Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-953/2025 12.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enejisi borcunun silinməsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən İddiaçı barəsində tətrib edilmiş xx.xx.2024-cü il tarixli NİQ001931 nömrəli Akt üzrə hesablanmış 9065,76 manat borcun 10\70-32 kodlu abonent hesabından silinməsinə və həmin Akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 9065,76 manat pulun 10\70-32 kodlu abonent hesabına geri qaytarılmasına, habelə peşəkar hüquqi xidmət üçün iddiaçı tərəfindən vəkilə ödənilmiş 320 manat məbləğində pulun və iddianın qaldırılması üçün məhkəyə ödənilmiş 114 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın nümayəndələri bu ilin avqust ayında iddiaçıya məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov 14 ünvanında yerləşən “Firuzə” restoranında xx.xx.2024-cü il tarixdə yoxlama aparmışlar, işıq sayğacına baxış keçirmiş və keçirdikləri yoxlama nəticəsində guya sayğacın alt örtük qapağına vurulan möhürdə müdaxilə izlərinin olduğunu aşkar etmiş, bu səbəbdən də ümumi dəyəri 9065,76 manat təşkil edən itirilmiş enerji sərfiyyatı hesablamışlar. Bununla bağlı elə həmin tarixli NİQ seriyalı 001931 nömrəli Akt tərtib edərək qeyd olunan məbləğin iddiaçıdan ödənilməsini tələb etmiş, həmçinin bu barədə iddiaçıya xəbərdarlıq təqdim edərək, borcun xx.xx.2024-cü il tarixinə qədər ödənilməsini, əks təqdirdə obyektə verilən enerji təchizatının dayandırılacağını bildirmişlər. Həmçinin xx.xx.2024-cü il tarixdə möhürü yenisi ilə əvəz etmiş və buna dair də 311473 nömrəli Akt tərtib etmişlər. İddiaçı tərtib olunan Akta etirazını bildirmiş və Aktı imzalamaqdan imtina etmişdir. Lakin obyekt daimi olaraq müştərilərin xidmətində olduğu üçün və enerji təchizatının dayanmasının iddiaçının bütün biznes fəaliyyətinə mənfi təsir edəcəyini nəzərə alaraq o, məcburən həmin məbləği cavabdehə ödəmişdir. Ancaq hesab edir ki, cavabdehin bu hərəkəti və tərtib etdiyi aktlar tamamilə qanunsuz olmuş, aktda göstərilənlər həqiqəti əks etdirməmişdir. Həmçinin sözügedən yoxlama və aktın tərtibi prosesləri qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilmişdir. Bu səbəbdən də həmin Akt ləğv edilməli və iddiaçı tərəfindən bu Akt üzrə məcburən ödənilmiş 9065,76 manat məbləğindəki pul vəsaiti İddiaçı məxsus obyektə aid olan 10/70-32 kodlu abonent hesabına geri qaytarılmalıdır. Belə ki, sayğaca baxış keçirilərkən nə iddiaçının özü, nə də onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Yalnız sonradan iddiaçı dəvət edilərək ona sayğacın plombunda problem olduğu şifahi şəkildə bildirilmiş və ondan akta imza atması tələb edilmişdir. Belə olan halda isə iddiaçı nasazlığın ona göstərilməsini xahiş etmiş, əks halda aktı imzalamaqdan imtina edəcəyini bildirmişdir. Cavabdehin nümayəndələri ona bu şəraiti yaratmadıqları üçün iddiaçı da aktı haqlı olaraq aktı imzalamaqdan imtina etmiş, nə sayğaca, nə də onun plombuna və ya hər hansı başqa hissəsinə qətiyyən müdaxilə edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndələri həmçinin aşkar edilən “nöqsan”la bağlı nə foto, nə də video çəkiliş aparmamışlar. Halbu ki, qanunvericiliyin tələblərinə əsasən istehlakçı aktı imzalamaqdan imtina etdiyi halda enerji təchizatı idarəsinin səlahiyyətli nümayəndələri tərəfindən aşkar edilmiş nöqsanların foto-video çəkilişi aparılmalıdır. Lakin cavabdehin nümayəndələri bunu da etməyərək, burada da bir daha prosessual pozuntuya yol vermişlər. Eyni zamanda sözügedən sayğac vaxtilə məhz cavabdeh təşkilatın nümayəndələri tərəfindən quraşdırılmış və onlardan başqa sayğaca bütün bu illər ərzində heç bir kəs tərəfindən nə müdaxilə edilməmiş, nə də hər hansı formada baxış keçirilmişdir. Sayğac müayinə üçün laboratoriyaya göndərildikdə və laborator müayinə aparılarkən nə iddiaçının özünün, nə də onun hər hansı səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, laborator müayinə yalnız cavabdehin nümayəndələrinin iştirakə ilə həyata keçirilmişdir. Eyni zamanda cavabdeh təşkilat sahibkarlıq sahəsində yoxlamaların aparılması qaydalarının tələblərini pozmaqla iddiaçıya məxsus obyektdə faktiki olaraq yoxlama aparmış, tamamilə qanunsuz şəkildə sayğaca baxış keçirmişdir. Cavabdehin apardığı bu yoxlama prosesi ilə bağlı yoxlamaların müvafiq vahid reyestrində heç bir qeyd olmamış, onlar iddiaçıya bununla bağlı bildiriş təqdim etməmişlər. Hətta reyestrdə qeyd olsa idi də belə, məlum olduğu kimi, cənab Prezidentin Fərmanına əsasən, sahibkarlıq sahəsində yoxlamaların aparılması hazırda dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarının 7.18-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
3. İddia tələbinə dair etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 10/70-32 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacının alt örtük qapağına vurulan möhürdə müdaxilə izləri var. Baxış zamanı xx.xx.2024-cü il tarixli NİQ 001931 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən: 101 kvt x 12 saat x 68 gün = 82416 kVt.s, Tarif (0,11 man)- 82416 kVt.s x 0,11 man = 9065,8 manat. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddia tələbinə etiraz edir. Akt əsaslı yazılmışdır. Yoxlama reyestrdə qeydiyyata alınmayıb. İddia tələbinin rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2024-cü il tarixli NİQ001931 saylı akta əsasən İddiaçı məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı sayğacın alt örtük qapağına vurulan möhürə müdaxilə izləri olduğu və həmin möhürün yenisi ilə əvəz olunduğu qeyd olunmuşdur.
8. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə İddiaçı xx.xx.2024-cü il tarixli NİQ001931 saylı akta əsasında 9065,8 manat borc hesablanmışdır.
9. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinə əsasən cəmi ödənilməli olan borc məbəği ƏDV daxil 9065,76 manat müəyyən edilmişdir.
10. İddiaçı məxsus abonent haqqında məlumata əsasən xx.xx.2024-cü il tarixdə EİQ pozulmasına görə NİQ001931 saylı akt əsasında 9065,76 manat həddində borc məbləğ hesablanmışdır.
11. xx.xx.2024-cü il tarixli, 1168 saylı ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********* saylı hesab ödəniş vərəqəsi üzrə 4237,29 manat, eyni tarixli ödəniş tapşırığına əsasən 762,71 manat, xx.xx.2024-cü il tarixli, 1307 saylı ödəniş tapşırığına əsasən 3445,56 manat, eyni tarixli 1308 saylı ödəniş tapşırığına əsasən 620.20 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin hesabına ödənilmişdir.
12. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
13. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli NİQ001931 saylı akta əsasən İddiaçı məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı sayğacın alt örtük qapağına vurulan möhürə müdaxilə izləri olduğu və həmin möhürün yenisi ilə əvəz olunduğu qeyd olunmuş, xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin akt komissiyasının sədrinin icra vərəqəsi ilə İddiaçı xx.xx.2024-cü il tarixli NİQ001931 saylı akta əsasında 9065,8 manat borc hesablanmış, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, ********* saylı hesab ödəniş vərəqəsinə əsasən cəmi ödənilməli olan borc məbəği ƏDV daxil 9065,76 manat müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli, 1168 saylı ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********* saylı hesab ödəniş vərəqəsi üzrə 4237,29 manat, eyni tarixli ödəniş tapşırığına əsasən 762,71 manat, xx.xx.2024-cü il tarixli, 1307 saylı ödəniş tapşırığına əsasən 3445,56 manat, eyni tarixli 1308 saylı ödəniş tapşırığına əsasən 620.20 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin hesabına ödənilmiş və İddiaçı məxsus abonent haqqında məlumata əsasən xx.xx.2024-cü il tarixdə EİQ pozulmasına görə NİQ001931 saylı akt əsasında 9065,76 manat həddində borc məbləğ hesablanmışdır.
15. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün İddiaçı təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın:
17. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
18. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.
19. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
20. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
21. xx.xx.2024-cü il tarixli NİQ001931 saylı akta əsasən İddiaçı məxsus obyektdə yoxlama keçirilmiş və baxış zamanı sayğacın alt örtük qapağına vurulan möhürə müdaxilə izləri olduğu və həmin möhürün yenisi ilə əvəz olunduğu qeyd olunmuşdur.
22. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:
23. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
24. 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
25. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
26. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin:
27. 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
28. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
29. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
30. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Həmçinin həmin məbləğin yaranmasında abonentin təqsirinin nədən ibarət olması əsaslandırılmamışdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
32. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin akt əsasında iddiaçıya hesabladığı borc əsassız olduğu üçün silinməli və Akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 9065,76 manat pul vəsaiti İddiaçı 10\70-32 kodlu abonent hesabına geri qaytarılmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Materiallardan da göründüyü kimi iddiaçı 114 manat dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci ödəmişdir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
36. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və vəkil xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli NİQ001931 nömrəli Akta əsasən əsassız olaraq hesablanmış 9065,76 manat borc 10\70-32 kodlu abonent hesabından silinsin və həmin Akt üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 9065,76 manat pul vəsaiti İddiaçı 10\70-32 kodlu abonent hesabına geri qaytarılması öhdəliyi cavabdeh "xxxx" ASC -nin üzərinə qoyulsun. Cavabdeh "xxxx" ASC-dən vəkil xərcinin əvəzi 320 manat və dövlət rüsumunun əvəzi olaraq 114 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova