Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9461/2025 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə 380171-CNS-49865 nömrəli Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması imzalanmışdır. Həmin razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması təyinatı ilə, illik 22% dərəcəsi ilə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2025-ci il tarixdə tərəflər arasında xx.xx.2023-cü il tarixli, 380171-CNS- 49865 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən Borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən, kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımı qaydada icrasını təmin etmək məqsədilə tərəflər krediti restrukturizasiya edərək, Boıcalanın xx.xx.2025-ci il tarixinə olan “Kredit Müqaviləsi"ndən irəli gələn öhdəlikləri kapitallaşdırılaraq 11249,79 manat (bundan sonra «Kredit məbləği» adlandırılacaq) müəyyən edilmişdir. Razılaşmanın: 2.1. 2-ci bəndinə əsasən, hazırkı Əlavə Razılaşmanın 1-ci bəndini nəzərə alaraq Tərəflər “Kredit Müqaviləsi”nin aşağıda sadalanan bəndlərini növbəli redaksiyada verilmişini qəbul və təsdiq edirlər: - 3.3. Kreditin müddəti: Kredit alan krediti tam məbləğdə xx.xx.2028-ci il tarixində və ya Kredit Müqaviləsində nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. “Kredit müddəti”nin bitmə tarixi qeyri-iş gününə düşdükdə, əlavə günlərə faizlərin hesablanması şərti ilə qeyri-iş günündən sonrakı ilk iş günü başa çatır; - 3.4.1. Kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 20 % olmaqla və krediti müqaviləsinin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır və s.
3. Kredit müqaviləsinə 1 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, aylıq ödəniş 374,5 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit ödənişi sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 297 manat məbləğində edilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 380171-CNS-49865/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 10680,20 manat məbləğində əsas borc, 510,16 manat məbləğində faiz borcu, ümumilikdə isə 11190,36 manat pul məbləğinin və 123,57 dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli 380171-CNS-49865 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir (kreditin təyinatı: dövriyyə vəsaitlərinin artırılması (malmaterial qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmalar)). Bundan sonra, tərəflər arasında müqaviləyə xx.xx.2025-ci il tarixdə 01 saylı Razılaşma imzalanmışdır, müqavilənin şərtlərinə əsasən kredit məbləği restrukturizasiya edilərək illik 20 faiz hesablanması şərti ilə xx.xx.2028-ci il tarixədək qaytarmaq şərti ilə 11249,79 manat müəyyənlişdirilmişdir. Buna dair tərəflər arasında ödəniş cədvəli imzalanmışdır (anuitet cədvəl üzrə aylıq 374,50 manat ödəmək şərtilə). Lakin borclu şəxs Cavabdeh2 üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticəsində Cavabdeh2 Banka ümumilikdə 11190,36 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 380171-CNS-49865/1 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh2“Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
7. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
15. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə 380171-CNS-49865 nömrəli Müştəri ərizə Razılaşmasından irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz borcunun ödənilməsini cavabdehdən tələb edir.
24. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından müəyyən olunur ki, cavabdehin xx.xx.2025-ci il tarixə 10680,2 manat əsas, 510,16 manat faiz borcu olmaqla, ümumilikdə 11190,36 manat məbləğində ödənilməmiş kredit borcu mövcuddur.
25. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
26. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 123,57 manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli 380171-CNS-49865/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 10680,20 manat əsas, 510,16 manat faiz borcu olmaqla, ümumilikdə 11190,36 manat məbləğində pul və ödənilmiş 123,57 dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı