Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9482/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: artıq ödəmə, əsassız varlanma Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 01/23 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə görə bu müqaviləyə uyğun olaraq icarəyə verən (cavabdeh) müqavilənin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsini onun ərazisində yerləşən inventar və əmlakla birgə (bundan sonra – icarə obyekti) müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə haqqı ödənilməklə İcarəçinin (iddiaçının) istifadəsinə verməyi, İcarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində İcarəyə verənə icarə haqqının ödənilməsini öhdəsinə götürür (1.1-ci bəndi). İcarəçi tərəfindən icarə obyektinin istifadəsinə onun bu müqavilənin 2.2-ci bəndində göstərilən təhvil-təslim aktı üzrə təhvil verildiyi gündən başlanılır və istifadə müddəti hazırkı müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya ona vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar İcarəyə verənə təhvil verilən gün bitmiş hesab olunur (3.1-ci bəndi).
2. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, 01/23 saylı icarə müqaviləsinə xitam sazişi bağlanmış, sazişə əsasən icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
3. Bundan başqa, xx.xx.2025-ci il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış və müəssisəyə 04/62-205 nömrəli abonent kodu verilmişdir.
4. İş materiallarına əlavə edilmiş 04/62-205 abonent kodlu müəssisəyə dair “Abunə haqqında” sənəddən görünür ki, müəssisəyə 2024-cü ilin yanvar ayından 2025-ci ilin mart ayı daxil olmaqla, elektrik enerjisindən istifadəyə görə cəmi 6526,1 manat borc hesablanmış, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il daxil olmaqla cəmi 5018,91 manat ödəniş edilmişdir.
5. "xxxx" ASC tərəfindən iddiaçıya 2024-cü il üzrə cəmi 3550,58 manat məbləğində 11 ədəd və 2025-ci il üzrə 447,92 manat dəyərində 1 ədəd – ümumilikdə cəmi 3998,5 manat məbləğində elektron-qaimə göndərilmiş, həmçinin ödəmə tapşırıqları əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 04/62-205 abonent kodlu müəssisəyə hesablanmış borc üzrə iddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına cəmi 4754,91 manat məbləğində pul köçürülmüşdür.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı cavabdehin xeyrinə əsassız olaraq ödənilmiş 3998,51 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə müəhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 01 avqust 2023-cü il tarixində bağlanmış icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ofis sahəsi 11 ay müddətinə icarəyə verilmişdir. 07 avqust 2023-cü il tarixində həmin ünvanda yerləşən 04/62-205 saylı elektrik sayğacının müəssisələrinin adına keçirilməsi üçün "xxxx" ASC-yə müraciət edilmiş və nəticədə elektrik enerjisinin təchizatı üzrə müqavilə bağlanmışdır. Bundan sonra, xx.xx.2023-cü il tarixində cavabdehlə aralarında olan icarə müqaviləsinə xitam verilmiş, həmin tarixdən etibarən müəssisələri göstərilən ünvanda fəaliyyət göstərməmiş və əmlakı təhvil verərək obyektdən çıxmışdır. İcarə müqaviləsinə xitam vermələrinə və icarə obyektindən çıxmalarına baxmayaraq, cavabdeh "xxxx" ASC-yə məxsus yuxarıda qeyd edilən elektrik sayğacını öz adına keçirməyə dair tədbirlər görməmişdir və "xxxx" ASC tərəfindən 2024-cü ilin yanvar ayından 2025-ci ilin mart ayına qədər hər ay elektrik sərfiyyatına görə onlara borc hesablanmış və müvafiq elektron qaimələr təqdim edilmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu dövrdə qeyd edilən ünvanda fəaliyyət göstərməmələri halda, heç bir hüquqi və faktiki əsas olmadan icarəyə verən müəssisənin yerinə 3.998,51 manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmçinin 04/62-205 saylı elektrik sayğacı son dövrlərədək adında qalmaqda davam etmişdir xx.xx.2025-ci il tarixində cavabdehə Pretenziya göndərilərək əsassız olaraq ödənilmiş məbləğin geri qaytarılması tələb edilmişdir. Lakin hazırkı tarixə qədər qeyd olunan tələb istiqamətində hər hansı bir hərəkət həyata keçirilməmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 18.1.1. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 18.1.2. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:
19. 1.1-ci bəndi. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.
20. 7.1-ci bəndi. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
21. 7.6-cı bəndi. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
22. 8.1-ci bəndi. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə iddiaçının vəkili və nümayəndələrini dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia hesab edir ki, iddia əsaslıdır.
29. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
30. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ilə, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
31. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 01/23 saylı icarə müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış və müəssisəyə 04/62-205 nömrəli abonent kodu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndində də göstərilir ki, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir.
32. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, 01/23 saylı icarə müqaviləsinə xitam verilməsi barədə saziş bağlanmış, sazişə əsasən qeyd edilən icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə obyekti cavabdehə təhvil verilməsinə baxmayaraq elektrik enerjisindən istifadəyə görə 2024-cü ilin yanvar ayından 2025-ci ilin mart ayı daxil olmaqla iddiaçı MMC-nin adına olan abonent hesabına borc hesablanmış, iddiaçı tərəfindən xx.xx.2024-xx.xx.2025-ci illər üzrə elektrik enerjisinin sərfiyyatına görə aylıq ödənişlər etmişdir.
33. Belə ki, iş materiallarına əlavə edilmiş 04/62-205 abonent kodlu müəssisəyə dair “Abunə haqqında” sənəddən görünür ki, müəssisəyə 2024-cü ilin yanvar ayından 2025-ci ilin mart ayı daxil olmaqla elektrik enerjisindən istifadəyə görə, cəmi 6526,1 manat borc hesablanmış, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il daxil olmaqla, cəmi 5018,91 manat ödəniş edilmişdir.
34. Bundan başqa, iş materiallarına əlavə edilmiş ödəmə tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 04/62-205 abonent kodlu müəssisəyə hesablanmış borc üzrə "xxxx" ASC-nin hesabına cəmi 4754,91 manat məbləğində pul köçürülmüşdür.
35. Göründüyü kimi, tərəflər arasında mövcud olmuş icarə münasibətlərinə 2023-cü ilin dekabr ayında xitam verilməsinə baxmayaraq, cavabdeh ilə "xxxx" ASC arasında icarə obyekti olmuş qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz olunmasına dair yeni müqavilə bağlanmamışdır. Bunun nəticəsində 2024-cü ilin yanvar ayından 2025-ci ilin mart ayı daxil olmaqla olan dövr üzrə icarə obyekti olmuş qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadəyə görə iddiaçının adına cəmi 6526,1 manat məbləğndə borc hesablanmış, borca dair "xxxx" ASC tərəfindən iddiaçıya müvafiq elektron-qaimələr göndərilmiş və həmin borc iddiaçı tərəfindən ödənilmişdir.
36. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh tərəfindən həmin pul vəsaiti geri qaytarılmamışdır.
37. Göründüyü kimi, cavabdeh hüquqi və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçı pul məbləğinin geri qaytarılması tələbinə dair hazırkı iddianı irəli sürməkdə haqlıdır. Mülki Məcəllənin 439.4-cü maddəsində də göstərilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
38. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 3998,51 manat məbləğində pul və ödənilmiş 60 manat məbləğində dövlət rüsumu Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı