Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-952/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 10/0183/YDLİZ nömrəli X8 müqaviləsinin xitam olunması, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 10/0183/YDLİZ nömrəli X8 Müqaviləsinə əsasən xx.xx.2023-cü il cü il tarixədək yaranmış 8390 manat əsas borc, 7.016,6 manat mükafat borcu və 77,84 manat peniya cəmi:15.484,44 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 210 (200+10) manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 10/0183/YDLİZ X8 Müqaviləsinə əsasən bü müqavilədə göstərilən 1(bir) ədəd, 2013-cü il buraxlışı olan, “Chevrolet Cruze” minik markalı (ban 1G1PK5SB5D7295929) nəqliyyat vasitəsini xx.xx.2020-cu il tarixdən etibarən Cavabdeh1 istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın “lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 11. 454 manat təşkil edir. Bu ümumi məbləğdən 2.645manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 409,06 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 28 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən 28 ay müddətində hər ay 409,06 manat olmaqla ödəniş etməli olduğu təqdirdə yalniz bir dəfə xx.xx.2020-ci il tarixində cəmi 410 manat olmaqla odəniş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddianın məzmununa uyğun izahat verməklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: Mülki Məcəllənin:
8. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
9. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
10. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
11. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
12. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
13. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).
14. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)
15. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)
16. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
20. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında lizinq müqaviləsi imzalanmışdır. Lizinq müqaviləsininn 2.1-ci bəndindən görünür ki, lizinq obyektini 1 ədəd, 2013-cü il buraxılışlı, Chevrolet Cruze markalı nəqliyyat vasitəsi təşkil edir.
21. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, lizinq müqaviləsi 28 ay müddətinə bağlanmışdır.
22. Həmin müqavilənin 9.4-cü bəndindən görünür ki, lizinq ödənişlərinin ümumi məbləği 11.454 manat təşkil edir və bu umumi məbləğdən 2.654 manat məbləğ lizinq mükafatı təşkil edir.
23. İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh1 arasında lizinq obyekti olan Chevrolet Cruze markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncuya təhvil verilməsi barədə xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir.
24. Bundan başqa iş materiallarından görünür ki, yuxarıda qeyd edilmiş müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin faktiki əsasını İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 10/0183/YDLİZ X8 Müqaviləsi və İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi təşkil edir.
26. Ona görə də, hazırkı iş üzrə ilk müəyyən edilməli olan məqam xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi üzrə lizinq obyektinin lizinq alan Cavabdeh1 verilib-verilməməsidir.
27. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 lizinq müqaviləsi bağlanan zaman ona hər hansı bir nəqliyyat vasitəsi verilmədiyini, qeyd edilmiş nəqliyyat vasitəsi ilə bağlı İddiaçı MMC ilə Rəhimov Şəhriyar adlı şəxsin müqaviləsi olduğunu, nəqliyyat vasitəsini 2019-cu ildə Rəhimov Şəhriyardan aldığını, xx.xx.2019-cu il tarixdə Şəmkir şəhərində qəza törətdiyini və ondan sonra nəqliyyat vasitəsinin yararsız olduğunu bildirmişdir.
28. Məhkəmə tərəfindən iddiaçıdan xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi üzrə nəqliyyat vasitəsinin Cavabdeh1 verilib-verilməməsi soruşulmuş, iddiaçı tərəf də, qeyd edilmiş lizinq müqaviləsi üzrə cavabdehə nəqliyyat vasitəsi verilmədiyini və nəqliyyat vasitəsininxx.xx.2019-cu il tarixli qəzadan sonra tam yararsız olduğunu bildirmişdir.
29. Bundan sonra məhkəmə tərəfindən iddiaçı tərəfə İddiaçı MMC ilə Rəhimov Şəhriyar arasında bağlanmış lizinq müqaviləsi, nəqliyyat vasitəsinin sığorta edilməsi, sığorta ödənişinin alınması barədə sənədlərin məhkəmə təqdim edilməsi təklif olunmuşdur.
30. Lakin iddiaçı tərəf qeyd edilmiş sənədlərin heç birini məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf isə Chevrolet Cruze markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kasko sığortası barədə şəhadətnaməni təqdim etmişdir.
31. İşə əlavə edilmiş Chevrolet Cruze markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kasko sığorta barədə şəhadətnaməsindən görünür ki, qeyd edilmiş sığorta şəhadətnaməsi üzrə sığorta olunan X3, faydalanan şəxs isə İddiaçı MMC olmuşdur.
32. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh etmə haqqında qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə Quliyev X5 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmişdir.
33. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsi üzrə bir tərəf yəni lizinq verən öz öhdəliyini icra etdikdən yəni, lizinq obyekti olan əşyanı lizinq alana verdikdən sonra lizinq müqaviləsi üzrə digər tərəfin yəni, lizinq alanın müqavilə üzrə öhdəliyini icra etmək vəzifəsi yaranır.
34. Ancaq hazırda işin hallarından görünür ki, xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi üzrə lizinq verən müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmiş yəni, lzinq obyektini, lizinq alan Cavabdeh1 təhvil verməmişdir, sadəcə olaraq formal olaraq təhvil-təslim aktı imza etmişlər.
35. Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinin etibarsızlığı şərtləri də, məhkəmə tərəfindən nəzərdən keçirilmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, müqavilənin bağlanması zamanı Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halları müəyyən edilməmiş, eyni zamanda da, müqavilə yalan və uydurma əqdlər kateqoriyasına da aid deyildir.
36. Sadəcə olaraq xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi üzrə lizinq verən tərəf İddiaçı MMC, müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmiş, yəni lizinq obyekti olan nəqliyyat vasitəsini lizinq alan Cavabdeh1 verməmiş və müqavilənin icrasından imtina etmişdir.
37. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin 2019-cu ildə nəqliyyat vasitəsini X1 alması və buna görə bir dəfə təxmini 400 manat məbləğində ödəniş etməsi ilə bağlı bildirdikləri, hazırkı faktiki əsası xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi üzrə pulun tələb edilməsi təşkil edən mübahisənin həlli baxımından hər hansı bir əhəmiyyəti yoxdur.
38. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 10/0183/YDLİZ nömrəli daxili lizinq müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
39. Bundan başqa məhkəmə qeyd edir ki, X2 hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi halı da, nəzərdən keçirilmiş, ancaq gələcəkdə qəbul ediləcək qətnamənin istər iddianın təmin, istərsə də, rədd olunacağı təqdirdə maraqlarına toxunmayacağından cəlb edilməmişdir.
40. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi üzrə müqavilənin icrasından imtina etdiyindən, cavabdehdən müqavilə üzrə pulun tələb edilməsi barədə iddiası təmin edilə bilməz.
41. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 10/0183/YDLİZ nömrəli lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov