Məhkəmə qərarları › İş №e-2-2(113)-94/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-94/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-94/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə “04” sentyabr 2014-ci il tarixli 008/2014 saylı nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1574510,91 manat əsas, 3226,91 manat faiz və 1817,18 manat cərimə borcu olmaqla, cəmi ******* manat, 400 manat mediasiya xərci, məhkəməyə müraciət olunması üçün ödənilmiş 1756.47 manat dövlət rüsumu, habelə 2.63 manat bank xidmət haqqı, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 136.98 manat rüsum məbləğində pul vəsaiti tutulması, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğ “04” sentyabr 2014-cü il tarixli 008/2014 saylı ipoteka müqavilələrinə əsasən ipoteka predmeti olan, Cavabdeh2 MMC-yə məxsus (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) Şabran rayonu, Gəndob kəndində yerləşən 19.0 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin Şabran filialı iləCavabdeh1 MMCarasında bağlanmış “04” sentyabr 2014-ci il tarixli 008/2014 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 MMC-yəŞabran rayonu ərazisində müasir, tam avtomatlaşdırılmış meyvə çeşidləmə və qablaşdırma sahəsinin yaradılması məqsədilə SKMF vəsaitləri hesabına 120 ay müddətinə illik 3 faizlə 5.000.000,00 (beş milyon) manat kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC iləCavabdeh2 MMCarasında bağlanılmış “04” sentyabr 2014-cü il tarixli 008/2014 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) Şabran rayonu, Gəndob kəndində yerləşən 19.0 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. “04” sentyabr 2014-ci il tarixli 008/2014 saylı kredit müqaviləsinə əsasən 2,728,664.85 manat əsas, 3,761.96 manat faiz və 511.95 manat cərimə borcu olmaqla, cəmi 2,732,938.76 manat borc məbləği mövcuddur. Cavabdeh kreditin qaytarılması haqqında tərəfimizdən xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə, tərəfimizdən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən, mediatora müraciət edilmiş, lakin cavabdehlərlə mediasiya sessiyasında razılıq əldə edilmədiyindən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməməsi barədə” 23 avqust 2022-ci il tarixli arayış verilmiş, həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun tələb edilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər xx.xx.2022-ci il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərinin qeydiyyata alınması üçün tərəfimizdən ümumilikdə 136.98 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən məhkəmə icraatı dövründə ödənişlər edilmiş, bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır. Tərəflər arasında mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim edilməmişdir.

5. Məhkəmə iclasının cavabdehlərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli KR.008/2014 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana SKMF vəsaitləri hesabına 5.000.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür.

8. Müqavilənin 2-ci bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti təqdim etdiyi biznes planına əsasən Şabran rayonu ərazisində müasir, tam avtomatlaşdırılmış meyvə çeşidləmə və qablaşdırma sahəsinin yaradılması məqsədi ilə investisiya layihəsinin maliyyələşdirilməsinə sərf edəcəkdir. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faziləri borc verənə qaytarmağı öhdəsinə götürür.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün üçün illik 3 %lə hesablanır.

10. Müqavilənin 9.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 3 faizlə hesablanan cərimə faizləri ödəməlidir.

11. İddiaçı ilə Cavabdeh1 MMC (borclu) və Cavabdeh2 MMC (ipteka verən) arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli 008/2014 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 04 sentabr 2014-cü il tarixli 008/2014 nömrəli kredit müqaviləsinə əsasən 5.000.000 manat məbləğində açılmış kredit xəttinin və adı çəkilən kreditlə hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Cavabdeh2 MMC-yə məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15068,2 kv.m olan 1 mərtəbəli anbar qeyri-yaşayış binasını ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

12. Müqavilənin 3.3-cü bəndinə əsaəsn ipoteka ilə yüklü edilmiş daşınmaz və daşınan əmlak "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 12 avqust 2014-cü il tarixli 09 saylı ekspert rəyinə əsasən 13.000.000 manat məbləğində qiymətləndirilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 19 ha torpaq sahəsi və üzərində yerləşən Cavabdeh2 MMC-yə məxsus qeyriyaşayış binası iddiaçının xeyrinə ipoyeka ilə yüklü edilmişdir.

14. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış xx/xx/2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 1574510,91 manat, faiz borcu 3226,91 manat, cərimə borcu 1817,18 manat təşkil edir.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 avqust 2023-cü il 9/6263 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, cavabdehin 04 sentytabr 2014-cü il tarixli KR.008/2014 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 2.694.369,70 manat, faiz borcu 1571,72 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 2.410.432,37 manat, faiz borcu 4017,39 manat təşkil edir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarxli 3-16-16/2-10/6114-9/6262 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 19 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri təqribən ******* manat məbləğində müəyən edilmişdir.

17. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

20. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

22. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

23. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

24. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

26. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

27. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

28. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

29. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq isə Cavabdeh2 MMC-yə məxsus ünvan 1ində yerləşən 19 ha torpaq sahəsi göstərilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.

30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-dən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun müəyyən edilməlidir.

31. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli KR.008/2014 nömrəli kredit müqaviləsinə əsasən 1817,18 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

33. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

34. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh1 MMC-nin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən Cavabdeh1 MMC-dən 1574510,91 manat əsas borc, 3226,91 manat faiz borcu, 1817,18 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 MMC-yə məxsus ünvan 1ində yerləşən 19 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşabış binasına yönəldilməli, həmin ipoteka predmeti ilkin satış qiyməti ******* manat müəyyən edilməklə açıq hərracdan satılmalı və əldə edilmiş vəsait hesabına göstərilən borc tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh2 MMC-yə qaytarılmalı, ipoteka predmeti olan torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası açıq hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh2 MMC tərəfindən tərk edilmədiyi halda onun tərəfindən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası boşaldılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 2156,47 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

37. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizalarının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 200 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri isə 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspertiza xərcləri də cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMC-dən 1574510,91 manat əsas borc, 3226,91 manat faiz borcu, 1817,18 manat cərimə, ödənilmiş 2296,08 manat dövlət rüsumu, ümumilikdə 1.581.851,08 (bir milyon beş yüz səksən bir min səkkiz yüz əlli bir manat səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 MMC-yə məxsus ünvan 1ində yerləşən 19 ha torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binasına yönəldilsin. Həmin ipoteka predmeti ilkin satış qiyməti 8.543.000 (səkkiz milyon beş yüz qırx üç min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 1.581.851,08 (bir milyon beş yüz səksən bir min səkkiz yüz əlli bir manat səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 MMC-yə qaytarılsın. İpoteka predmeti olan torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası açıq hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh2 MMC tərəfindən tərk edilmədiyi halda onun tərəfindən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası boşaldılsın. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı ümumilikdə 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Hikmət Aqro” MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar