Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-949/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, müqavilənin birtərəfli ləğvi və iradə ifadəsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2023-cü il tarixli krеdit müqaviləsi üzrə 13040,78 manat əsas borc, 345,09 manat faiz bоrcu və 400 manat cərimə borcu olmaqla ümumilikdə 13785,87 manat məbləğində pulun, ödənilmiş 132,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 saylı kredit müqaviləsinə əsasən ikinciyə 25% faizlə 36 ay müddətinə 15 000 manat məbləğində kredit verilmiş (məqsədli təyinatı – digər banklarda olan kreditlərin tam bağlanması və biznes dövriyyəsinin artırılması) və kreditin aylıq 597 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında 16 iyun 2023-cü il tarixdə ACAM2-5308- 1881+BAKU1-68698 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 28 oktyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 13 040,78 manat əsas borc, 345,09 manat cari faiz borcu və 400 manat cari dəbbə borcu olmaqla cəmi 13 785,87 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə müraciət edilməsi üçün 132,4 manat məbləğində dövlət rüsumu da ödənilmişdir..
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1, 445.2-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 və Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək maddi çətinliklə bağlı ayda yalnız 300 manat ödəyə biləcəyini, lakin iddiaçının kreditin restrukturizasiyasına razı olmadığını, ümumilikdə 6752 manat ödəniş etdiyini bildirdi.
7. Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatıdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 36 ay müddətə illik 25 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli ilə ilk ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2026-cı il olmaqla aylıq 597 (sonuncu ay 575,62) manat ödəniş razılaşdırılmış, cədvəl üzrə 6470,62 manat faiz borcu şərtləşdirilmişdir. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli ACAM2-5308-1881+BAKU1- 68698 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh2 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.
12. İddiaçı 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə 13040,78 manat əsas borc və 345,09 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.
13. Cavabdeh2 borc məbləğini maddi çətinliklə bağlı ödəyə bilmədiyini, aylıq 300 manat ödəniş edə biləcəyini bildirdi.
14. Cavabdeh1 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
15. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
16. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
19. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
20. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 poçt rabitəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə bildiriş yollayaraq kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini qeyd etmiş və bütün əsas borc məbləğininin ödənilməsini tələb etmiş, başqa sözlə, müqavilənin ləğvi ilə bağlı iradəsini ifadə etmişdir. Həmin bildiriş borcalan tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.
21. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
22. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).
23. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
24. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdə Cavabdeh2 bildiriş yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi və müqavilənin ləğv edildiyini bildirməsi ərizənin cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilənin ləğv edilməsinə səbəb olur. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda da iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir.
25. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8570/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 fevral 2025-ci il tarixli 9/10681 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə əsas borc 14218,09 manat, faiz borcu 513,43 manat təşkil edir.
27. İddiaçı 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə 400 manat məbləğində cərimənin də cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasını məhkəmədən xahiş edir.
28. 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi 4.3-cü bəndinə əsasən, “Borcalan” kreditin əsas və ya faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən “Kredit verən” hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% (bir tam yüzdə 00 faiz) miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər.
29. xx.xx.2023-cü il tarixli ACAM2-5308-1881+BAKU1-68698 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin kreditor qarşısında məsuliyyətinin əsasları aşağıdakılardır: əsas borcun kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə qaytarılmaması; faiz borcunun kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödənilməməsi; kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcunun (cərimə və peniya) və ya sığorta məbləğinin ödənilməməsi; kredit müqaviləsində nəzərdə tutulmuş digər şərtlərin yerinə yetirilməməsi. Zaminliklə təmin edilən tələbin həcminə əsas borc, onun faizi, dəbbə borcu, sığorta məbləği, öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə kreditorun çəkdiyi məhkəmə, hüquq xidməti xərcləri və digər zərərlər daxildir.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
33. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
34. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cərimə məbləği 400 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
35. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 fevral 2025-ci il tarixli 9/10681 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2023-cü il tarixdən sonra 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4876 manat ödəniş edilmişdir.
36. 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, “Borcalan” bu müqavilənin 2.3-cü bəndinə uyğun tərtib edilmiş və onun ayrılmaz hissəsi olan tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki əsasında ödənişləri həyata keçirir. Qaytarılan məbləğ ilk növbədə kredit verilməsilə bağlı “Kredit verən”in xərclərinin, komissiyanın və ona dəyən zərərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimə, peniya), üçüncü növbədə əsas borca hesablanmış faizlərin və dördüncü növbədə əsas borc məbləğinin ödənilməsinə yönəldilir.
37. Beləliklə, məhkəmə hesab edir ki, 4876 manat ödəniş əvvəla 16 iyun 2023-cü il tarixli ACAM2-5308-1881 nömrəli kredit müqaviləsi üzrə 400 manat cərimə məbləğinə, sonra 513,43 manat faiz borcuna, daha sonra isə 14218,09 manat əsas borca silinməklə borc müəyyən edilməlidir. Bu halda isə yekun olaraq 16 iyun 2023-cü il tarixli ACAM2- 5308-1881 nömrəli kredit müqaviləsi üzrə əsas borc 10255,52 manat, faiz borcu və dəbbə pulu 0 manat müəyyən edilməlidir (14218,09 manat əsas borc + 513,43 manat faiz borcu + 400 manat dəbbə pulu – 4876 manat ödəniş).
38. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
40. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 16 iyun 2023-cü il tarixli ACAM2-5308- 1881 nömrəli kredit müqaviləsi üzrə 10255,52 manat əsas borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
43. İddiaçı həmçinin ödənilmiş 132,4 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında iddiaçı tərəfindən dövlət büdcəsinə 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 13 fevral 2025-ci il tarixli 9/10681 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
50. Mübahisənin məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə, ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 10255,52 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova