Məhkəmə qərarları › İş №e-2-2(113)-938/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-938/2024

10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-938/2024 10.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın əvəzinin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş ziyanın əvəzi kimi 17.230,92 (on yeddi min iki yüz otuz manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin (VÖEN: **********) mülkiyyətində olan **-AU-*** dövlət qeydiyyat nişanlı X18 markalı avtomobillə İddiaçı MMCnin ( VÖEN: **********) mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Nəsimi rayon DYPŞnin əməkdaşı polis mayoru X10 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh tətbiq etmə barədə Qərardan görünür ki, yol nəqliyyat hadisəsi Cavabdeh MMC-nin avtomobilini etibarnamə əsasında idarə edən X5 təqsirindən baş vermişdir. İddiaçı MMC-nin mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil Mercedes Benz-in rəsmi satış və servis mərkəzi olan "xxxx" MMCdə müayinə edilmiş və dəymiş zərər müəyyən edilmişdir. Rəsmi servis mərkəzinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, Z309/00261 nömrəli ilkin təmir sifarişi qəbzindən görünür ki, avtomobilin təmiri üçün 22.232,92 (iyirmi iki min iki yüz otuz iki manat doxsan iki qəpik) manat xərc çəkilməlidir, yəni baş vermiş hadisə nəticəsində iddiaçıya qeyd olunan məbləğdə ziyan vurulmuşdur. Cəmiyyətə dəymiş maddi ziyanın 5.000 (beş min manat) manat hissəsi "xxxx" ASC tərəfindən icbari sığorta ödənişi kimi ödənilmişdir. Beləliklə, Cavabdeh MMC-nin törətdiyi deliktə görə İddiaçı MMC-yə ödənilməli olan qalıq ziyan məbləği 17.230,92 (on yeddi min iki yüz otuz manat, doxsan iki qəpik) manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

8. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir.

9. İşin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin mülkiyyətində olan **-AU-*** dövlət qeydiyyat nişanlı X18 markalı avtomobillə İddiaçı MMC-nin mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz S500 markalı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir.

10. İş materiallarına əlavə olunmuş Nəsimi rayon DYPŞ-nin əməkdaşı polis mayoru X10 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, yol nəqliyyat hadisəsi Cavabdeh MMC-nin avtomobilini etibarnamə əsasında idarə edən X5 təqsirindən baş vermişdir.

11. Bundan başqa, işə əlavə olunmuş "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, Z309/00261 nömrəli ilkin təmir sifarişi qəbzindən görünür ki, avtomobilin təmiri üçün 22.232,92 (iyirmi iki min iki yüz otuz iki manat doxsan iki qəpik) manat xərc çəkilməlidir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tərəflər arasında bağlanmış müqavilənin alqı-satqı deyil, lizinq müqaviləsi olduğunu, avtomobilin təmiri üçün 22.232,92 (iyirmi iki min iki yüz otuz iki manat doxsan iki qəpik) manat xərc çəkilməli olduğunu, avtomobilin "xxxx" MMCdə təmir edildiyini, sığorta şirkəti tərəfindən 5.000 manat məbləğində ödəniş edildiyini bildirərək qalıq 17.230,92 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

13. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında X18 markalı avtomobilin nisyə alqı-satqı müqaviləsinin predmeti olduğunu, bu səbəbdən nəqliyyat vasitəsinin onların adına qeydiyyatda qaldığını, nəqliyyat vasitəsinin tam sığorta olunduğunu, nəqliyyat vasitəsinin Zəkəryəyev Tərlan adlı şəxsə satıldığını, hadisə baş verən zaman avtomobilin Zəkəryəyev Tərlanın sürücüsü olan Abdurrahmanov Murad adlı şəxs tərəfindən idarə olunduğunu, müştərilərin törətdiyi yol nəqliyyat hadisələrində heç bir məsuliyyət daşımadıqlarını bildirmiş və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. İş materiallarına əlavə olunmuş, Cavabdeh ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli avtomobil alqı-satqısı üzrə B-186-AAE-23N-li saylı müqavilənin 1.1ci bəndinə əsasən satıcı X18 markalı, buraxılış ili 2022 olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini bu müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.

15. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 48.520 manat müəyyən edilir. Alıcı 4.000 manat ilkin ödəniş edir. Qalıq borc sayılacaq 44.520 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətində, ayda 742 manat ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür.

16. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixli və s. etibarnamələrdən görünür ki, Cavabdeh mülkiyyətində olan X18 markalı avtomobilin idarə olunması X7, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və s. etibarnamələrdən görünür ki, Cavabdeh mülkiyyətində olan X18 markalı avtomobilin idarə olunması X9 etibar edilmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq etibarnamələrin hər ay təzələndiyini, X5 X2 olduğunu, bu səbəbdən də etibarnamələrin həm X7, həm də X9 verildiyini bildirmiş, bundan başqa nə Zəkəryəyev Tərlanın, nə də, Abdurrahmanov Muradın Cavabdeh MMC-nin işçisi olmadığını qeyd etmişdir.

18. Bundan başqa məhkəmə iclasında iddiaçı tərəfdən X3 olması soruşulmuş və iddiaçı tərəf də, X5 Zəkəryəyev Tərlanın sürücüsü olduğunu bildirmişdir.

19. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3408 nömrəli qəbzə əsasən X11 tərəfindən X18 markalı avtomobil üçün ilkin ödəniş olaraq 4.000 manat, xx.xx.2023-cü il tarixli, 3409 nömrəli qəbzə əsasən 2.619 manat, xx.xx.2023-cü il tarixli, 4998 nömrəli qəbzə əsasən 66 manat, xx.xx.2023-cü il tarixli, 4996 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli, 6509 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli, 7764 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-ü il tarixli, 9511 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli, 10677 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2023-cü il tarixli, 12948 nömrəli qəbzə əsasən 8000 manat, xx.xx.2023-cü il tarixli, 14436 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2024-cü il tarixli, 106 nömrəli qəbzə əsasən 800 manat, xx.xx.2024-cü il tarixli, 1338 nömrəli qəbzə əsasən 800 manat olmaqla, ümumilikdə 13.885 manat məbləğində pul ödənmişdir.

20. Göründüyü kimi, hadisənin baş vermiş olduğu xx.xx.2023-cü il tarixdə artıq Cavabdeh MMC ilə X12 arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və nəqliyyat vasitəsi artıq X1 verilmiş və vurulmuş olan zərərə bağlı Cavabdeh MMC-nin hər hansı bir əlaqəsi yoxdur.

21. Ona görə də, ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilə bilməz.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar