Məhkəmə qərarları › İş №e-2-2(113)-9250/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9250/2024

20.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9250/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehə çatdırılmamışdır. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NOY/001/2022 saylı müqavilənin 6.2-ci və 6.3-cü bəndlərinin tələblərinə əməl edilməmişdir. Müqavilənin 6.2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin yarandığı andan 30 gün ərzində danışıqlar yolu ilə razılıq əldə olunmadığı təqdirdə, qarşılıqlı məqbul qərarın qəbul olunması məqsədilə hər bir tərəfin tələbi ilə hər tərəfdən bərabər saylı nümayəndələrdən ibarət, lakin 2 nəfərdən az olmamaq şərtilə, tələb daxil olunandan 15 gün ərzində iki tərəfli komissiya yaradıla bilər. Komissiyanın hər üzvü bir səsə malik olacaq. Mübahisə üzrə komissiyanın qərarı sadə səs çoxluğu ilə qəbul olunur və tərəflər üçün məcburidir. Elektron qaydada göndərilmiş sənədlərdən görünür ki, müqavilə ilə müəyyən olunan həmin qaydaya riayət olunmamışdır. Belə ki, pretenziya məktubu xx.xx.2024-cü il tarixdə cavabdehə poçtla göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə iddia ərizəsi elektron imza ilə imzalanaraq məhkəməyə göndərilmişdir. Beləliklə, iddiaçı mübahisənin pretenziya qaydasında nizama salınmasına dair müqavilədə göstərilmiş 30 günlük müddəti gözləməyərək, məhkəməyə müraciət etmişdir. Həmçinin, müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir ki, ikitərəfli komissiya fəaliyyətə başladığı andan 15 gün ərzində qarşılıqlı məqbul qərar qəbul edə bilmədiyi təqdirdə və ya komissiyanın yaradılması barədə tələb daxil olduğu andan 15 gün ərzində komissiya yaradıla bilinmədiyi halda, mübahisə və ya fikir ayrılığı həll olunmaq üçün Azərbaycan Respublikasının aidiyyəti yurisdiksiyalı məhkəməsinə təqdim olunacaq. Qedy edilənlərlə bağlı iddiaçı tərəfindən iddia ərizəsinə hər hansı bir sənəd təqdim edilməmiş, müqavilə ilə müəyyən olunan həmin qaydaya riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4-cü maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar