Məhkəmə qərarları › İş №e-2-2(113)-93/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-93/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-93/2021 27.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı (bundan sonra “Tac” Kredit İttifaqı) Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 4.374,95 manat məbləğində olan əsas borc, 1.027,89 manat məbləğində faiz borcu, 2.974,32 manat məbləğində cərimə olmaqla, cəmi 8.377,16 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Tac” Kredit İttifaqı ilə Cavabdeh (VÖEN **********) arasında 90/SKMF69 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 manat krediti SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə verir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan “Tac” Kİ qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kredit alanın cari hesab hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənilməlidir. Lakin borclu bugünədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən “Tac” Kİ tarif cədvəlinə uyğun olaraq kredit alan kreditverənə kreditin təhsis edilməsinə, müvafiq hesabların açılmasına və verilən kreditin nağd çıxarılmasına görə müvafiq komisyon haqqı ödəyir. Kredit alan kredit üzrə hesablanmış faiz borcunu kredit müddəti bitənədək hər ay öz öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6% faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş 03.08.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 4374,95 manat, faiz borcu 1027,89 manat, cərimə 2974,32 manat olmaqla cəmi 8377,16 manat borcu vardır. Bakı Kommersiya Məhkəməsinin 02 mart 2020-ci il tarixli qərardadı ilə iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının qanuni təmsilçisi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh 4.374,95 manat məbləğində əsas borc, 1.159,26 manat məbləğində faiz borcu, 3.237,06 manat cərimə, cəmi 8.771,27 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və faiz və dəbbə pulu borcunun yüksək olmasını, onun maddi vəziyyətinin ağır olmasını əsas göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: 23 may 2014-cü il tarixli, 90 SKMF/69 saylı “Tac” Kredit İttifaqı (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alana həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit alan həmin müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.3-cü bəndinə görə kredit 23 may 2014-cü il tarixdən 23 may 2017-ci ilə qədər olan müddətə verilmişdir. 6.1-ci bəndinə görə həmin müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 23 may 2014-cü il tarixli, 424 saylı kassa məxaric orderi ilə müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqından 5.000 manat məbləğində vəsaiti almışdır. Ödəniş cədvəlindən görünür ki, 23 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kredit məbləği və həmin məbləğə müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faizlər müqavilənin bağlandığı vaxtdan 12 ay ərzində hər ay 25 manat, növbəti 24 ay ərzində isə hər ay azalan həcmdə ödəniş edilməklə Cavabdeh tərəfindən “Tac” Kredit İttifaqına qaytarılmalı idi. 01 fevral 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, “Tac” Kredit İttifaqı ilə bağladığı 23 may 2014-cü il tarixli, 90/SKMF-69 saylı kredit müqaviləsi üzrə tələb qaldırılan günə əsas kredit borcu 4.374,95 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə faiz borcu 459,27 manat, cərimə 3.237,06 manat, borc üzrə tələbin məbləği cəmi 8.771,27 manat təşkil edir. “Tac” Kredit İttifaqı tərəfindən Cavabdeh ünvanlanmış 13 fevral 2017-ci il tarixli bildirişdən görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcunun bir ay ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş güzəştli kreditin qaytarılması üçün prokurorluğa və məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Tac” Kredit İttifaqı ilə Cavabdeh arasında 23 may 2014-cü il tarixdə 90 SKMF-69 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı “Tac” Kredit İttifaqı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 4.374,95 manat məbləğində əsasborcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh 23 may 2014-cü il tarixli, 90 SKMF-69 saylı kredit müqaviləsi üzrə “Tac” Kredit İttifaqı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin kredit ittifaqına borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı “Tac” Kredit İttifaqı kredit müqaviləsi üzrə yaranmış əsas borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddiaçının faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli kredit müqaviləsinin müddəti 23.05.2017-ci ildə bitdiyi halda iddiaçı tələbin qaldırıldığı tarixə, yəni 07.02.2020-ci il tarixə hesablanmış 1159,26 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun yalnız kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən müqavilə müddətinin bitdiyi tarixə hesablanmış 459,27 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4.374,95 manat məbləğində əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 3.237,06 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 4.374,95 manat məbləğində əsas borc, 459,27 manat məbləğində faiz borcu, 100 manat dəbbə pulu, cəmi 4.934,22 manat məbləğində borc tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.374,95 (dörd min üç yüz yetmiş dörd manat doxsan beş qəpik) məbləğində əsas borc, 459,27 (dörd yüz əlli doqquz manat iyirmi yeddi qəpik) məbləğində faiz borcu, 100 (yüz) manat dəbbə pulu, cəmi 4.934,22 manat (dörd min doqquz yüz otuz dörd manat iyirmi iki qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar