Məhkəmə qərarları › İş №e-2-2(113)-940/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-940/2021

09.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-940/2021 09.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı avtonəqliyyat qəzası nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən avtonəqliyyat qəzası nəticəsində vurulmuş 22406,2 manat (iyirmi iki min dörd yüz altı manat iyirmi qəpik) məbləğində zərər, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyətinin məqsədi öhdəsində olan avtomobil yollarının, prospektlərin, küçələrin və bu yollardakı yol qurğularının əsaslı, orta, cari təmiri və saxlanması üzrə işi təşkil etmək, həmin yollarda nəqliyyat vasitələrinin müəyyən edilmiş sürətlə və ağırlığına görə fasiləsiz, maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaratmaq, texniki əlamətlərinə görə həmin yolların və bu yollardakı yol qurğularının vaxtından əvvəl dağılması hallarının qarşısını almağa yönələn tədbirlər görmək, həmin avtomobil yollarının və bu yollardakı yol qurğularının təmiri və saxlanmasını müasir tələblərə uyğun, yol siyasətini isə beynəlxalq tələblərə uyğun təşkil etmək, avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi üçün layihəçi və podratçı təşkilatların seçilməsi məqsədi ilə keçirilən tenderlərdə (müsabiqələrdə) müvafiq qanunvericiliyə uyğun olaraq iştirak etmək, plan və tapşırıqların yerinə yetirilməsinə nail olmaq, əmək məhsuldarlığının yüksəlməsi, istehsalın rentabelliyinin artırılması, yol texnikasının təmir və istifadəsinin yaxşılaşdırılması, yol tikinti materiallarından və xammaldan səmərəli istifadə edilməsi məqsədi ilə tədbirlər işləyib hazırlamaq və həyata keçirməkdən ibarətdir. 29 mart 2020-ci il tarixində, Bakı şəhəri, Nərimanov rayonu, Qələbə (1,2,3) meydanında tunel-tipli yol qovşağında Cavabdehnə məxsus **-JZ-*** dövlət nömrə nişanlı “Karsan” markalı sərnişin avtomobilinin törətdiyi yol nəqliyyat hadisəsi zamanı dövlət vəsaiti hesabına inşa edilmiş tuneli yararsız hala salmışdır. Həmin hadisə zamanı iddiaçı Cəmiyyətə 27406,2 (iyirmi yeddi min dörd yüz altı manat iyirmi qəpik) məbləğində zərər vurulmuşdur. Faktla bağlı Bakı şəhər X5 İdarəsi tərəfindən 29 mart 2020-ci il tarixində TP 544751 saylı inzibati xəta haqqında Qərar qəbul edilmiş və Cavabdehnə məxsus **-JZ-*** dövlət nömrə nişanlı “Karsan” markalı avtomobili yol vərəqəsi əsasında idarə edən sürücü Vəkilov Tahir Rəşid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdehnə məxsus **-JZ-*** dövlət nömrə nişanlı “Karsan” markalı sərnişin avtomobilinin icbari qaydada sığortalandığı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yoltəsərrüfatına dəymiş zərərin müəyyən qismi, yəni 5000 (beş min) manat məbləğində pul ödənilsə də, qalan 22406,02 manat (iyirmi iki min dörd yüz altı manat iyirmi qəpik) məbləğində zərər iddiaçıya ödənilməmişdir. Cavabdehə zərərin ödənilməsi barədə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı rəsmi məktubla müraciət olunsa da, bu günədək heç bir nəticə əldə edilməmiş və cavabdeh öhdəliyini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - 29.03.2020-ci il tarixdə Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokoldan görünür ki, “Karsan Atak avtobus” markalı, 99JZ275 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəkilov Tahir Rəşid oğlu AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - 29.03.2020-ci il tarixdə Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Karsan Atak avtobus” markalı, 99JZ275 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəkilov Tahir Rəşid oğlu AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 01.04.2020-ci il tarixli, 1705/20 saylı Arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Karsan” markalı, 99JZ275 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəkilov Tahir Rəşid oğlu olmuşdur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünavnlanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin xidmətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında şirkətinizdə sığortalanan “Karsan” markalı, 99JZ275 dövlət qeydiyyat nişanlı avtomobillə 29.03.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş və Dövlət vəsaiti hesabına inşa edilmiş həmin tunel tipli yol qovşağına 27406,20 (iyirmi yeddi min dörd yüz altı manat iyirmi qəpik) manat məbləğində ziyan dəymişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş 30.03.2020-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında “Karsan” markalı, 99JZ275 dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol nəqliyyat hadisəsi zamanı, dövlət vəsaiti hesabına inşa edilmiş həmin tunelə vurulmuş ziyanın məbləği ümumilikdə 27406,20 manat təşkil edir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06.07.2020-ci il tarixdə verilmiş PGU- 201448 nömrəli Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, 29.03.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə AAY Dövlət agentliyinə 5000 manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən pretenziya qaydasında məktubla Cavabdehnə müraciət edilərək 5 iş günü müddətində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2021-ci il tarixli, 10/1123 saylı ekspert rəyindən müəyyən olunur ki, 29.03.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Qələbə (1,2,3) meydanında tunel-tipli yol qovşağında Cavabdehnə məxsus olmuş **-JZ-*** dövlət nömrə nişanlı “Karsan” markalı avtonəqliyyat vasitəsi tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində tuneldə yaranmış qüsurların yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 5190 manat məbləğində olduğu müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli, 9/7139 saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin direktoru Eldar Məmmədov tərəfindən tərtib edilmiş arayışa əsasən 29.03.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Qələbə (1,2,3) meydanında tunel-tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tuneldə olmuş Led monitor Smd P4 outdoor 4x2, metal karkaz, monitorun quraşdırılması, proqram təminatı və UPS-yə vurulmuş ziyanın məbləği 22136 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 29 mart 2020-ci il tarixdə Cavabdehnə məxsus “Karsan” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilən yol-nəqliyyat hadisəsi nəticəsində dövlət vəsaiti hesabına inşa edilmiş tunel və tuneldəki avadanlıqlar yararsız hala düşmüş və nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə zərər dəymişdir. İş üzrə keçirilmiş ekspertizalar nəticəsində verilmiş ekspert rəylərindən müəyyən edilir ki, sözügedən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ümumilikdə 27326 manat məbləğində zərər dəymişdir. Yol nəqliyyat hadisəsini törətmiş “Karsan” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari qaydada sığortalandığı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş zərərin bir qismi, yəni 5000 (beş min) manat məbləğində pul iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə işin faktiki hallarını, qeyd olunan qanunvericilik normalarını və 03 avqust 2021-ci il tarixli, 10/1123 saylı və 12 noyabr 2021-ci il tarixli, 9/7139 saylı ekspert rəylərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 22326 manat (22136 + 5190 = 27326 manat zərər – 5000 manat ödənilmiş məbləğ = 22326 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qala hissədə isə təmin olunmamalıdır. İddiaçı hüquqi yardım göstərilməsi üçün 160 (yüz altmış) manat məbləğin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və hüquqi yardım xərci olaraq 160 (yüz altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 22326 (iyirmi iki min üç yüz iyirmi altı) manat məbləğində zərər, 160 (yüz altmış) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 22516 (iyirmi iki min beş yüz on altı) manat məbləğində pul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar