Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-936/2025 08.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisindən istifadə, əsassız hesablanmış borcun silinməsi, təqsirin müəyyən olunması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya cavabdeh tərəfindən qanunsuz və əsassız hesablanmış 6085,97 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2024-cii il tarixdə cavabdehin əməkdaşları iddiaçının icarəsində və faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən sahəsi 79,7 kv.m qeyri-yaşayış sahəsində fəaliyyət göstərən ərzaq dükanının küçədə yerləşən sayğacını (kod: 10/33-26) məlumatı olmadan sökərək yenisi ilə əvəz etmiş, köhnə sayğacı isə laboratoriyaya göndərmişlər. Daha sonra isə xx.xx.2024-cü il tarixli 001928 saylı akt tərtib olunmuşdur. Həmin aktda aşağıdakılar qeyd olunmuşdur: “Sayğacın 998029 nömrəli alt qapaq möhürü kompüter bazasıyla fərqlidir və saxtadır. Sayğacın 369929 nömrəli dövlət möhürü saxtadır. Sayğac normal buraxılan xəta ilə işləyir”. 2.2. Həmin aktda iddiaçının imzası yoxdur, aktın tərtibindən isə xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixdə isə xəbərdarlıq məktubu göndərilərək elektrik enerjisinin sərfinə görə 06 avqust 2024-cü il tarixə olan borcun 6085,97 manat təşkil etdiyi və 07 Avqust 2024-cü il tarixədək borc tam ödənilməyəcəyi təqdirdə, elektrik enerjisinin təhcizatının saat 12:00-da dayandırılması barədə məlumat verilmişdir. Xəbərdarlıq təqdim edilən kimi elektrik enerjisinin təhcizatı dayandırılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-15-2-1/2-M-4044-5-1898/2024 saylı məktubunda qeyd edilmişdir ki, sayğac yoxlanılarkən sayğacın daxilində hər hansı qüsur aşkar edilməmiş, həmçinin təqdim edilən sənədlərdə, videoçəkilişdə elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi və elektrik enerjisinin talanması halı yoxdur, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjesindın istifadə qaydaları”nın 8.17.2-ci, 8.17-ci bəndlərinin tələblərinə riayət olunmayaraq, akt tərtib olunmasında istehlakçının iştirakı təmin edilməmiş və hesabat əsas olmadan aparılmışdır. 2.3. Elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi, elektrik enerjisinin talanması halı olmadığı üçün 001928 nömrəli akta əsasən hesablanmış borc məbləğinin silinməsi məsələsinə baxılması ilə bağlı cavabdehə məktublar ünvanlanmış, cavabdehin cavab məktublarında laboratoriyada sayğac möhürlərinin saxta olduğu barədə rəy verildiyi, aylıq sərfiyyatın xətdən axan yükə uyğun olmadığı və hesabatın qaydalara uyğun aparıldığı qeyd edilmişdir. Halbuki təqdim olunan sənədlərdə akt və rəy protokoluna, həmçinin videoçəkilişə əsasən elektrik enerjisindən istifadədə pozuntuya yol verilməsi və elektrik enerjisinin talanması halı yoxdur. Belə ki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, sayğac yoxlanılarkən sayğacın daxilində hər hansı qüsur aşkar edilməmiş, elektrik enerjisindən istifadədə pozuntuya yol verilməmiş və elektrik enerjisinin talanması halı müəyyən edilməmişdir. Akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, hesabat əsas olmadan aparılmış və əsassız olaraq 6085,97 manat borc hesablanmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 560.2, 1096.1-ci və s. maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2, 20.1-ci və s. maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.7, 7.1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2, 8.17-2-ci bəndlərinə istinad edilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə etiraz təqdim edərək iddianın rədd edillməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən 10/33-26 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın dövlət möhürü və alt qapaq möhüründə müdaxilə izləri müşahidə olunur. Həmçinin xəttdən axan yüklə aylıq sərfiyyat uyğun gəlmir. Baxış zamanı xx.xx.2024-cü il tarixli NİQ 001928 nömrəli akt tərtib edilmişdir. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2024-cü il tarixdə KY242131478 nömrə ilə qeydiyyata alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarış alınmışdır. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi, akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
5. Etirazın hüquqi əsası kimi “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə istinad olunmuşdur.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Cavabdehin nümayəndəsi X1 məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, elektrik enerjisinin talanması faktı ilə bağlı cavabdeh tərəfindən Səbail Rayon Prokurorluğuna müraciət olunmuş, yoxlama aparılarkən video çəkilişlə qeydə alınmışdır. Səbail Rayon Prokurorluğuna edilən müraciətin nəticəsi barədə məlumat və yoxlama aparılarkən qeydə alınmış video çəkiliş məhkəməyə təqdim olunacaqdır.
8. Cavabdeh məhkəmənin növbəti iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, daha sonra xx.xx.2024-cü il tarixli icarə müqavilələri əsasında iddiaçının istifadəsinə verilmiş, elektrik enerjisi sərfiyyatının ödənilməsi öhdəliyini icarəçi qismində iddiaçının daşıması razılaşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən obyektə 30 iyul 2024cü il tarixdə baxış keçirilmiş, baxış zamanı sayğacın dövlət plombu və alt qapaq möhüründə müdaxilə izləri müşahidə olunduğu, xəttdən axan yükə aylıq sərfiyyatın uyğun gəlmədiyi qeyd olunaraq xx.xx.2024-cü il tarixli 001928 nömrəli akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 6086 manat qanunsuz istifadəyə görə sərfiyyat hesablanaraq həmin tarixdə abunə haqqında məlumata daxil edilmişdir. Açıq informasiya resursundan əldə olunan məlumata əsasən, xx.xx.2025-ci il tarixə 10/33-26 nömrəli abonent kodu üzrə borc 4763,68 manat təşkil edir.
13. İddiaçı borcun qanunsuz hesablandığına istinad edərək ödənilməmiş 4763,68 manat məbləğində borcun silinməsini tələb edir.
14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2024-cü il tarixdə əməkdaşları tərəfindən sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın dövlət möhürü və alt qapaq möhüründə müdaxilə izləri müşahidə olunur. Həmçinin xəttdən axan yüklə aylıq sərfiyyat uyğun gəlmir. Baxış zamanı xx.xx.2024-cü il tarixli NİQ 001928 nömrəli akt tərtib edilmiş, aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçirilməklə Çıxarış alınmışdır.
15. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyərək elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununu müəyyən edir.
17. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən, ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu və həmin qalıq borcun ödənilməli olduğu son tarix göstərilməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
19. Qaydaların 8.1-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. Qaydaların 8.3-cü bəndinə görə, ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.
21. Qaydaların 8-ci bəndinin digər yarımbəndlərinə görə, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir (8.4). Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır (8.13). İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir (8.14). Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (8.15).
22. Göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istifadə edilmiş elektrik enerjisinin dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində enerjitəchizatı müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuşdur.
23. 11.04.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
24. Maddənin məzmunundan da aydın olduğu kimi, xx.xx.2024-cü il tarixdən sonra sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
25. Beləliklə, istehlakçının sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir.
26. Hazırkı iş üzrə cavabdeh məhkəməyə Səbail Rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub təqdim etmiş, lakin həmin məktubun göndərilməsini təsdiq edən sənədi, ünvanlanmış məktuba əsasən aparılmış araşdırma nəticəsi barədə məlumatı və qərarı təqdim etməmişdir. Belə ki, məhkəmə tərəfindən 30 iyul 2024-cü il tarixli aktın səlahiyyətli orqana təqdim edilib-edilməməsi, təqdim edilmişdirsə nəticəsi barədə məlumatın və qəbul olunmuş qərarın məhkəməyə təqdim edilməsi cavabdehə təklif edilmiş, lakin qeyd olunan məlumat təqdim edilməmişdir. Halbuki müvafiq araşdırmanın nəticəsində istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra vurulmuş zərərin ödənilməsi istehlakçıdan tələb edilə bilərdi. Təqdim olunan sübutlardan isə aydın olur ki, belə bir araşdırmanın nəticəsində qəbul olunan qərarın nəticəsi gözlənilmədən 30 iyul 2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixdə borc hesablanaraq həmin tarixdə abunə haqqında məlumata daxil etmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, akt əsasında borc qanunvericiliyin tələbi pozulmaqla əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur.
27. Bundan başqa, xx.xx.2024-cü il tarixli 001928 nömrəli aktdan görünür ki, abonentin nümayəndəsinin qarşısında olan imza qrafasında “imtina etdi” qeydi yazılmışdır.
28. Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
29. Qanunvericiliyin tələbindən aydın olur ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə enerji təchizatı müəssisəsinin və istehlakçının nümayəndəsi tərəfindən imza edilmiş akt tərtib edilməli, istehlakçı imza etməkdən imtina etdikdə isə pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır.
30. Lakin hazırkı iş üzrə məhkəmə tərəfindən 30 iyul 2024-cü il tarixli akt tərtib olunan zaman cavabdeh tərəfindən belə bir qeydiyyatın aparılmasını əks etdirən sübutun məhkəməyə təqdim edilməsi cavabdehə təklif edilmiş, lakin cavabdeh tərəfindən belə bir qeydiyyatı əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, pozuntu yalnız birtərəfli qaydada tərtib edilmiş aktla təsdiqlənmişdir. Bu isə məhkəmə tərəfindən cavabdehin qeyd etdiyi sayğaca müdaxilə hallarının yoxlanılmasını qeyri-mümkün etmişdir.
31. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, 30 iyul 2024-cü il tarixli NİQ 001928 nömrəli akt əsasında borc əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur.
32. Lakin məhkəmə göstərir ki, açıq informasiya resursundan əldə olunan məlumata əsasən, xx.xx.2025-ci il tarixə 10/33-26 nömrəli abonent kodu üzrə cari borc 4763,68 manat təşkil edir. İddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür. Bu səbəbdən də 1322,29 (6085,97 – 4763,68) manat məbləğində borcun da silinməsi hissəsində iddia təmin edilə bilməz.
33. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı2 istifadəsində olan 10/33-26 nömrəli abonent koduna 30 iyul 2024-cü il tarixli NİQ 001928 nömrəli akt əsasında hesablanmış 4763,68 manat borc əsassız olduğundan silinməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
34. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən 81 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı2 istifadəsində olan 10/33-26 nömrəli abonent koduna 30 iyul 2024-cü il tarixli NİQ 001928 nömrəli akt əsasında hesablanmış 4763,68 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova