Məhkəmə qərarları › İş №e-2-2(113)-9592/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9592/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9592/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə haqqının ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. İddiaçı ilə X2 arasında xx.xx.2022-ci il tarixli avtomobil icarə müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən, icarəyə verən (X2) ona məxsus “Toyota Prius” markalı, 90VY432 dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2007, mühərrik № U149216, rəngi: gümüşü metallik, tip: XETCBEK, Ban: JTDKB**********7) minik nəqliyyat vasitəsini (bundan sonra - Avtomobil) icarəyə icarəyə vermiş, icarəçi (iddiaçı) isə həmin Nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, icarəçi bu müqavilə üzrə götürdüyü avtomobili subicarəyə, habelə birgə fəaliyyət haqqında müqavilələr və digər əsaslarla fiziki və hüquqi şəxslərə icarəyə verə bilər.

2. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, X2 ona məxsus olan əmlaklarının idarə edilməsini, onlara dair sərəncam verilməsini və s. hüquqi hərəkətlərin aparılmasını İddiaçı etibar etmişdir

3. Daha sonra, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli avtomobil icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən icarəyə verən (iddiaçı) qanuni əaslarla ona məxsus olan Avtomobili icarəyə icarəyə vermiş, icarəçi (cavabdeh) isə həmin Nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. Müqavilənin: 3.1. 2.1.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəçinin öhdəliyidir. 3.2. 3.1-ci bəndinə əsasən, icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 20 manat məbləğində icarə haqqını ödəyir. 3.3. 4.1-ci bəndinə əsasən, bu müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək bağlanılır.

4. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, müqavilədə razılaşdırılmış Avtomobil xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı cavabdehdən 1800 manat məbləğində borcun və ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Avtomobil xx.xx.2025-ci il tarixli icarə müqaviləsi əsasında ona icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehlə aralarında Avtomobilə dair subicarə müqaviləsi bağlanmış və Avtomobil cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi olaraq nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 20 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə onun 1800 manat borcu movcuddur. Borcun ona ödənilməsi ilə bağlı müraciət etsəm də, cavabdeh onun ödənilməsindən boyun qaçırmırşıdır. Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır

b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

8. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi).

11. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 217.1-ci maddəsi).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

13. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir (MPM-in 222.2-ci maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

24. Mülki Məcəllənin 386.1-ci maddəsinin müddəlarından da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

25. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli avtomobil icarə müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, icarəyə verən (iddiaçı) qanuni əaslarla - ona sahiblik və istifadə (icarə) hüququ əsasında məxsus olan Avtomobili icarəyə vermiş, icarəçi (cavabdeh) isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. İş materiallarına əlavə eidlmiş təhvil təslim aktından görünür ki, müqavilədə razılaşdırılmış Avtomobil xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir.

26. Beləliklə, iddiaçı razılaşdırılmış Avtomobili cavabdehin istifadəsinə verməklə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmişdir. Lakin avtomobil ona təhvil verilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Qanunvericilin də verdiyi ümumi anlayışa görə müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). İradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar.

27. Tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən avtomobili icarə üçün almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəyə verənə 20 manat məbləğində icarə haqqını ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında avtomobili təhvil almasına dair hüququndan istifadə etmiş, lakin icarə haqqını ödəməli olmasına dair vəzifəsini icra etməyərək öhdəliyini pozmuşdur.

28. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh mübahisəli avtomobili iddiaçıya geri qaytarması və həmin avtomobilə görə iddiaçıya günlük icarə haqqı ödəməsi ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halları sübutetmə yükü cavabdehin üzərində olmuşdur.

29. Odur ki, məhkəmə şərh edilənləri, cavabdeh tərəfindən öz öhdəliklərinin müqavilə üzrə icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, eləcə də mübahisəli Avtomobilin cavabdehə təhvil verilməsindən (xx.xx.2024-cü il) 1 ildən artıq müddət keçməsini nəzərə alaraq hesab edir ki, iddiaçı yaranmış icarə haqqını tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir.

30. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 1800 manat məbləğində borc və ödənilmiş 38 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar