Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-95/2020 13.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Nümayəndə1 X5 səhmdar cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh Nümayəndə2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Nümayəndə1 X5 səhmdar cəmiyyətinin cavabdeh Nümayəndə2 qarşı cavabdehdən 3414 manat sığorta haqqı üzrə borcun, 641 manat məbləğində dəbbə pulunun, eyni zamanda ödənilmiş 30,4 manat dövlət rüsumunun, cəmi 4085,4 manat həcmində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 3414 manat sığorta haqqı üzrə borcun, 641 manat məbləğində dəbbə pulunun, eyni zamanda ödənilmiş 30,4 manat dövlət rüsumunun, cəmi 4085,4 manat həcmində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. Lakin cavabdeh Səyahət sığortası üzrə 74 ədəd müqavilə bağlamış, lakin onların 3414 manat məbləğindəki dəyərini sığortaçıya ödəməmişdir. Halbuki, agent müqaviləsinin 5.2-ci bəndinə əsasən sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçının Mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 941.5-ci maddəsinə əsasən “Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir... Sığorta vasitəçisi sığorta haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” Buna müvafiq olaraq, sığorta haqlarının Sığortaçıya ötürülməsini gecikdirdiyinə görə xx.xx.2019-cu il tarixinə ödəməli olduğu dəbbə pulu 641 manat təşkil edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, cavabdehin iddiaçıya olan borcu Səyahət sığortası üzrə 74 ədəd müqavilə üzrə yaranmış borcdur. Həmin müqavilələr üzrə cavabdehə çatası komisyon muzd 40 faiz təşkil edir. Yəni 3414 manat borc məbləğinin 40 faizi iddiaçı tərəfindən cavabdehə ödənilməli olan komisyon muzddur. Cavabdehin ailəsi xəstəxanaya yerləşdirilmişdir, ödəməyə imkanı yoxdur. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "Nümayəndə1" X5 Səhmdar Cəmiyyəti xx xxxxxx 1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Nümayəndə2 sahibkar kimi uçota alınaraq ona ********** saylı VÖEN verilmişdir. xx xxxxxx 2017-ci il tarixli 131 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsinin surətindən görünür ki, Sığorta agenti Sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, Sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər. Müqavilənin 6.1-ci bəndinə əsasən sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növləri və bağladığı hər bir sığorta müqaviləsi üzrə sığortaçının hesabına daxil olmuş sığorta haqlarından əldə edəcəyi komisyon muzdun (komissiyanın) Ölkədən xaricə səfər edən şəxslərin tibbi xərclərinin sığortası (Səyahət sığortası) üzrə standart dərəcəsi 40 faiz müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2-2(81)- 966/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında Nümayəndə1 sığorta şirkəti ilə Nümayəndə2 arasında bağlanmış 131 saylı xx xxxxxx 2017-ci il tarixli sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi əsasında Nümayəndə2 Nümayəndə1 sığorta şirkətinə olan borc məbləği Nümayəndə2 ödənişləri nəzərə alınmaqla nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 26382 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Nümayəndə1 X5 səhmdar cəmiyyəti ilə Nümayəndə2 arasında xx xxxxxx 2017-ci il tarixli 131 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsi və Nümayəndə2 borcu üzrə ödənilməmiş sığorta haqqının və dəbbə pulunun qrafikinə və digər sənədlərə əsasən Nümayəndə2 Nümayəndə1 X5 səhmdar cəmiyyətinə olan ümumilikdə borcu 3414 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 131 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsinə əsasən Sığorta agenti Sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, Sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdələrinə götürmüşlər. Cavabdeh Ölkədən xaricə səfər edən şəxslərin tibbi xərclərinin sığortası (Səyahət sığortası) üzrə 74 ədəd müqavilə bağlamış, lakin onların 3414 manat məbləğindəki dəyərini cavabdehə ödəməmişdir. Məhkəmə qeyd edir ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış agent müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmış və təminatlar vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehin xx xxxxxx 2017-ci il tarixli 131 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” agent müqaviləsi üzrə iddiaçıya olan 3414 manat borcu təsdiq olunur. Lakin tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinin tələblərinə əsasən 3414 manat məbləğin 40 faizi, yəni 1365,6 manat məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilməli olan komisyon muzd məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, 3414 manat borc məbləğindən cavabdehə məxsus komisyon muzd çıxılmaqla, qalan 2048,4 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh dəbbə pulunu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, tələb olunan 641 manat cərimə məbləği yaranmış 3414 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 100 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2048,4 manat sığorta haqqı üzrə borc, 100 manat məbləğində dəbbə pulu, cəmi 2148,4 manat pul tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (2148,4 manat) iddia tələbinin (4055 manat) 53 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16,11 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 13,89 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 79,5 manat məbləği cavabdehdən, qalan 70,5 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Nümayəndə2 2048,4 manat sığorta haqqı üzrə borc, 100 manat məbləğində dəbbə pulu, cəmi 2148,4 manat pul tutularaq Nümayəndə1 X5 səhmdar cəmiyyətinə ödənilsin. Ödənilmiş 30,4 manat dövlət rüsumunun 16,11 manat məbləği Nümayəndə2 tutularaq Nümayəndə1 X5 səhmdar cəmiyyətinə ödənilsin, qalan 13,89 manat məbləği Nümayəndə1 X5 səhmdar cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat məbləğində ekspertiza xərclərinin 79,5 (yetmiş doqquz manat əlli qəpik) manat məbləği Nümayəndə2, qalan 70,5 (yetmiş manat əlli qəpik) manat məbləği isə Nümayəndə1 X5 səhmdar cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ34CTRE**********000 ******* saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-95/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-95/2020
13.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver