Məhkəmə qərarları › İş №e-2-2(113)-9394/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9394/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9394/2025 06.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımınca icra olunmaması, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41040AZNSC********** saylı kredit kartı üzrə Overdraft əməliyyatına əsasən 553,97 manat (beş yüz əlli üç manat doxsan yeddi qəpik) əsas, 725,63 manat (yeddi yüz iyirmi beş manat altmış üç qəpik) cərimə olmaqla, cəmi 1279,6 manat (bir min iki yüz yetmiş doqquz manat altmış qəpik) məbləğində borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32,8 (otuz iki manat səksən qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə OnGTC/SE/8661 saylı Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Ümumi şərtlər toplusu çərçivəsində Cavabdeh2 istifadəsinə 41040AZNSC********** saylı hesab açılmışdır. Bildirilir ki, müştərinin xx.xx.2021-ci il tarixində 41040AZNSC********** nömrəli hesab üzrə balansında 3007,63 manat (üç min yeddi manat altmış üç qəpik) məbləğində vəsait olmuşdur. Müştəri xx.xx.2021-ci il tarixdə 41040AZNSC********** nömrəli hesabından 2 dəfə, yəni, 1293,90 manat (bir min iki yüz doxsan üç manat doxsan qəpik) və 599 (beş yüz doxsan doqquz) manat olmaqla, mumilikdə 1892,9 (bir min səkkiz yüz doxsan iki manat doxsan qəpik) manat məxaric etmiş və beləliklə, hesabda 1114,73 manat (bir min bir yüz on dörd manat yetmiş üç qəpik) vəsait qalmışdır. Lakin silinmələr icra olunan zaman texniki xəta baş vermiş, qeyd olunan əməliyyatlar blokdan azad olunaraq, müştəriyə əl çatan olmuşdur. Müştəri tərəfindən xx.xx.2021-ci il tarixdə, yenidən 565 (beş yüz altmış beş) manat və 1103,70 manat (bir min bir yüz üç manat yetmiş qəpik) vəsait məxaric edilmişdir. Bununla da, hesab mənfiyə enmişdir. Borclu Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 41040AZNSC********** saylı kredit kartı üzrə Overdraft əməliyyatına əsasən 553,97 manat (beş yüz əlli üç manat doxsan yeddi qəpik) əsas, 725,63 manat (yeddi yüz iyirmi beş manat altmış üç qəpik) cərimə borcu olmaqla, cəmi 1279,6 manat (bir min iki yüz yetmiş doqquz manat altmış qəpik) məbləğində borc təşkil edir. Qeyd edilən əməliyyatların aparılması cavabdehin bank hesabında öz əksini tapmışdır. Bildirilir ki, müştəri ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasında yaranmışdır. Bundan başqa, ÜŞT-nin ödəniş kartı bölməsi üzrə karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 32,8 manat (otuz iki manat səksən qəpik) dövlət rüsumu ödəmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 954.1, 960.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əvvəlki məhkəmə iclasında cavabdehin ödəniş etməsi ilə əlaqəda bankda dəqiqləşmə aparılandan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən 100 manat məbləğində ödəniş olmuşdur. Lakin cavabdehin hesabına sərəncam qoyulduğundan həmin məbləğ hesaba keçə bilməmiş, bank tərəfindən ayrıca olaraq depozit hesabına yerləşdirilmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman Cavabdeh2 bildirmişdir ki, borcunun olduğunu qəbul edir, lakin borcundan ödənişlər etmişdir. Cərimə məbləği ilə razı deyildir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə OnGTC/SE/8661 saylı Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

9. X1 “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur. X1 “Bank hesabı” adlı hissəsinin 1.1-ci maddəsinə əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Həmin hissənin 5.1-ci maddəsinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. X1 4-cü hissəsinin 3.1-ci maddəsinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.2-ci maddəsinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin hissənin 3.4-cü maddəsinə əsasən faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin hissənin 3.5-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.6-cı maddəsinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. Həmin hissənin 3.11-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Həmin hissənin 3.12-ci maddəsinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

10. Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşmanın məzmunundan görünür ki, Cavabdeh2 bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X1 bankın rəsmi internet səhifəsində https:/www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, bank ilə müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikəri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. Bank müqaviləyə edilən hər bir əlavə və dayişiklik haqqında müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər. Müştəri təsdiq edir ki, onun banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə banka yazılı məlumat verməmişdirsə, bank əlavə və dəyişikliklər barədə məlumatın müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, müştəri daim bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. Razılaşmada izahı verilməyən anlayışlar müqavilədə ifadə olunduğu mənanı daşıyır. Razılaşma ilə müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə razılaşmanın müddəalarına üstünlük verilir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən müqaviləyə xitam verilməsi şərtlər ilə tənzimlənir.

11. xx.xx.2025-ci il tarixli, PB/PBL-OUT-01063-2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri – 41040AZNSC********** saylı kredit kartı üzrə Overdraft əməliyyatına əsasən 533,97 manat əsas borc, 725,63 manat cərimə borcu təşkil edir.

12. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, PB- OUT-02016-2025/2 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, müqavilə üzrə yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 960.2-ci maddəsinə əsasən tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021ci il tarixdə OnGTC-04816LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Ümumi şərtlər toplusu çərçivəsində Cavabdeh2 istifadəsinə 41040AZNSC********** saylı hesab açılmışdır. Müştərinin xx.xx.2021-ci il tarixində 41040AZNSC********** nömrəli hesab üzrə balansında 3007,63 (üç min yeddi manat altmış üç qəpik) manat məbləğində vəsait olmuş, müştəri xx.xx.2021-ci il tarixdə 41040AZNSC********** nömrəli hesabından 2 dəfə, yəni 1293,90 manat (bir min iki yüz doxsan üç manat doxsan qəpik) və 599 (beş yüz doxsan doqquz) manat olmaqla, ümumilikdə 1892,9 manat (bir min səkkiz yüz doxsan iki manat doxsan qəpik) məxaric etmiş və beləliklə, hesabda 1114,73 (bir min bir yüz on dörd manat yetmiş üç qəpik) manat vəsait qalmışdır. Lakin silinmələr icra olunan zaman texniki xəta baş vermiş, qeyd olunan əməliyyatlar blokdan azad olunaraq, müştəriyə əlçatan olmuşdur. Müştəri tərəfindən xx.xx.2021-ci il tarixdə yenidən 565 (beş yüz altmış beş) manat və 1103,70 (bir min bir yüz üç manat yetmiş qəpik) manat vəsait məxaric edilmişdir. Bununla da hesab mənfiyə enmişdir.

17. İddia tələbinin bir hissəsini Cavabdeh2 41040AZNSC********** saylı kredit kartı üzrə Overdraft əməliyyatına əsasən 553,97 (beş yüz əlli üç manat doxsan yeddi qəpik) manat əsas borcun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh2 453,97 manat (dörd yüz əlli üç manat doxsan yeddi qəpik) borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə əsas borcla bağlı hazırkı nəticəyə gəlinərkən nəzərə almışdır ki, cavabdeh tərəfindən ödəniş edilmiş, iddia tərəf məhkəmə iclasında hazırkı halı təsdiqləyərək bildirmişdir ki, cavabdeh tərəfindən 100 manat məbləğində pul vəsaiti ödənilsə də, lakin hesab üzərində sərəncam olduğundan həmin ödəniş hesaba köçməmiş, bank tərəfindən cavabdehin adında ayrıca olaraq qalmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı halda cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaiti əsas borcdan çıxılaraq yerdə qalan məbləğ cavabdehdən tutulmalıdır (553,97-100=453,97).

19. İddia tələbinin digər hissəsini Cavabdeh2 725,63 (yeddi yüz iyirmi beş manat altmış üç qəpik) manat cərimənin tutulması təşkil edir.

20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 tutulacaq cərimə məbləği azaldılaraq 25 (iyirmi beş) manat məbləğində müəyyən edilməli, cərimənin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumua görə 32,80 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

23. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,3 manat (on iki manat otuz qəpik) cavadbehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi hissəsi isə iddiaçıya aid edilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 453,97 manat (dörd yüz əlli üç manat doxsan yeddi qəpik) əsas borc, 25 (iyirmi beş) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,3 manat (on iki manat otuz qəpik) olmaqla, cəmi 491,27 manat (dörd yüz doxsan bir manat otuz iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar