Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9417/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:enerjinin bərpa edilməsi) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik xətlərinin bərpa edilərək enerji təchizatı şəbəkəsinə qoşulması və sair tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 61.20 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə, Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə, ünvan 5ndə yerləşən 24.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Tərtər şəhəri, Nizami küçəsində yerləşən 32.30 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə texniki şərt verilməklə əvvəllər kəsilib götürülmüş elektrik xətlərinin bərpa edilərək enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik saygacının qaytarılıb yerinə quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xüsusi mülkiyyətimizdə olan qeyri-yaşayış sahələrinə texniki şərt verilməklə əvvəllər kəsilib götürülmüş elektrik xətlərinin bərpa edilərək enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik saygacının qaytarılıb yerinə quraşdırılması hərəkətlərini etməyə cavabdehi məcbur edən qətnamə çıxarılması tələbi barədə/ Bildirirəm ki, rəhbərlik etdiyim Tərtər rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi 1997-ci ildə özəlləşdirilərəkAzərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin xx.xx.1997-ci il tarixli, 553№-li Sərəncamına uygun olaraq onun bazasında TərtərMəişət Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 1958-ci ildə Tərtər şəhəri, H.Əliyev prospektndə (bazarla qarşı-qarşıya olan qeyri-yaşayış binalarında), Tərtər şəhəri Famil Qulami küçəsində və Tərtər şəhəri Nizami küçəsində Tərtər-Məişət ASCnə məxsus tək binalara 3 faza işıq çəkilmişdir. Lakin onun kabelləri və işıq saygacları kabelləşmə dövründə, yəni təxminən 2007-2009-ci illərdə Tərtər rayon İşıq İdarəsi tərəfindən götürülüb aparılmışdır. Həmin vaxtdan indiyədək olan müddət ərzində Tərtər-Məişət ASC-nə məxsus binalara elektrik xətt gəlmir və bu səbəbdən də iş yerində işıq yoxdur. Hazırda qonşulardan işıq alıb işlədirik. Bu məsələnin həll edilməsi, yəni İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 61.20 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə, Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə, ünvan 5ndə yerləşən 24.00 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə və Tərtər şəhəri, Nizami küçəsində yerləşən 32.30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə saygac qoyulmaqla elektrik xətti çəkilməsinə və kəsilmiş xətlərin bərpa edilməsinə dair müvafiq qərar qəbul edilməsi barədə cavabdehə dəfələrlə müraciət etsək də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Cavabdehin mənə göndərdiyi xx.xx.2024-cü il tarixli, 13-13/2-2/7- 04-Ə-4365- 5/2024№-li sonuncu məktubunda isə İddiaçı ASC-yə məxsus binanın üzərindən "xxxx" ASC-yə məxsus 6 kv-luq elektrik verilişi xəttinin keçməsi və bu da xəttin mühafizə zonasını pozması, hesabat elektrik saygacının quraşdırılması və abunə kodunun açılması « ASAN Xidmət » və ya « ASAN Kommunal » Mərkəzi vasitəsi ilə həyata keçirildiyindən, tələb olunan müvafiq sənədlərlə mərkəzə müraciət etməyin tövsiyyə olunması bildilmişdir. Bu halda hesab edirəm ki, qeyri-yaşayış sahəsinin sayğacla təmin olunmaması mənim mülkiyyətçi kimi hüquqlarımı pozur. Buna görə də mən cavabdehin bu imtina məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edərək hazırki iddia ilə Gəncə İnzibati məhkəməsinə məhkəməyə müraciət etməli oldum. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1096/2025№-li qərardadına əsasən iddia ərizəm mümkün sayılmamış və məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya məhkəməsinə müraciət etməli oldugum izah edilmişdir. Ona görə də təkrar olaraq Bakı Kommersiya məhkəməsinə müraciət etməli oldum və ümid edirəm edirəm ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır. II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, "xxxx" ASC-nin heç vaxt İddiaçı ASC adında abnenti olmamışdır bu səbəbdən bu iddia tamamilə əsassızdır və rədd edilməlidir.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçıya cavab olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi üçün "xxxx" ASC-nin elektron xidmətlər portalı və “ASAN Kommunal" mərkəzləri vasitəsi ilə müraciətiniz qeydə alınmamışdır.Məlumat üçün bildiririk ki, "xxxx" ASC tərəfindən tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Elektroenergetika haqqında Qanun”a edilmiş əlavə dəyişikliklərlə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilmişdir.Qeyd olunanları nəzərə alaraq, yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi ilə təchizatı, yeni qüvvəyə minmiş Qanunun tələblərinə əsasən, mülkiyyəti təsdiq edən sənədi və tikintisinə icazə verilmiş tikinti obyektinin (yaşayış və qeyriyaşayış) müvafiq sənədini daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirilə bilər. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədləri qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin enerji təchizatı müəyyən olunmuş müddət ərzində Səhmdar Cəmiyyət tərəfindən təmin edilir.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi trəfəindən verilmişn çıxarışa əsasən Tərtər şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi trəfəindən verilmişn çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı ASC-nin mülkiyyətindədir.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi trəfəindən verilmişn çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı ASC-nin mülkiyyətindədir.
V. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” - 1.3. Enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. - 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqısatqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). - 1.5. Girişləri enerji təchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerji təchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqısatqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. İstehlakçının paylayıcı qurğusunun enerji təchizatı müəssisəsinin balansına verilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir. - 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - 7.6. Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - 7.8. Bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” - 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. - 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. ... - 1.11. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 3 (üç) iş günü ərzində qoşulur. ... - 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. - 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerji təchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerji təchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. - 2.16-cı bəndindən görünür ki, texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: - 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); - 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda.
13. AR MPM-in: -14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
15. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
17. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). VI. Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 61.20 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə, Tərtər şəhəri, H.Əliyev prospekti ev 85 ünvanında yerləşən 19.00 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə, ünvan 5ndə yerləşən 24.00 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Tərtər şəhəri, Nizami küçəsində yerləşən 32.30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə əvvəllər kəsilib götürülmüş elektrik xətlərinin bərpa edilərək enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik saygacının qaytarılıb yerinə quraşdırılmasını tələb edir.
20. Məhkəmə qeyd edir ki, cavabdeh təbii inhisar subyekti olduğundan və iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri yoxdur və iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmamışdır. İddiaçının məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı, əvvəllər elektrik enerjisinin olması, sayğacın çıxarılması və s hallarla bağlı hec bir sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı qanunvericiliyin tələblərinə yğun şəkildə texniki şərtin verilməsi və onunla müqavilə bağlanılması üçün heç bir müraciəti olmamış, yalnız elekrik enerjisinin bərpa edilməsini tələb etmişdir.
21. Belə ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız "xxxx" ASC –nin xx.xx.2023-cü il tarixli məktubu əlavə edilmişdir.
22. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.
23. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
24. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.
25. Odur ki,məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “texniki şərtin verilməsi və sair tələbinə dair iddia ərizəsi təmin oluna bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik xətlərinin bərpa edilməsi və sair” tələbinə dair iddiası rədd edilsin. 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova