Məhkəmə qərarları › İş №e-2-2(113)-952/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-952/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-952/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən “xxxx” X5 Səhmdar Cəmiyyətinin Yasamal filialı vasitəsi ilə ödənilmiş 210 manatın, iş üzrə 21 manatın və İXM-nin tələbinin pozulduğuna görə 50 manatın, dəbbə pulu 85 manatın, mənəvi ziyana görə 150 manatın, ümumi 466 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən “xxxx” X5 Səhmdar Cəmiyyətinin Yasamal filialı vasitəsi ilə ödənilmiş 210 manatın, iş üzrə 21 manatın və İXM-nin tələbinin pozulduğuna görə 50 manatın, dəbbə pulu 85 manatın, mənəvi ziyana görə 150 manatın, ümumi 466 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə cavabdeh tərəfindən, hesab nömrə S 0295 ödəməklə TOYOTA LAND CRUİSER LS 200 MARKALİ ** PK *** dövlət qeydiyyat nişanlı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında qeydiyyatdan keçirmək üçün “xxxx KB-nin Yasamal filialı vasitəsi ilə iddiaçı tərəfindən 210 manat ödəniş həyata keçirilmişdir. Lakin, DİN-nin mərkəzi sistemində iddiaçının TOYOTA LAND CRUİSER LS 200 MARKALİ ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası olmadığına görə İXM-nin 469.3-cü maddəsinə uyğun olaraq 300 manat cərimə tənbehi tətbiq olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən ödənilmiş icbari sığorta iddiaçı tərəfindən mərkəzi sistemə 5 ay ərzində daxil edilməmişdir. Məsələ ilə bağlı, DİN-ni tərəfindən inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Cavabdehin səhlənkarlığı nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. İnzibati xəta törətmədiyi halda, tətbiq olunmuş tənbehə əsasən cəriməni 5 iş günündə ödənilməsini və TOYOTA LAND CRUİSER LS 200 MARKALİ ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta olunmasını təmin edərək sistemə daxil etdirmələrini xahiş etsə də, buna dair pretenziya məktubu göndərilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsələnin məhkəmə qaydasında həll etməli olacağını qeyd etsə də, cavabdeh tərəfindən cavab verilməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə qismən etiraz edərək, izahatında bildirdi ki, icbari siğorta haqqı X4 vasitəsi ilə həyata keçirilir. Şəxs ödənişi cavabdehin hesabına əsassız olaraq daxil etmiş, yəni X4 vasitəsi ilə daxil etməmişdir. Çünki icbari siğorta haqqı X4 vasitəsi ilə Mərkəzi Bankın sisteminə ödənilir, sistemdən icbari siğorta bürosuna inteqrasiya olunur və büro icbari sığortadan keçməni aktivləşdirir. Siğortaçı bu zaman heç bir halda nağd pulu görmür. Hazırda şəxsin ödəniş etdiyi 210 manat cavabdehdədir, dəfələrlə iddiaçıya müraciət etmiş və cavabdeh pulu onun hesabına köçürmək üçün ondan bank rekvizitlərini təqdim etməsini istəmiş, lakin iddiaçı 210 manat ödəniş etdiyi puldan əlavə olaraq inzibati məsuliyyətə cəlb olunduğu məbləğin də sığorta şirkəti tərəfindən ödənilməsini tələb etmişdir. Sığorta şirkəti şəxsin səhv ödəniş etməsi ilə bağlı yaranan inzibati cərimə ilə bağlı heç bir məsuliyyət daşımır. İddia tələbində göstərilən cərimə və digər mənəvi zərərlə bağlı olan hissəni qəbul etmir. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin 210 manat hissədə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Cavabdehin xx xxxxxx 2020-ci il tarixli S 0295 saylı hesab fakturanın surətindən görünür ki, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta haqqı məbləği 210 manat təşkil etmişdir. Hesab fakturanın Qeyd hissəsindən görünür ki, ödəniş X4 vasitəsi ilə həyata keçirilməlidir. X4 vasitəsi ilə ödənilməyən sığorta şəhadətnamələrinin aktivləşdirilməməsinə görə Sığorta Şirkəti məsuliyyət daşımır. xx xxxxxx 2020-ci il tarixli 06 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına icbari sığorta üzrə 210 manat ödənilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 210 manat məbləğində sığorta haqqı məbləği cavabdehin hesabına xx xxxxxx 2020-ci il tarixli 06 saylı Ödəniş tapşırığı ilə ödənilmiş, lakin nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi cavabdeh tərəfindən aktivləşdirilməmişdir. Məhkəmə iddia tələbinin 210 manat məbləğinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hesabına bank vasitəsi ilə 210 manat məbləğində sığorta haqqı ödənilməsi iş materialları ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən zərərin (İXM-nin tələbinin pozulduğuna görə 50 manat) vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, İnzibati Xətalar Məcəlləsinin tələbinin pozulduğuna görə tətbiq olunmuş cərimənin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx xxxxxx 2020-ci il tarixli S 0295 saylı hesab fakturanın qeyd hissəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənişin X4 vasitəsi ilə həyata keçirilməli olması, göstərilən vasitə ilə ödənilməyən sığorta şəhadətnamələrinin aktivləşdirilməməsinə görə Sığorta Şirkətinin məsuliyyət daşımayacağı barədə məlumat verdiyi halda, iddiaçı ödənişi xx xxxxxx 2020-ci il tarixli 06 saylı Ödəniş tapşırığı ilə bank vasitəsi ilə həyata keçirmişdir. Göründüyü kimi sığorta şəhadətnaməsinin aktivləşməməsi və nəticədə iddiaçıya İXM-nin tələbinin pozulduğuna görə cərimənin tətbiq olunmasında cavabdehin təqsiri olmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin dəbbə puluna aid hissədə hesab edir ki, həmin tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə də təmin oluna bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 07 saylı qərarının 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Qeyd olunana əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən “xxxx” X5 Səhmdar Cəmiyyətinin Yasamal filialı vasitəsi ilə ödənilmiş 210 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən “xxxx” X5 Səhmdar Cəmiyyətinin Yasamal filialı vasitəsi ilə ödənilmiş 210 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumunun 9 manat məbləği "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 11 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar