqqı üzrə əsas və ədv borcunu cavabdehdən tələb etməklə haqlıdır.
18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 1493 manat əsas borc, 268,74 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir.
19. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 500 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
20. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
21. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
22. Lakin iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında imzalanmış dəbbə pulu haqqında yazılı razılaşma təqdim olunmamış, belə bir razılaşmanın olmaması müəyyən edilmişdir.
23. Odur ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı öhdəliyin icra edilməməsi ilə bağlı dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1493 manat əsas borc, 268,74 manat ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Bundan başqa iddia ərizəsində 700 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 300 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 400 manat xərc iddiaçının özünə aid edilməlidir.
26. Belə ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Vəkil hesabına ümumilikdə 700 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 37,62 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu, 10 manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5,38 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1493 manat əsas borc, 268,74 manat ƏDV, 300 manat hüquqi yardıma görə xərc, 47,62 manat dövlət rüsumu, ümumilikdə 2109,36 (iki min bir yüz doqquz manat otuz altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən çəkilmiş qalan məhkəmə xərcləri (5,38 manat dövlət rüsumu və 400 manat hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova