Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-954/2022 18.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı 019/063 saylı, 01 avqust 2019-cu il tarixli müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı 019/063 saylı, 01 avqust 2019-cu il tarixli müqavilə üzrə pulun tutulması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehn hesabından 2.070 manat pulun tutularaq onun "xxxx" QSC Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı olaraq onunla sifarişçi olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 019/063 saylı, 01 avqust 2019-cu il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən tərəflərindən sifarişçi olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Tərəflərindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma protokolu”na əsasən tərəflər arasdında razılaşdırılmış, görülmüş işlər haqqında aktlarla icraçının nümayəndəsi tərəfindən təhvil verilmiş və sifarişçinin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 20 avqust 2019-cu il tarixli akta, 072 saylı, 20 avqust 2019-cu il tarixli hesab-fakturaya və EAAY seriyalı, 753860 nömrəli, 20 avqust 2019-cu il tarixli elektron qaiməyə əsasən 1860 manatlıq iş görülmüş və təhvil verilmişdir. Lakin bu günə qədər dəfələrlə etdikləri müraciətlərinə baxmayaraq yaranmış borc məbləği iş üzrə cavabdeh olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən heç bir əsas göstərilmədən ödənilməmişdir. İş üzrə cavabdeh olan Cavabdehnə tərəflərindən qanunvericiliyin tələblərinə uyğun olaraq pretenziya qaydasında 19 avqust 2021-ci il trixli, 004 saylı məktub YAPS (təcili poçt) vasitəsi ilə cavabdehə çatdırılmış və daha sonra mediasiya təklifi göndərilmiş və nəhayət Mediasiya Şurasına da müraciət olunmuşdur. Lakin bütün bunlara baxmayaraq iş üzrə cavabdeh olan Cavabdeh borcunu ödəməmiş, nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən belə hesab edir ki, iş üzrə cavabdeh olan Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən tərəfimdən vəkillə müqavilə bağlanaraq 150 manat ödənilmiş, eyni zamanda mediasiya sessiyasında iştirak etmədiyi üçün mediatora ödənilməli olan 60 manat tərəfindən ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı Qriqoryevnanın Cavabdeh MMC-yə qarşı 019/063 saylı, 01 avqust 2019-cu il tarixli müqavilə üzrə pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01 avqust 2019-cu il tarixdə 019/063 saylı təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi təmir xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdityi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 5.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 9.3-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Müqavilə tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. 20 avqust 2019-cu il tarixli aktdan müəyyən edilir ki, sifarişçiyə məxsus olan avtomobilə (və onun aqreqatları) ümumilikdə 1.860 manatlıq xidmət (pompanın təmiri- 1.200 manat) göstərilmiş və ehtiyat hissələri (forsunkanın (6 ədəd 110 manat)-660 manat) dəyişdirilmişdir. Akt tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1.860 manat dəyərində göstərilmiş xidmətə görə EAAY seriyalı, 753860 nömrəli, 20 avqust 2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. İddiaçı tərəfindən təqdim olunan 20.08.2019-cu il tarixli 072 saylı hesab-fakturaya əsasən icraçı İddiaçı sifarişçi Cavabdeh MMC-yə ümumilikdə 1.860 manat məbləğində işlər, xidmətlər göstərdiyi müəyyən olunur. Hüquqi yardımın göstərilməsi haqqında 17 saylı müqaviləyə əsasən fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə tərəfindən İddiaçı göstərilən hüquqi yardım haqqının məbləği 150 manat müəyyən edilmişdir. 01.09.2021-ci il tarixli 369932 nömrəli mədaxil qəbzinin kötüyündən müəyyən edilir ki, göstəriləcək hüquqi yardıma görə 150 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ödənilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, İddiaçı borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01 avqust 2019-cu il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə təmir xidmətləri göstərmiş, Cavabdeh MMC göstərilmiş xidmətlərin haqqını ödəməmiş, nəticədə İddiaçı 1.860 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı 1.860 manat məbləğində borcunun yarandığını, İddiaçı isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən 1.860 manat məbləğində borc tutulmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya mediasiya xərcləri ilə yanaşı 20 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 38,60 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Odur ki, artıq ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 (altmış) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 20 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1860 (bir min səkkiz yüz altmış) manat məbləğində borc, vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 150 (yüz əlli) manat və mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia verilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-954/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-954/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver