Məhkəmə qərarları › İş №e-2-2(113)-948/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-948/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-948/2023 18.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə icarə müqavilələri üzrə ƏDV daxil ümumilikdə 4738,52 manat, 2015-ci ilin aprel və may ayları üzrə enerji haqlarının yığımları ilə əlaqədar xidmət haqqı olaraq ƏDV daxil 1302.04 manat, ümumilikdə 6040,56 manat məbləğin, 100,00 manat mediasiya xərcinin və 11,03 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə icarə müqavilələri üzrə ƏDV daxil ümumilikdə 7800.32 manat, 2015-ci ilin aprel və may ayları üzrə enerji haqlarının yığımları ilə əlaqədar xidmət haqqı olaraq ƏDV daxil 1302.04 manat, ümumilikdə 9102.36 manat məbləğin, 100,00 manat mediasiya xərcinin və 11,03 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə icarə müqavilələri üzrə ƏDV daxil ümumilikdə 4738,52 manat, 2015-ci ilin aprel və may ayları üzrə enerji haqlarının yığımları ilə əlaqədar xidmət haqqı olaraq ƏDV daxil 1302.04 manat, ümumilikdə 6040,56 manat məbləğin, 100,00 manat mediasiya xərcinin və 11,03 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" ASC arasında 05 noyabr 2009-cu il tarixində 443 saylı icarə müqaviləsi, 05 avqust 2015-ci il tarixində 8184/7050 saylı icarə müqaviləsi, son olaraq isə 09 avqust 2019-cu il tarixində 11289/9287 saylı icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr əsasında Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 7 (registr nömrəsi ***-*******5-002) ünvanında yerləşən, ümumi sahəsi 617.8 m2 təşkil edən AR NRYTN, “Azərpoçt MMC, Kürdəmir Poçtamtının balansında olan qeyri-yaşayış sahəsi ofis olaraq "xxxx" ASC-nin müddətli istifadəsinə verilmişdir. İcarə müqavilələri üzrə aylıq icarə haqqının 50%-i (ƏDVilə) iddiaçının balansına köçürülməsi nəzərdə tutulmuş, lakin hal-hazırki tarixədək bu məbləğin ödənişi həyata keçirilməmişdir. Müqavilə üzrə ödənişlərin həyata keçirilməsinə və müqavilənin müvafiq tələblərinə baxmayaraq müqaviləyə əsasən cavabdeh öz üzərinə düşən öhdəliyi bu günə qədər də tam icra etməmişdir. Həmçinin, cavabdeh tərəfindən 2015-ci ilin aprel və may ayları üzrə enerji haqlarının yığımı ilə əlaqədar xidmət haqqı cavabdehin balansına köçürülməmişdir. Mübahisə ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixli, 103-1-11/1066-22 saylı və xx.xx.2022-ci il tarixli 103-1-11/1649 saylı pretenziya məktubları göndərilmişdir. Pretenziya məktublarına əsasən tələbi icra edilmədiyinə görə məsələnin məhkəməyədək həlli ilə bağlı mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və 10 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdeh tərəfindən təklif qəbul edilməmiş və mediasiya sessiyalarında iştirak etməmişdir. Məhkəmə prosesi getdiyi dövrdə "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin hesabına 4 811,40 AZN məbləğində ödəniş həyata keçirilmişdir. Bununla birlikdə iddia ərizəsində qeyd edilən borc məbləğinin xx.xx.2022-ci il tarixinə əsasən hesablanması, həmçinin faktiki olaraq iddianın predmeti olan obyektə dair icarə münasibətlərinin davam etdirildiyi nəzərə alındıqda cavabdehin iddiaçı qarşısında bu günə olan qalıq borcu icarə haqqına görə 4738,52 manat, yığıma görə xidmət haqqına isə 1302.04 manat məbləğində olmaqla, ümumilikdə 6 040,56 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh arasında bağlanmış 443 nömrəli, 05 noyabr 2009-cu il tarixli Dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2009-cu tarixli, 119 saylı Sərəncamına əsasən Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 7 (registr nömrəsi ***-*******5-002) ünvanında yerləşən, ümumi sahəsi 617.8 m2 təşkil edən AR NRYTN, İddiaçı MMC, Kürdəmir Poçtamtının balansında olan qeyri-yaşayış sahəsini ofis məqsədi ilə cavabdehin müddətli istifadəsinə verməyi, cavabdeh isə aylıq 269,45 manat icarə haqqının 50%-ni (ƏDV-siz) – 123,6 manatını, illik icarə haqqının 50%-ni (ƏDV-siz) – 1483,2 manatını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki ******************** saylı hesabına, aylıq icarə haqqının 50%-ni (ƏDV-ilə) – 145,85 manatını, illik icarə haqqının 50%-ni (ƏDV-ilə) – 1750,18 manatını İddiaçı MMC, Kürdəmir Poçtamtının hesablaşma hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2023-cü il tarixli 40 saylı Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçının X5 daşınmaz əmlakın icarə haqqına 7800.32 AZN, yığıma görə xidmət haqqına isə 1302.04 AZN olmaqla, ümumilikdə borcu 9102.36 manat təşkil etmişdir. Yaranmış debitor borc üzrə cavabdeh tərəfindən iddiaçının X4 hesabına 4811.40 AZN məbləğində ödəniş həyata keçirilmişdir. Ödənilmiş məbləğlər daşınmaz əmlakın icarəsi ilə əlaqədar olaraq 2021-ci ilin yanvar-dekabr və 2022-ci ilin yanvar-oktyabr ayları üzrə olan dövrü əhatə etmişdir. Həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçı qarşısında qalıq borc öhdəliyi xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə icarə haqqına görə 3426.32 AZN, yığıma görə xidmət haqqına 1302,04 AZN məbləğində olmaqla, ümumilikdə 4728.36 AZN təşkil edir. Yekun olaraq xx.xx.2009cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə cavabdehin iddiaçı qarşısında qalıq borcu icarə haqqı və yığıma görə xidmət haqqı daxil olmaqla ümumilikdə 6040.56 AZN məbləğindədir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh arasında 443 nömrəli, 05 noyabr 2009-cu il tarixli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2009-cu tarixli, 119 saylı Sərəncamına əsasən Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 7 (registr nömrəsi ***-*******5-002) ünvanında yerləşən, ümumi sahəsi 617.8 m2 təşkil edən AR NRYTN, İddiaçı MMC, Kürdəmir Poçtamtının balansında olan qeyri-yaşayış sahəsini ofis məqsədi ilə cavabdehin müddətli istifadəsinə verməyi, cavabdeh isə aylıq 269,45 manat icarə haqqının 50%-ni (ƏDV-siz) – 123,6 manatını, illik icarə haqqının 50%-ni (ƏDV-siz) – 1483,2 manatını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki ******************** saylı hesabına, aylıq icarə haqqının 50%-ni (ƏDV-ilə) – 145,85 manatını, illik icarə haqqının 50%-ni (ƏDV-ilə) – 1750,18 manatını İddiaçı MMC, Kürdəmir Poçtamtının hesablaşma hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2009cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə cavabdehin iddiaçı qarşısında qalıq borcu icarə haqqı və yığıma görə xidmət haqqı daxil olmaqla ümumilikdə 6040.56 AZN məbləğindədir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə cavabdeh icarə haqqının 50% hissəsini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin, cavabdeh müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqlarını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslıdır. Amma cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, həm icarə haqqı, həm də enerji haqlarının yığımları ilə xidmət haqqı borclarına münasibətdə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Buna görə də icarə haqqı üzrə tələb olunan borc üzrə iddia müddətinin keçibkeçməməsi araşdırılmalıdır. Hazırki mübahisə icarə müqaviləsi tələbinin yerinə yetirilməsi ilə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbi üzrə iddia müddəti üç ildir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. 1 aylıq mediasiya sessiyası müddətini nəzərə aldıqda, iddiaçının icarə müqaviləsi üzrə 3 illik tələb müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2023 – 1 ay (mediasiya sessiyası müddəti) olan dövrü əhatə edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən 2021-ci ilin yanvar-dekabr və 2022-ci ilin yanvar-oktyabr ayları üzrə icarə haqqı borcu ödənilmiş, xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə icarə haqqına görə 3426.32 manat borcu qalmışdır. Göründüyü kimi 3426.32 manat borc xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan borcdur ki, 3 illik tələbetmə müddətindən 1 il (2020-ci il) və 2019-cu ildən 11 gün qalmaqla həmin müddət üzrə icarə haqqı məbləği 1803,64 manat (1750,18 (illik icarə haqqı) + 53,46 (4,86 (günlük icarə haqqı) x 11 gün) təşkil edir. Beləliklə, iddia müddəti keçmiş icarə haqqı məbləği 1622,68 manat (3426,32 – 1803,64) təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia müddəti keçmiş 1622,68 manat borc məbləği icarə haqqı üzrə tələb olunan 4738,52 manat borc məbləğindən çıxılmaqla qalan 3115,84 manat icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Məhkəmə enerji haqlarının yığımları ilə əlaqədar xidmət haqqı ilə bağlı tələbə münasibətdə qeyd edir ki, bu xidmətlə bağlı tərəflər arasında hər hansı müqavilə bağlanmamış, yəni tərəflər arasında öhdəlik münasibətləri yaranmamışdır. Eyni zamanda iddiaçı tərəfindən sözügedən xidmətin göstərilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, enerji haqlarının yığımları ilə əlaqədar xidmət haqqı ilə bağlı borcun mövcud olması müəyyən olunmadığından iddia göstərilən hissədə təmin oluna bilməz. Hətta borc müəyyən olsaydı belə, iddia ərizəsinin məzmunundan göründüyü kimi enerji haqlarının yığımları ilə bağlı borc 2015-ci ilin aprel və may ayları üzrə yaranmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, həmin borc üzrə iddia müddəti keçdiyindən iddia göstərilən hissədə bu əsasa görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə icarə haqqı borcuna münasibətdə 1622,68 manat və enerji haqlarının yığımları ilə xidmət haqqı borcu hissələrində iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 111,02 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 51,58 faizini təşkil etdiyini nəzərə aldıqda, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 100 manat məbləğində mediasiya xərcinin 53,76 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İcarə müqavilələri üzrə ƏDV daxil ümumilikdə 3115,84 manat və mediasiya xərcinə görə 53,76 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İcarə müqavilələri üzrə ƏDV daxil ümumilikdə 3115,84 manat və mediasiya xərcinə görə 53,76 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar