Məhkəmə qərarları › İş №e-2-2(3-6)-686/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-686/2026

23.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-686/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X4 və X5 ibarət tərkibdə, Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadından iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti adından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, m ü ə y y ə n e t d i:

1. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında 12 525,14 manat məbləğində pulun və ödənilmiş 127,58 manat dövlət rüsumu, 1,28 manat xidmət haqqının müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi Nizami Qasımov tərəfindən imzalanmış olsa da, iş materiallarında onun əsas iş yerinin iddiaçı hüquqi şəxs olmasını və iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sənədlər yoxdur. Halbuki Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunla, təsis sənədləri ilə və ya digər hüquqi aktlarla müəyyən edilmiş səlahiyyətli şəxslər, müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçilər, habelə vəkillər təmsil edə bilər; nümayəndənin səlahiyyəti isə qanunvericiliyə uyğun rəsmiləşdirilmiş etibarnamədə əks olunmalıdır. Bu əsasla məhkəmə iddia ərizəsinin səlahiyyəti təsdiqlənməyən şəxs tərəfindən imzalandığını müəyyən edərək, onun əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasına qərar vermişdir.

4. Iddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Nizami Qasımov tərəfindən deyil, “xxxx” ASC tərəfindən imzalanmışdır. Məhkəmə əks qənaətə gələrkən ərizənin “Qoşma” hissəsindən sonra ““xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nizami Qasımov” sözlərinin göstərilməsinə istinad etmişdir. Lakin həmin qeyd qarşısında imza mövcud deyildir ki, bu da ərizənin elektron qaydada imzalanması ilə əlaqədardır. Ərizənin sonunda yerləşən “ərizəni imzalayan şəxs haqqında məlumat” bölməsində isə “Imzalayan şəxs: iddiaçı – “xxxx” Açıq Səhmdar Cəmiyyəti” qeyd edilmişdir. MPM-in tələblərinə əsasən, iddia ərizəsi iddiaçının özü tərəfindən imzalana bilər və elektron qaydada imzalanmış ərizələrdə səlahiyyət elektron imza ilə təsdiqləndiyindən əlavə etibarnamənin təqdim edilməsi tələb olunmur. Məhkəmənin istinad etdiyi MPM-in 69-cu maddəsi məhkəmədə təmsilçilik münasibətlərini tənzimləyir, halbuki iddia ərizəsinin imzalanmasına dair xüsusi normalar mövcuddur və həmin normalar hüquqi şəxsin ərizəni öz adından elektron qaydada imzalamasına imkan verir. Elektron məhkəmə sistemində hüquqi şəxsin öz adından ərizə imzalaması imkanının nəzərdə tutulması da bunu təsdiq edir. Beləliklə, hazırkı halda iddia ərizəsi “xxxx” ASC tərəfindən imzalanmış, Nizami Qasımovun elektron kabineti vasitəsilə isə onun nümayəndəsi qismində məhkəməyə təqdim edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ... 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. ... Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması ... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. ... Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. ... Maddə 74. Nümayəndənin səlahiyyəti 74.2. Iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

Maddə 149. Iddia ərizəsinin forması və məzmunu 149.1. Iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. ... Maddə 150. Iddia ərizəsinə əlavə edilən sənədlər 150.1. Iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ... 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); ... Maddə 152. Iddia ərizəsinin qaytarılması ... 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu: ... 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. ...

9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Şikayətin ilk dəlili iddia ərizəsinin hüquqi şəxsin özü tərəfindən imzalanması, lakin Nizami Qasımovun elektron kabineti vasitəsilə göndərilməsi barədədir.

11. Iş materiallarından görünür ki, iddia ərizəsi “xxxx” ASC-nin adından “Elektron məhkəmə” informasiya sistemində X1 elektron imzası ilə imzalanmış və məhkəməyə təqdim edilmişdir. Iddiaçı isə iddia ərizəsinin N.Qasımov tərəfindən deyil, “xxxx” ASC tərəfindən imzalandığını, N.Qasımovun yalnız iddiaçının elektron kabineti vasitəsilə sənədin məhkəməyə göndərilməsini təmin etdiyini bildirmişdir.

12. Kollegiya ilk növbədə qeyd edir ki, iddia ərizəsinin N.Qasımov tərəfindən imzalanması iddia ərizəsinin mətnində onun nümayəndə kimi göstərilməsindən deyil, “Elektron məhkəmə” informasiya sistemində ərizəni elektron imza ilə təsdiq edən şəxsin X1 olmasından irəli gəlir. Bu səbəbdən, hazırkı halda prosessual hərəkəti həyata keçirən şəxs məhz N.Qasımov hesab olunur.

13. Şikayətin digər dəlili elektron qaydada imzalanmış ərizələrdə səlahiyyət elektron imza ilə təsdiqləndiyindən əlavə etibarnamənin təqdim edilməsi zərurətinin olmaması ilə bağlıdır.

14. MPM-in nümayəndəlik institutunu tənzimləyən 6-cı fəslinin məzmunundan görünür ki, bu fəsildə nümayəndəlik institutunun iki müstəqil elementi tənzimlənmişdir. Belə ki, 69 və 71-ci maddələr məhkəmədə nümayəndə ola biləcək şəxsləri və nümayəndəlik imkanını istisna edən halları, 73 və 74-cü maddələr isə nümayəndənin səlahiyyətlərinin, o cümlədən xüsusi səlahiyyətlərinin rəsmiləşdirilməsi qaydasını müəyyən edir.

15. MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunla, digər hüquqi aktlarla və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər təmsil edə bilərlər. Deməli, məhkəmədə hüquqi şəxsi təmsil edən, o cümlədən onun adından prosessual hərəkətlər həyata keçirən şəxs MPM-in 69.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərdən biri olmalıdır.

16. MPM-in 73-cü maddəsi isə nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edir. Bu qaydaya görə nümayəndənin səlahiyyəti etibarnamə ilə təsdiq edilir və iddia ərizəsinin imzalanması kimi xüsusi səlahiyyətlər etibarnamədə ayrıca göstərilməlidir. Lakin MPM-in 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsi elektron qaydada təqdim edildikdə nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyəti elektron imza ilə təsdiq olunduğundan həmin səlahiyyəti təsdiq edən etibarnamənin ayrıca təqdim edilməsi tələb olunmur.

17. Bununla belə, MPM-in 150.1.3-cü maddəsində nəzərdə tutulan istisna MPM-in 69.2ci maddəsinin tələblərini aradan qaldırmır. Elektron imza nümayəndəyə verilmiş prosessual səlahiyyətin etibarnamə ilə ayrıca təsdiq edilməsini əvəz etsə də, həmin şəxsin ümumiyyətlə hüquqi şəxsi məhkəmədə təmsil edə bilən subyektlərdən biri olmasını təsdiq etmir. Başqa sözlə, elektron imza nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını sadələşdirsə də, onu istifadə edən şəxsin MPM-in 69.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərdən biri olub-olmadığı barədə nəticəyə gəlməyə əsas vermir.

18. Hazırkı iş üzrə N.Qasımovun “xxxx” ASC-nin qanuni təmsilçisi, əsas iş yeri həmin hüquqi şəxs olan işçisi və ya vəkil olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, elektron imzanın mövcudluğu özü-özlüyündə MPM-in 69.2-ci maddəsində nəzərdə tutulmuş tələbin yerinə yetirildiyi nəticəsinə gəlməyə əsas vermir.

19. Kollegiya şikayətin MPM-in 69.2-ci maddəsinin yalnız məhkəmə iclaslarında nümayəndə qismində iştirak edən şəxslərə şamil olunması barədə dəlilini də əsaslı hesab etmir. Belə ki, MPM-in 6-cı fəslinin adından və onun sistemli təhlilindən görünür ki, həmin fəsildə yalnız məhkəmə iclasında nümayəndənin iştirakı deyil, bütövlükdə məhkəmədə nümayəndəlik institutu tənzimlənmişdir. Bu baxımdan, həmin fəsildə işlədilən "məhkəmədə nümayəndə" və "məhkəmədə... təmsil edə bilər" ifadələrinin yalnız məhkəmə iclasında iştirak edən şəxslərə aid edilməsi həmin normaların sistemli məzmunu ilə uzlaşmır.

20. Əks təfsir MPM-in 71-ci maddəsinin tətbiqini də məntiqsiz nəticələrə gətirib çıxarır. Belə ki, həmin maddəyə əsasən tam fəaliyyət qabiliyyəti olmayan şəxslər, habelə hakimlər, müstəntiqlər, prokurorlar və digər şəxslər qanunda nəzərdə tutulan istisnalar xaric məhkəmədə nümayəndə ola bilməzlər. Əgər "məhkəmədə nümayəndə" anlayışı yalnız məhkəmə iclasında iştirak edən şəxslərə aid edilsəydi, belə nəticə alınardı ki, həmin şəxslər başqasının adından iddia ərizəsi, şikayət, vəsatət və digər prosessual sənədləri təqdim edə bilər, yalnız məhkəmə iclaslarında nümayəndə kimi iştirak edə bilməzlər. Qanunun məqsədi və nümayəndəlik institutunun mahiyyəti ilə uzlaşmayan belə təfsir qəbul edilə bilməz.

21. MPM-in 5.1-ci maddəsinə əsasən mülki iş üzrə icraat məhkəməyə müraciət edilməsi ilə başlanır. Iddia ərizəsinin imzalanması və məhkəməyə təqdim edilməsi hüquqi şəxsin məhkəməyə müraciət etmək iradəsinin prosessual ifadə formasıdır. Buna görə də həmin hərəkət də məhkəmədə nümayəndəliyin həyata keçirilməsi formalarından biri olmaqla, onu həyata keçirən şəxs MPM-in 69.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərdən biri olmalıdır.

22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin MPM-in 69.2-ci maddəsinin tələblərinə uyğun olaraq təmsilçilik statusu təsdiq edilməmiş şəxs tərəfindən imzalandığını müəyyən etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar