Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-95/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqı borcunun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 66000 (altmış altı min) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, 1, 360-cı məhəllə ünvanında yerləşən 11845.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1896 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. İcarə müqaviləsi ləğv edilmədiyindən və hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 66000 (altmış altı min) manat məbləğində icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2023-cü il tarixli, 3-21-3/2-15802/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 1896 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 110000 (yüz on min) manat məbləğində vəsaitin tutularaq, Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin vəkili Vəkil izahat verərək bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanılıb və bunu təsdiq edirlər. 2023-cü ildə çıxarış təqdim olunub və mübahisə bununla bağlıdır. Həmin çıxarışla bağlı məhkəməyə müraciət olunubdur. Mülki Məcəllədə konkret olaraq müqavilənin ləğvi halları sadalanıbdır. Hazırda yalnız müqavilənin etibarsızlığı məsələsini irəli sürə bilərlər. Əhəmiyyətsiz müqavilə mübahisələndirilməsindən asılı olmayaraq etibarsızdır. Torpaq sahəsinin dövlət mülkiyyəti olması ilə bağlı bir ədəd sənəd yoxdur. Onlara həmin ərazidə xüsusi mülkiyyəti olan şəxslər işləməyə imkan vermirlər. 2022-ci ildən əvvəl olan sənədləri qarşı tərəf təqdim etməyibdir. Ələkbər, Cəlal və s. digər şəxslərin həmin torpaq sahəsində xüsusi mülkiyyətlətdə olan əmlakları var və çıxarışları da ona təqdim olunub. Bu ərazilər xüsusi mülkiyyətdədirsə, hesab edirlər ki, müqavilə əhəmiyyətsizdir. Hesab edir ki, bu məsələlər dəqiqləşdirilməlidir. Xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə bağlı mülkiyyətçilərlə müqavilə bağlanılmalıdır. Buna görə icarə haqqı ödəməməlidirlər. Belə aydın olur ki, həm dövlətə, həm də həmin şəxslərə pul ödəməlidirlər. Ələkbər adlı şəxsin çıxarışı məsələsi əmələ gələndən sonra ödəniş etmirlər. Kompensasiya verilməklə evin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmişdilər və Ələkbər adlı şəxs çıxarışı təqdim etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 1896 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icərayə verilməsi barədə müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, 1, 360-cı məhəllə ünvanında yerləşən 1,1845 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. 1.2-ci bəndinə əsasən torpaq sahəsi yaşayış evlərinin tikintisinin layihələşdirilməsi üçün verilir. 2.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və müqavilənin şərtlərinə əməl olunmasına nəzarət etmək, icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək hüququ vardır. 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 132000 manat, aylıq icarə haqqı 11000 manatdır. 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının məzmunundan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 109 nömrəli və xx.xx.2008-ci il tarixli, 06 nömrəli sərəncamları ilə 1, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmiş 2,203 ha torpaq sahəsinin 1,1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilməsi qərara alınmışdır.
11. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunan, icarə əsasında istifadəyə verilmiş 1,1845 ha torpaq sahəsinin Cizgisi iş məhkəməyə təqdim edilmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında (qeydiyyat nömrəsi 7609 olan) olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, 1, 360-cı məhəllədə yerləşən 11845 kv.m olan torpaq sahəsi yaşayış evlərinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-yə ayrılmışdır. Torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 saylı sərəncam ilə ayrılmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X7 tərəfindən tərtib edilmiş çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 mülkiyyətindədir. Qeydiyyat nömrəsi – 112303065, qeydiyyat tarixi – xx.xx.2023.
14. "xxxx" MMC-nin şəxsi hesab vərəqinin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC-nin 1896 nömrəli müqavilə üzrə ödənilməli olan borcu xx.xx.2023-cü il tarixə 66000 manat təşkil edir.
15. "xxxx" MMC-nin şəxsi hesab vərəqinin məzmunundan müəyyən olunur ki, "xxxx" MMC-nin 1896 nömrəli müqavilə üzrə ödənilməli olan borcu xx.xx.2024-cü il tarixə 110000 manat təşkil edir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3/2- 15802/2023 pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 1896 nömrəli müqavilə icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2865 saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-10012/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 10600 kv.m təşkil edir (bir hissəsi şərti olmaqla). Cavabdeh tərəfindən göstərilən faktiki ərazi bir hissəsi qonşu hasar və tikilinin çöl divarları ilə, bir hissəsi müvəqqəti hasarla, digər hissə şərti sərhədlə göstərilir. Sahə Park ərazisi ilə həmsərhəd, əvvəllər digər sakinlərin yaşayış evləri olan ərazidə yerləşir. Torpaq sahəsi üzrəində yeni inşa olunmuş 1 ədəd təmir-tikinti işləri davam etdirilən çoxmərtəbəli bina və bir neçə bir hissəsi sökülmüş tikililər mövcuddur. Sahəyə dair hüquqmüəyyənedici təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin daxilində çox sayda qeydiyyatdan keçmiş və qeydiyyat barədə elektron bazada məlum olmayan müxtəlif təyinatlı daşınmaz əmlaklar mövcuddur. Həmçinin ərazinin bir hissəsi ümumi istifadədə olan yola, bir hissəsi isə Zabitlər parkının yaşıllıq sahəsinə düşür. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birini təşkil edir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir.
20. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
22. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında dövlət torpaq sahəsinin icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər azad surətdə icarə müqaviləsini bağlayaraq, həmin müqavilənin məzmununu müəyyənləşdirmişlər. Həmin müqavilə tərəflərin müvafiq mülki hüquqları və vəzifələrinin əmələ gəlməsi üçün hüquqi əsas olmuşdur. Müqavilənin 1.2-ci bəndindən göründüyü kimi, torpaq sahəsi yaşayış evlərinin tikintisinin layihələndirilməsi üçün icarə şərtləri əsasında cavabdehə müvəqqəti istifadəyə verilmişdir. Müqavilə 2022-ci ilin aprel ayında bağlanmış, şəxsi hesab vərəqəsindən göründüyü kimi, 2023-cü ilin iyul ayınadək cavabdeh tərəfindən mübahisəsiz ümumilikdə 135666,67 manat icarə haqqı ödənilmişdir. Daha sonra cavabdeh icarə haqqını vaxtında və tam həcmdə ödəməyə dair müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
23. Cavabdeh tərəfin müqavilənin etibarsızlığı məsələsinə dair mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı halda müqavilənin etibarsız sayılması üçün əsaslar müəyyən edilmir. Müqavilə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmış, icarə predmeti cavabdehə təhvil verilmiş, 2023-cü ilin iyul ayınadək icarə haqları ödənilmişdir. Müqavilənin məzmununda, şərtlərində dəyişikliklər olunmamışdır və müqavilə qüvvədədir. Hesab olunur ki, müqavilə ilə bağlı digər mübahisəli məsələlər mövcuddursa, bu, tərəflər arasında öz həllini tapa bilər və ya ayrıca olaraq mübahisələndirilə bilər.
24. İddia tələbinin bir hissəsi cavabdehdən xx.xx.2022-ci il tarixli, 1896 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə yaranmış 110000 (yüz on min) manat məbləğində vəsaitin tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsindən ibarətdir.
25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 1896 nömrəli icarə müqaviləsi üzrə icarə haqqının tutulmasına dair iddia tam təmin olunmalı, icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 110000 (yüz on min) manat məbləğində icarə haqqı borcu Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir.
26. Belə ki, şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, "xxxx" MMC-nin 1896 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 110000 manat borcu yaranmışdır.
27. Yuxarıda qeyd olunan ekspert rəyində göstərilənlər, təqdim olunan çıxarış hazırkı nəticədən fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.
28. Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı təmin edilmiş iddianın ümumilikdə qiyməti 110000 manat, ödənilməli dövlət rüsumunun məbləği isə 400 (dörd yüz) manat təşkil edir. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə həmin məbləğ dövlət mədaxilinə cavabdehdən alınmalıdır.
29. Həmçinin iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli, 1896 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 110000 (yüz on min) manat məbləğində pul vəsaiti tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 400 manat (dörd yüz) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova