Məhkəmə qərarları › İş №e-2-2(113)-93/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-93/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-93/2024 25.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12945,7 manat əsas borc, 1184,05 manat faiz borcu, 68,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14198,47 manat borcun və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli 11-MZ2-1-0-2684-19 saylı Kredit müqaviləsinə 1 Saylı Əlavə sazişə əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavə Sazişə əsasən borc məbləği kapitallaşdırılmaqla 29349.82 manat məbləğində müəyyənləşdirilmişdir. 2023-cü il fevralın 13-dək Cavabdeh3 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12945.7 manat əsas borcu, 1184.05 AZN faiz borcu, 274.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14404.61 manat borcu vardır. Cavabdeh3 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 274,86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 68.72 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6945,7 manat əsas, 2749,97 manat faiz borcu və 1926,13 manat cərimə borcu olmaqla, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28.1 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə cəmi 11649,9 manat borcun və 200 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, 21 noyabr 2019-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 25%-lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Hazırda müqavilənin müddəti bitdiyinə, faiz borcunun hesablanması davam etdiyinə, həmçinin Cavabdeh3 tərəfindən ödənişlər edildiyinə görə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən xx.xx.2019-cu ii tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək hesablanmış 6945.7 manat əsas, 2749.97 manat faiz borcu və 1926.13 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019cu il tarixil kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28.1 manat əldən çıxmış fayda borcu olmaqla ümumilikdə cəmi 11649.9 manat borc tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın və dəqiqləşmə ərizəsinin məzmununa uyğun çıxış edrək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş ekspertizada olduğu müddətdə cavabdeh tərəfindən əlavə olaraq 200 manat ödəniş olunmuşdur. Həmin ödəniş sonuncu dəfə təqdim olunan maliyyə arayışında və hesabdan çıxarışda öz əksini tapır. Və cavabdehin son ödənişləri müştərinin vəziyyətini yaxşılaşdırmaq üçün bank tərəfindən əsas borcdan çıxıldığını və buna görə də iddia tələblərində göstərilən əsas borc məbləği ekspert rəyində göstərilən məbləğdən daha az olduğunu bildirdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, bütün dünyada pandemiya oldu, bank müştərilərinə güzəşt olunmalı idi, lakin iddiaçı Bank tərəfindən ona hansı güzəştin olunduğunu anlaya bilmir. Onun Banka borcu 6200-6400 manat məbləğində borcu qalıb. Ekspert əsas borcu 8000 manat nəyə görə göstərib anlamır. Hesab edir ki, bankın tələb etdiyi faiz borcu iş məhkəməyə gəldiyi üçün silinməlidir. 30.000 manat qarşılığında bank 50.000 manat tələb edir. Hər ay cüzi də olsa ödənişlər edib. Məhkəmədən düzgün rəgəmin çıxarılmasını xahiş edir ki, ödənişini etsin.

7. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı ilə Cavabdeh3 arasında bağlanış xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0- 2684 saylı kredit müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləni predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcalana 30000 manat məbləğində kredit verir.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcalana biznes faiyyəti məqsədi ilə verilir.

14. Müqavilənin 2.3-cü bənidnə əsasən kredit 24 ay müddətinə verilir.

15. Müqavilənin 6.4-cü bəndinə əsasən borcalanın vəzifələri:

16. Müqavilənin 6.4.3-cü maddəsinə ödəniş qrafikində nəzərdə tutulmuş müdətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəmək.

17. Müqavilənin 7-ci bəndinə əsasən kreditin təminatı:

18. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı aşağıdakılardır: 1) xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən verilən zaminlik. 2) xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən verilən zaminlik.

19. xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən borcalan tərəfindən xx.xx.2021-ci il tarixə kimi ödənilməli olan ümumi məbləğ 37812,49 manat (əsas məbləğ 30000 manat, faizin məbləği 7812,49 manat) qeyd olunmuşdur.

20. İddiaçı ASC ilə Babayev Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı zaminlik müqavilələrinə əsasən:

21. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsinə bankdan götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.

22. Müqavilənin 3.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsinə xx.xx.2020ci il tarixli 1 saylı əlavə sazişə əsasən:

24. Sazişin 1.2-ci bəndinə əsasən müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır.

25. Sazişin 1.3-cü bəndinə əsasən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 % təşkil edir.

26. Sazişin 2.1-ci bəndinə əsasən müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır.

27. 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavəyə əsasən borcalan tərəfindən xx.xx.2022-ci il tarixə kimi ödənilməli olan ümumi məbləğ 34930,01 manat (əsas məbləğ 27499,59 manat, faizin məbləği 4730,42 manat) qeyd olunmuşdur.

28. xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı zaminlik müqavilələrinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən:

29. Sazişin 1.1-ci bəndinə əsasən saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsi üzrə:

30. 1.1.1 müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır.

31. 1.1.2 müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 % təşkil edir.

32. xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsinə xx.xx.2020ci il tarixli 1 saylı əlavə sazişə əsasən:

33. Sazişin 1-ci bəndinə əsasən saziş qüvvəyə mindiyi tarixdən:

34. Sazişin 1.2-ci bəndinə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu və cərimə) kapitallaşdırılmaqla 29349,82 manat təşkil edir.

35. Sazişin 1.3-ci bəndinə əsasən müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır.

36. Sazişin 1.4-cü bəndinə əsasən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 % təşkil edir.

37. Sazişin 2.1-ci bəndinə əsasən müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır.

38. 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavəyə əsasən borcalan tərəfindən xx.xx.2023-cü il tarixə kimi ödənilməli olan ümumi məbləğ 41846,99 manat (əsas məbləğ 29349,82 manat, faizin məbləği 12497,17 manat) qeyd olunmuşdur.

39. xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı zaminlik müqavilələrinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən:

40. Sazişin 1.1-ci bəndinə əsasən saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu xx.xx.2019-cu il tarixli, 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsi üzrə:

41. 1.1.1 müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu və cərimə) kapitallaşdırılmaqla 29349,82 manat təşkil edir.

42. 1.1.2 müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır.

43. 1.1.3 müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 % təşkil edir.

44. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə (xx.xx.2023-cü ilə kimi), 30000 manat məbləğində 25% olmaqla kredit verilmiş, əsas borcdan cəmi ödənilən məbləğ 18904,53 manat, faizdən ödənilən cəmi məbləğ 15629,45 manat, (xx.xx.2023-cü il tarixli əsas borc üzrə ödəniş məbləği 504,17 manat, həmin tarixə ödənilən faiz borcu məlbəği 351,29 manat) əsas borc üzrə qalıq məbləğ 12945,7 manat, faiz borcu üzrə qalıq məbləğ 1184,05 manat, cərimə borcu 274,86 manat olmaqla cəmi borc məbləği 14404,61 manat müəyyən edilmişdir.

45. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə (xx.xx.2023-cü ilə kimi), 30000 manat məbləğində 25% olmaqla kredit verilmiş, əsas borcdan cəmi ödənilən məbləğ 23604,53 manat, faizdən ödənilən cəmi məbləğ 15629,45 manat, (xx.xx.2023-cü il tarixli əsa borc üzrə ödəniş məbləği 400 manat, xx.xx.2023-cü il tarixə ödənilən faiz borcu məlbəği 351,29 manat) əsas borc üzrə qalıq məbləğ 8245,7 manat, faiz borcu üzrə qalıq məbləğ 2080,64 manat, cərimə borcu 973,18 manat olmaqla cəmi borc məbləği 11299,52 manat və kreditin bitmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir.

46. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla ilk xəbərdarlıq məktubunun cavabdehə çatdırıldığı xx.xx.2022-ci il tarixə, elektron qaydada göndərilmiş xəbərdarlıq/pretenziya məktubunun göndərildiyi xx.xx.2023-cü il tarixə və maliyyə arayışının verildiyi xx.xx.20223-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2023-cü il tarixli, 9/5185 saylı ekspert rəyinə əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixdə banka olan əsas və faiz borcu 15785,36 manat məbləğində, xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 12058,86 manat məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 9008,43 manat məbləğində, o cümlədən bank tərəfindən xx.xx.2019-cu il tararixli 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmadığı qeyd olunmuşdur.

48. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə (xx.xx.2023-cü ilə kimi), 30000 manat məbləğində illik 25% olmaqla kredit verilmiş, əsas borcdan cəmi ödənilən məbləğ 24904,53 manat (xx.xx.2023-cü ildə əsas borcdan 300 manat ödənilmişdir) faizdən ödənilən cəmi məbləğ 15629,45 manat (xx.xx.2023-cü ildə 351,29), əsas borc üzrə qalıq məbləğ 6945,7 manat, faiz borcu üzrə qalıq məbləğ 2749,97 manat, cərimə borcu 1926,13 olmaqla cəmi borc məbləği 11649,9 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi illik 5% hesabı ilə 28,1 manat əldən çıxmış fayda müəyyən edilmişdir.

49. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2019-cu il tarixli 11-MZ2- 1-0-2684-19 saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2023-ci il tarixə və maliyyə arayışının verildiyi xx.xx.20223-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi illik 5% hesablanmaqla faiz borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2023-cü il tarixli, 9/9039 saylı ekspert rəyinə əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixdə banka olan əsas borcu 8477,91 və faiz borcu 123,64 manat məbləğində, xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 8310,96 manat və faiz borcu illik 5%-lə 24,24 manat məbləğində, o cümlədən bank tərəfindən xx.xx.2019-cu il tararixli 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsinin 2.4.2-ci yarımbəndi üzrə cərimə nəzərdə tutulsa da, təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmadığı qeyd olunmuşdur.

51. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə (xx.xx.2023-cü ilə kimi), 30000 manat məbləğində illik 25% olmaqla kredit verilmiş, əsas borcdan cəmi ödənilən məbləğ 25104,53 manat (xx.xx.2023-cü ildə əsas borcdan 200 manat ödənilmişdir) faizdən ödənilən cəmi məbləğ 15629,45 manat (xx.xx.2023-cü ildə 351,29), əsas borc üzrə qalıq məbləğ 6745,7 manat, faiz borcu üzrə qalıq məbləğ 3202,08 manat, cərimə borcu 2776,21 olmaqla cəmi borc məbləği 11649,9 manat, əldən çıxmış fayda 118,5 manat məbləğində, banka olan cəmi borc məlbəği 12842,49 manat, (kreditin xx.xx.2023-cü il bitmə tarixinə olan əsas borc 7245,7 manat və kreditin bitmə tarixinə faiz borcu 2608,48 manat) müəyyən edilmişdir.

52. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

54. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

55. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

56. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

57. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

58. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

59. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

60. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

61. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

62. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

63. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2019-cu il tarixdə bağlanmış 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas borcundan yüksək və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdə bağlanmış 11-MZ2-1-0-2684-19 saylı saylı kredit razılaşması müqaviləsi əsas və faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə deyil tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla iddia tələbinə uyğun (həmçinin 200 manat sonuncu ödəniş nəzərə alınmaqla) olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

64. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsinə əsasən hesablanmış 1926,13 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

65. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

66. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

67. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

68. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu xx.xx.2019-cu il tarixdə bağlanmış 11-MZ2-1-0-2684-19 saylı kredit müqaviləsi üzrə 337 manat məbləğində müəyyən edilməlidir.

69. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28.1 manat əldən çıxmış fayda borcu tələb etmişdir.

70. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

71. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu 28.1 manat göstərilsə də, ekspert rəyində əsas həmin faiz borcu 24.24 manat müəyyən olunmuşdur. Məhkəmə əsas və faiz borcu məbləği ilə ekspert rəyi arasında uyğunsuzluq olduğundan və əsas borc eksper rəyindən daha yuxarı məbləğdə götürüldüyündən, buna görə də əsas məbləği iddia tələbinə uyğun təmin etdiyindən digər borc məbləğləri arasında uyunsuzluğun aradan qaldırılması məqsədi ilə hazırkı əldən çıxmış fayda borcunu da iddia tələbinə uyğun götürülməsini qanunu və əsaslı hesab edir.

72. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh3, Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6745,7 manat əsas borc məbləği, 2749,97 manat faiz borcu və 337 manat dəbbə pulu, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün illik 5 % olmaqla hesablanmış 28,1 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

73. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir.

74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

75. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

76. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6745,7 (altı min yeddi yüz qırx beş manat, yetmiş qəpik) manat əsas borc məbləği, 2749,97 (iki min yeddi yüz qırx doqquz manat, doxsan yeddi qəpik) manat faiz borcu və 337 (üç yüz otuz yeddi) manat dəbbə pulu, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün illik 5 % olmaqla hesablanmış 28,1 (iyirmi səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasıların keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar