Məhkəmə qərarları › İş №e-2-2(113)-939/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-939/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-939/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh firmasına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh firmasına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh firmasına qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh firması arasında xx.xx.2020-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, Cavabdeh firmasından ödənilməmiş icarə haqqı üzrə 6.981,78 manat əsas borc və 91 manat məbləğində iddia ərizəsinin verilməsinə görə dövət rüsumu xərcləri olmaqla ümumilikdə 7.072,78 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh Firması arasında xx.xx.2020-ci il tarixində 413 saylı ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan, 1 saylı Əlavəsinə əsasən, İcarəçi xx.xx.2020-ci il tarixindən xx.xx.2021 tarixinədək "AGA Center"in 9-cu mərtəbəsində yerləşən 60 kv.m ofis sahəsi üçün 1200 AZN ( min iki yüz) + 18 % ƏDV məbləğində aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş aylıq olaraq, hər ayın əvvəli elektron hesab faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməli idi. Həmin müqavilənin xx.xx.2021-ci il tarixli 2 saylı Əlavəsinə əsasən, İcarəyə verən "AGA Center"in 8-ci mərtəbəsində yerləşən 32 kv.m ofis sahəsini əlavə olaraq İcarəçiyə icarəyə vermişdir. Ümumi icarə sahəsi 92 m2 təşkil edir. (9 cu mərtəbə 60 m2 + 8 ci mərtəbə 32 m2). Bu Əlavə üzrə İcarəçi xx.xx.2021 tarixindən xx.xx.2022 tarixinədək hər iki sahə üçün ümumilikdə aylıq 1872 AZN+18% ƏDV məbləğində icarə haqqı müəyyən edilmişdir. Müqavilənin 3 saylı Əlavəsi ilə isə icarəçi 8-cimərtəbədə yerləşən 32 kv.m sahəni təhvil vermiş,əvəzində həmin mərtəbədə 52 kv.m ofis sahəsini icarəyə götürmüşdür. Bu Əlavəyə əsasən icarəçi 52 kv.m sahə üçün xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində 1196 AZN+18% ƏDV aylıq icarə haqqı ödəməli idi. Ümumilikdə isə İcarəçi tərəfindən hər ay üçün 2396 AZN+ 18% ƏDV məbləğində icarə haqqı ödənilməsi nəzərdə tutulurdu. İddiaçı MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Cavabdeh Firması üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh Firmasının xx.xx.2020-ci il tarixli müqvilə üzrə ədv ilə birlikdə 6 981,78 AZN borcu var. Borcun ödənilməsinə dair Cavabdeh Firmasına məlumat verilməsinə baxmayaraq bugünə kimi icarə borcu ödənilməmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8527/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh firmasına qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə qiyabi icraat qaydasında, nümayəndənin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə müəyyən edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icarəyəverən) Cavabdeh firması (icarəçi) arasında Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofis sahəsinə dair xx.xx.2020-ci il tarixli 413 saylı icarə müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 2-ci maddəsinə əsasən icarəyəverən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55 ünvaında yerləşən X1 Əlavə 1-də göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında icarəçiyə verir.

12. Müqaviləyə Əlavə 1-də tərəflər binanın 9-cu mərtəbəsində yerləşən 60 m² sahəni icarəçiyə icarəyə verilməsi, icarəçi tərəfindən xx.xx.2020 tarixindən xx.xx.2021 tarixinədək 1200 AZN+18% ƏDV olan aylıq icarə haqqının ödənilməsi barədə razılığa gəlmişlər.

13. Müqaviləyə xx.xx.2021-ci il tarixli 2 saylı Əlavə ilə tərəflər icarə müqaviləsinə dəyişikliklər edərək, “Aga Center” 8-ci mərtəbəsində yerləşən 32 m² ofis sahəsinin əlavə olaraq icarəçiyə icarəyə verilməsi, ümumi icarə sahəsinin 92 m² təşkil etməsi, icarəçi tərəfindən xx.xx.2021 tarixdən xx.xx.2022 tarixinədək 672 AZN+18% ƏDV olan aylıq icarə haqqının ödənilməsi, müqavilə üzrə ümumi icarə haqqının 1872 AZN+18% ƏDV təşkil etməsi barədə razılığa gəlmişlər.

14. Daha sonra Müqaviləyə xx.xx.2021-ci il tarixli 3 saylı Əlavə ilə tərəflər icarə müqaviləsinə əlavə və dəyişikliklər edərək, “Aga Center” 8-ci mərtəbəsində yerləşən 52 m² ofis sahəsinin icarəçiyə icarəyə verilməsi, icarəçi tərəfindən 8-ci mərtəbədə yerləşən 32 m² sahənin xx.xx.2021-ci il tarixində icarəyəverənə təhvil verilməsi, icarəçi tərəfindən xx.xx.2021 tarixdən xx.xx.2022 tarixinədək 52 m² ofis sahəsinə görə 1196 AZN+18% ƏDV icarə haqqının ödənilməsi, ödənişin elektron vergi hesab fakturası təqdim olunan gündən 10 gün ərzində köçürmə yolu ilə ödənilməli olması, icarə müddətinin xx.xx.2022 tarixinədək olması barədə razılığa gəlmişlər

15. Müqavilə və ona Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

17. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

18. İş materiallarından görünür ki, tərəflər arasında elekton qaimələr əsasında münasibətlər olmuş, belə ki, iddiaçı tərəfindən təqdim edilən qaimələr əsasında cavabdeh ödənişlər etmişdir. Qaimələrlə bağlı etiraz daxil olmamışdır.

19. İş materiallarından görünür ki, iddiaçı tərəf cavabdehə elektron qaimələr göndərilmişdir.

20. Hazırda iddiaçı icarə haqqı üzrə 6.981,78 manat borcun qaldığını bildirərək cavabdehdən xeyrinə tutulmasını xahiş edir.

21. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, sözügedən borcun qaytarılması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 6981,78 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

23. Bundan başqa ödənilmiş məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 91 manat məbləğində pul da Ulduz Firmasından tutularaq İddiaçınə ödənilməlidir.

24. Belə ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında” məlumat qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 91,60 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən icarə haqqı borcu üzrə 6.981 (altı min doqquz yüz səksən bir) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində pul Ulduz Firmasından tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 91 (doxsan bir) manat məbləğində pul Ulduz Firmasından tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar