Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9416/2025 27.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, əsas borc, dəbbə pulu) Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 231682.31 (iki yüz otuz bir min altı yüz səksən iki manat otuz bir qəpik) manat (ədv daxil) məbləğində pulun və ödənilmiş 522 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 13 avqust 2024-cü il tarixinə, №240813 saylı Alqı-satqı müqavilə bağlanılmışdır. Qeyd edilən müqavilə şərtlərinə əsasən İddiaçı MMC (İcraçı), Cavabdeh MMC-yə (Sifarişçi) havalandırma sisteminə aid avadanlıqların satışını həyata kecirmişdir. Müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “Alıcı” malın dəyərini “Satıcı”nın təqdim etdiyi e-qaimə fakturanı aldıqdan sonra 30 (otuz) təqvim günü ərzində nağd və ya köçürmə yolu ilə həyata keçirir. 5.2. bəndində qeyd edilir ki; Mallar alıcıya təhvil-təslim aktı və ya elektron qaiməyə əsasən təhvil-təslim olunduqdan və imzalandıqdan sonra müqavilənin 5.1 bəndinə əsasən ödəniş müəyyən olunmuş müddət ərzində ödənilmədikdə, hər gecikən gün üçün gecikdirilən məbləğin 0.5 %-i qədər cərimə hesablanıb ödənilməlidir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024 cü il tarixi aralığında qaimələr üzrə cavabdeh təşkilata 292278.09 (iki yüz doxsan iki min iki yüz yetmiş səkkiz manat sıfır doqquz qəpik) manat (ədv daxil) məbləğində elektron qaimə göndərilmişdir. Bu məbləğdən 60595.78 (altmış min beş yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat (ədv daxil) ödənilmiş, 231682.31 (iki yüz otuz bir min altı yüz səksən iki manat otuz bir qəpik) manat ədv daxil məbləğ bu günədək ödənilməmişdir. Ödənilməmiş əsas məbləğin cəriməsi 317090.60 (üç yüz on yeddi min doxsan manat altmış qəpik) manat,ədv məbləğinin cəriməsi 57076.32 (əlli yeddimin yetmiş altımanat otuziki qəpik) manat edir. Cəmi borc 605849.23 (altı yüz beş min səkkiz yüz qırx doqquz manat iyirmi üç qəpik) manat (ədv daxil) təşkil edir. Bu günkü tarixədək cavabdeh təşkilatın 196340.93 (yüz doxsan altı min üç yüz qırx manat doxsan üç qəpik) manat əsas, 35341.38 (otuz beş min üç yüz qırx bir manat otuz səkkiz qəpik) manat ƏDV, 376 166.92 (üç yüz yetmiş altı min yüz altmış altı manat doxsan iki qəpik) manat cərimə borcu vardır. 13 avqust 2024-cü il tarixində, №240813 saylı müqavilənin bəndlərində nəzərdə tutulmuşdur ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə mübahisələrə məhkəmədə baxılacaqdır. Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixində Pretenziya (xəbərdarlıq) göndərilmişdir. Cavabdeh MMC Pretenziya (xəbərdarlıq) ərizəsini rəsmi qayda da alsa da bu günkü günədək heç bir cavab verməmişdir. Cavabdeh təşkilat 13 avqust 2024-cü il tarixli, №240813 saylı“Alqı-satqı Müqaviləsi” üzrə öz öhdəliyini icra etməyərək cəmi; 231682.31 (iki yüz otuz bir min altı yüz səksən iki manat otuz bir qəpik) manat (ədv daxil) məbləğində pul vəsaitinin ödənilməsini təmin etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) müvafiq maddələri göstərilmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 231.682,31 (iki yüz otuz bir min altı yüz səksən iki manat otuz bir qəpik) manat (ədv daxil) məbləğində pul vəsaitinin, 422.849,41 manat cərimə məbləği olmaqla, cəmi 654.531,72 manat məbləğində pulun və ödənilmiş 945 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh elektron məhkəmə sisteminə yazılı etiraz ünvanlayaraq, İddiaçı həmin dəliləri əsassızdır. Belə ki, İddiaçı MMC və Cavabdeh MMC arasında mövcud olan 13 avqust 2024-cü il tarixli, №240813 saylı alqı-satqı müqaviləsinə dair öhdəlikləri vicdanlı şəkildə həyata keçirmişdir. Heç bir borcları yoxdur. Bütün ödənişləri tam formada həyata keçirmişdir. İddiaçının iddia etdiyi borc məbləğinə dair hər hansı bir üzləşmə aktı, təhviltəslim aktları mövcud deyildir. İddiaçının istinad etdiyi e-qaimələr elektron məhkəmə sisteminə yüklənməmişdir, yüklənmiş olsa belə, birtərəfli olduğundan hər hansı bir hüquqi qüvvəyə malik deyildir. Qeyd olunanlar iddiaçının tələbinin əsassız olmağını, tərəflər arasında hər hansı bir hüquq münasibətinin mövcud olmadığını göstərir. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında iddia predmeti ilə bağlı işlərin görülməsi ilə bağlı hər 2 hüquqi şəxs (onların vəzifəli şəxsləri) arasında yalnız 60.595,78 manat məbləğində alqı-satqı münasibətləri mövcud olmuş, buna dair ödənişlər isə tam formada həyata keçirilmişdir. İddiaçının iddia etdiyi digər məbləğlərə dair birtərəfli qaydada tərtib edilmiş İNVOİCE-ların Cavabdeh MMC ilə hər hansı bir bağlılığı yoxdur, buna dair hər hansı bir dəlil mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, e qaimədən əvvəl görülmüş işlərlə bağlı təhvil təslim aktları mövcud olmalıdır. Göstərilənlərə əsasən, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, etirazı əsassız hesab edir. Təqdim edilən sənədlər də təsdiq edilir ki, hər bir sənəd cavabdeh tərəfdən möhürlənmiş və imzalanmışdır.
7. İddiaçının qanuni təmsilçisi Nəsibov Pərvin əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, onlar mexanik,elektrik, santexnik, havalandırma və yanğın siqnalizasiyası ilə bağlı avadanlıqlarının satışı ilə məşğul olurlar. Onlar materialın satışını həyata keçirir. Qarşı tərəf quraşdırma işlərini həyata keçirirdi. Mübahisənin yaranma səbəbi ondan ibarət idi ki, Cavabdeh MMC Crescentin binasında işləyirdi. Onların verdikləri qiymətlə layihə düz gəlmədi. Onlar eyni zamanda X2 layihəsini işləyirdilər. Cavabdeh MMC onlardan aldıqları malları Crescentin binasında istifadə ediblər. Crescentə göstərdikləri xidmətə görə onlara verilən vəsaitdən ödəniş etmədilər. Bildirdilər ki, özlərinin obyketini satışa çıxaracaqlar. Ondan sonra ödəniş edəcəklər. Verilən etiraz isə sadəcə prosesi uzatmaq məqsədilə verilmişdi. Məhkəməyə iddia tələbi verilməzdən əvvəl qarşı tərəflə eyni zamanda təsisçi ilə görüşmüşdür. Onlar obyektin satışından sonra ödəniş edəcəklərini bildirsələr də, 1 ildən artıq müddətdir ki, heç bir ödəniş edilməyib. Üzləşdirmə aktı tərtib etməyə ehtiyac yox idi, çünki bütün sənədləri onlar möhürləyib və təsdiq ediblər.
8. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, nümayəndənin mobil telefon nömrəsinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, №240813 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən satıcı Müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya Qaimə-fakturaya əsasən (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri şifahi razılaşma və hər dəfə göndərilmiş elektron-qaimə faktura ilə müəyyən olunur. Malın qiyməti və miqdarı hər dəfə göndərilmiş elektron-qaimə faktura ilə müəyyənləşdirilir. “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən göndərilmiş sifarişi qəbul etdikdən sonra 10 (on) iş günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə E qaimə fakturanı və ya təhvil-təslim aktını “Alıcı”ya təqdim etməlidir. Müqaviləyə əsasən “Alıcı” malın dəyərini “Satıcı”nın təqdim etdiyi e qaimə fakturanı aldıqdan sonra 30 (otuz) təqvim günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Mallar alıcıya təhvil-təslim aktı və ya elektron qaiməyə əsasən təhvil-təslim olunduqdan və imzalandıqdan sonra müqavilənin 5.1 bəndinə əsasən ödəniş müəyyən olunmuş müddət ərzində ödənilmədikdə, hər gecikən gün üçün gecikdirilən məbləğin 0.5 %-i qədər cərimə hesablanıb ödənilməlidir.
11. 15.08.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan Qiymətlərin Razılaşdırılması protokolundan görünür ki, müxtəlif mallar müxtəlif qiymətə razılaşdırılmış və protokollar tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan təhvil-təslim aktlarından görünür ki, ümumilikdə 292.278,09 manat məbləğində müxtəlif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş və təhvil-təslim aktları hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan elektron qaimələrdən görünür ki, ümumilikdə 292.278,09 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödəniş üçün təqdim edilmiş və e-qaimələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. İddia ərizəsinin əsaslandırılmasından və cavabdehin yazılı etirazından görünür ki, iş üzrə 60.595,78 manat pul məbləğinin ödənilməsi işin mübahisəsiz halıdır.
15. İddiaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2025-ci il tarixli Pretenziya məktubuna əsasən borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmişdir.
IV. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.
21. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
22. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
26. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
27. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
VI.Məhkəmənin əsaslandırması:
39. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
40. İş üzrə iddiaçı cavabdehdən 231.682,31 (iki yüz otuz bir min altı yüz səksən iki manat otuz bir qəpik) manat (ədv daxil) məbləğində pul vəsaitinin, 422.849,41 manat cərimə məbləği olmaqla, cəmi 654.531,72 manat məbləğində pulun və ödənilmiş 945 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
41. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh yazılı etirazında heç bir borclarının olmadığını, iddiaçının iddia etdiyi borc məbləğinə dair hər hansı bir üzləşmə aktı, təhvil-təslim aktlarının mövcud olmadığını, iddiaçının istinad etdiyi e-qaimələrin elektron məhkəmə sisteminə yüklənmədiyini qeyd etsə də, iş materiallarında olan sənədlərə əsasən iddiaçı təhvil təslim aktlarını və elektron qaimələri elektron məhkəmə sisteminə əlavə etmiş və həmin sənədlər iddiaçı və cavabdehin imzası və möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda cavabdeh heç bir borcunun olmadığını bildirsə də, həmin sənədlərə əsasən iddiaçı cavabdehə 292.278,09 manat dəyərində mal satmış, həmin malların dəyərindən 60.595,78 manat ödənilmiş, qalan 231.682,31 manat isə ödənilməmişdir. Həmçinin, iddiaçının qanuni təmsilçisi məhkəmə hazırlıq iclasında bütün sənədlərin cavabdeh tərəfindən möhür və imza ilə təsdiq edildiyindən, üzləşdirmə aktının tərtib olunmasına ehtiyacın olmadığını bildirmişdir.
42. Göründüyü kimi, satıcı müqavilə üzrə öhdəliyini icra etsə də, alıcı ona təhvil verilmiş malların qiymətini tam ödəməyərək öz öhdəliyini pozmuşdur.
43. Odur ki, yuxarıda qeyd olunan işin faktki halları nəzərə alınmaqla, iddiaçının Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələbi baxımından müqavilədən irəli gələn öhdəliyin icra edilməsini tələb etmək hüququ əsaslıdır və sübutlarla təsdiq edilən 231.682,31 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Bundan başqa iddiaçı cavabdehdən 422.849,41 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir.
45. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 11.584 manat müəyyən olunmalıdır.
Məhkəmə xərcləri ilə bağlı
46. İddianın verilməsi üçün iddiaçı tərəfindən 945 manat dövlət rüsumu ödənilmişdir və iddia qismən təmin edildiyindən ödənilmiş 945 manat dövlət rüsumunun 350,60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Vİİ.Nəticə:
47. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 231.682,31 manat məbləğində borc, 11.584 manat məbləğində cərimə və 350,60 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü tarixli, №240813 saylı alqı-satqı müqaviləsi üzrə 231.682,31 (iki yüz otuz bir min altı yüz səksən iki manat otuz bir qəpik) manat məbləğində əsas borc, 11.584 (on bir min beş yüz səksən dörd) manat məbləğində cərimə borcu və 350,60 (üç yüz əlli manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Əliyev