Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-945/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı kredit müqaviləsi üzrə əsas borca görə 17472,78 manat, faiz borcuna görə 3660,19 manat, cərimə borcuna görə 3307,76 manat olmaqla borcun cəmi məbləğində 24440,73 manat məbləğində borcun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 65,77 kv.m ümumi sahədən ibarət mənzilinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) 119000 manat məbləğində müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı kredit müqaviləsi üzrə cəmi 24440,73 manat borcun və 210 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Səbail filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı Kredit müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 30500 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh2 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi: Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2021ci il tarixli, RBSB-6438 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” Maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh2 xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 17472,78 manat, faiz borcuna görə 3388,59 manat, cərimə borcuna görə 2995,24 manat olmaqla borcun cəmiməbləğində 23856,61 manat pul təşkiledir. xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 65,77 kv.m ümumi sahədən ibarət mənzili iddiaçı qarşısında xx.xx.2021-ci il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı kredit müqaviləsinin 4.3.5-ci bəndinə əsasən, “Borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə mediasiya tətbiq edilir. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00916 saylıarayışdan görünür ki, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Y.İsgəndərova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
5. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBSB-6438 nömrəli baş kredit müqaviləsinə əsasən bu müqavilənin predmeti borc verənin bu müqavilənin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən borc verənlə bağlanacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana aşağıdakı şərtlərlə bərpaolunmayan kredit limitinin ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində borc verən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən bu müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və krediti qaytarmasına dair pul öhdəliyidir.
8. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBSB-6438 nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana investisiya qoyuluşları məqsədilə 30500 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kredit ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.
9. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBSB-6438 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 ilə kreditor arasında bağlanmış RBSB-6438 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
10. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RBSB-6438 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanında yerləşən 65,77 kv.m ümumi sahəsən ibarət mənzili İddiaçı ASC və Cavabdeh2 arasında bağlanılan xx.xx.2021-ci il tarixli RBSB-6438 saylı Baş Kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 adına rəsmiləşdirilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xeyrinə hüququ yüklü edilmişdir.
13. 28.12.2023-cü il tarixli RB02/PK-5382 nömrəli arayışdan görünür ki, borcu Cavabdeh2 07 iyul 2021-ci il tarixli RBSB-6438 saylı müqaviləsi üzrə 26 dekabr 2023-cü il tarixinə olan əsas borcu 17472,78 manat, faiz borcu 3388,59 manat, cərimə borcu 2995,24 manat, ümumilikdə borcu 23856,61 manat təşkil edir.
14. 29.01.2024-cü il tarixli RB02/PK-263 nömrəli arayışdan görünür ki, borcu Cavabdeh2 07 iyul 2021-ci il tarixli RBSB-6438 saylı müqaviləsi üzrə 24 yanvar 2024-cü il tarixinə olan əsas borcu 17472,78 manat, faiz borcu 3660,19 manat, cərimə borcu 3307,76 manat, ümumilikdə borcu 24440,73 manat təşkil edir.
15. "xxxx" MMC tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli LP-235/2023 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 65,77 kv.m ümumi sahədən ibarət mənzilin bazar qiyməti 128000 manat, likvid qiyməti isə 119000 manat təşkil edir.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
19. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
22. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
23. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
24. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
25. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
26. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
27. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
28. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
29. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
30. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
31. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq isə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 65,77 kv.m ümumi sahədən ibarət mənzil göstərilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.
32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.
33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 3307,76 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 800 manat məbləğində müəyyən edilməlidir.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.
39. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli nömrəli ekspert rəyinə uyğun müəyyən edilməlidir.
40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 17472 manat əsas krеdit bоrcu, 3660,19 manat faiz bоrcu, 800 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 65,77 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilməli, həmin ipoteka predmeti ilkin satış qiyməti 119000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və əldə edilmiş vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 200 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 55 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir.
43. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, 300 manat ekspertiza xərci də cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 birgə qaydada 17472,78 manat əsas borc, 3660,19 manat faiz borcu, 800 manat cərimə, ödənilmiş 255 manat dövlət rüsumu, ümumilikdə 22187,97 (iyirmi iki min bir yüz səksən yeddi manat doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. Həmin ipoteka predmeti ilkin satış qiyməti 119000 (bir yüz on doqquz min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 22187,97 (iyirmi iki min bir yüz səksən yeddi manat doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova