Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-943/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 42275,05 manat məbləğində əsas kredit borcunun, 4686,58 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 719,42 manat məbləğində cərimə borcunun, cəmi 47681,05 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 233,05 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cu il tarixli 40280***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2 120 ay müddətinə 300000 manat məbləğində kredit limitiayrılmışdır. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 40FİZAM131987101 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2023-ci il tarixli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 19% dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə,eləcədə öhdəlik üzrə zamin Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 42275.05 manat məbləğində əsas kredit borcu, 4686.58 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 719.42 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 47681,05 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (Kreditverən) və Cavabdeh2 (Borcalan) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 40280***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən “Kreditverən” “Borcalan”a 300000 AZN məbləğində 120 ay müddətinə, xx.xx.2033-cü il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. İddiaçı ASC (Kreditverən) və Cavabdeh2 (Borcalan) arasında imzalanmış 01 may 2023-cü il tarixli xx.xx.2023-cü il tarixli 40280***-*******01L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına əsasən, Kreditverən (Bank) xx.xx.2023-cü il tarixli 40280***-*******01L saylı əsas kredit limiti razılaşması çərçivəsində illik 19 faiz dərəcəsi ilə xx.xx.2026 tarixədədək, 0 ay güzəşt müddəti olmaqla 50000 manat məbləğində borc pul vəsaitini Avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə Borcalana verir, “Borcalan” bu kreditin verilməsinə görə 500 (beş yüz) AZN məbləğində xidmət haqqı ödəməyi və ya kreditin verilməsinə görə hesablanmış 500 (beş yüz) AZN xidmət haqqı 40280***-*******01L saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəməyi öhdəsinə götürür. İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2023-cü il tarixli 40F1ZAM131987101 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulmsı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kredit qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İddiaçı ASC və Cavabdeh2 arasında imzalanmış 28 aprel 2023-cü il tarixli Razılaşma üzrə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 50000 manat olan kreditə görə Cavabdeh2 01 iyun 2023-cü il tarixdən 01 may 2026-cı il tarixinə qədər hər ayın 1-i (və ya 2-i) 1833,41 manat, sonuncu ay 1833,36 manat ödəməlidir. 04 sentyabr 2024-cü il tarixli Cavabdeh2 İddiaçı ASC-yə olan kredit borcunun faizlərini və penyanın hesablanması haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə 42275,05 manat əsas borc, 4686,58 manat faiz borcu, 719,42 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli **********19 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 233,05 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh2 oğlu arasında imzalanmış xx.xx.2023-cu il tarixli 40280***-*******01L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 01 may 2023-cü il tarixli Razılaşmaya əsasən “Kreditverən” xx.xx.2023-cü il tarixli 40280***-*******01L saylı əsas kredit limiti razılaşması çərçivəsində illik 19 faiz dərəcəsi ilə xx.xx.2026 tarixədədək 50000 manat məbləğdə kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaya qarşı heç bir etiraz etməmişlər. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İddiaçı eyni zamanda cavabdehlərdən 719,42 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Lakin tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə məbləği haqqında razılaşma öz əksini tapmamışdır. Halbuki Mülki Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır, əks halda dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Bu səbəbdən məhkəmə, tərəflər arasında dəbbə pulu haqqında yazılı razılaşmanın olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cərimə məbləğinin tutulməsi hissəsində təmin edilə bilməz. Beləliklə məhkəmə, işin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq hesab edir ki, hesab edir ki, cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cu il tarixli 40280***-*******01L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan Razılaşma üzrə 42275,05 manat əsas borc, 4686,58 manat faiz borcu tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 233,05 manat dövlət rüsumunun 230,89 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 42275,05 manat əsas borc, 4686,58 manat faiz borcu olmaqla cəmi 46961 (qırx altı min doqquz yüz altmış bir) manat 63 (altmış üç) qəpik borc və ödənilmiş dövlət rüsumunun 230 (iki yüz otuz) manat 89 (səksən doqquz) qəpiyinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-943/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-943/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver