Məhkəmə qərarları › İş №e-2-2(113)-96/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-96/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-96/2023 08.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, borc, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 6570.01 manat məbləğində əsas bоrc və 2533.34 manat faiz borcu оlmaqla, cəmi 9103.35 (doqquz min yüz üç (.otuz beş)) manat borcun və 100 (bir yüz) manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 12 fevral 2021 il tariхli, 102842-723762/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 24% dərəcəsi ilə 8483 (səkkiz min dörd yüz səksən üç)) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh3 arasında 12 fevral 2021 il tariхli, 102842-723762/2 nömrəli, Cavabdeh4 arasında 12 fevral 2021 il tariхli, 102842-723762/2/3 və Cavabdeh2 12 fevral 2021 il tariхli, 102842- 723762/2/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 12 fevral 2021 il tariхli, 102842- 723762/2 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 18 may 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 6570.01 manat məbləğində əsas bоrcu və 2533.34 manat faiz borcu оlmaqla, ümumilikdə 9103.35 (doqquz min yüz üç (.otuz beş)) manat məbləğində kredit bоrcu yaranmışdır.

3. İddia ərizəsində iddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 443.1, 445.1, 445.2.1, 449.4 və 741 s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3582/2022 saylı qərardadı ilə kiçik iddiaya dair kommersiya işi iddia icraatına keçirilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əsas borcu qəbul etdiyini bildirərək, faiz borcunun azaldılmasını məhkəmədən xahiş etdi.

7. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hüquqi ünvanına sifarişli-xəbərnaməli poçt göndərişləri ilə məhkəmə bildirişləri göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, eyni zamanda onlara məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə SMS bildiriş çatdırılmış, lakin cavabdehlər və ya onların nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi:

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 12 fevral 2021-ci il tarixli 102842-723762/2 saylı kredit müqaviləsi bağlanmış və Bank tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 24% olmaqla 12 (on iki) ay müddətinə 8.483 (səkkiz min dörd yüz səksən üç) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi və “Ödəniş cədvəli” tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.

12. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş sənədindən məlum olur ki, 8.483 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 İddiaçı ASC-dəki AZ74AZEN******************** saylı hesabına köçürülmüş və vəsait hesabına Cavabdeh1 xx.xx.2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2019-cu il tarixli LD**********0 saylı kredit müqaviləsi üzrə borcu silinmişdir.

13. 12 fevral 2021-ci il tarixli 102842-723762/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli 102842-723762/2/2 saylı zaminlik müqaviləsi, Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli 102842-723762/2 saylı zaminlik müqaviləsi və Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixli 102842- 723762/2/3 saylı zaminlik müqaviləsi bağlanılmışdır.

14. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 12 fevral 2021-ci il tarixli 102842-723762/2 saylı kredit müqaviləsi üzrə 6.570,01 manat əsas borc, 2.533,34 manat faiz borcu olmaqla cəmi 9.103,35 manat məbləğində borc hesablanmışdır.

V. TƏTBİQ EDİLƏN HÜQUQ:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. VI. Məhkəmənin mövqeyi:

18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

19. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

20. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarından da aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

21. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən 8.483 manat məbləğində pul Cavabdeh1 İddiaçı ASC-dəki hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

22. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 da müqavilənin bağlanmasını və 8.483 manat məbləğində pulun verilməsini mübahisələndirməmiş, əsas borcu qəbul etdiyini bildirmişdir.

23. İş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8235 nömrəli rəyinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 6.672,47, faiz borcu 1.072,04 manat, xx.xx.2022-ci il tarixə (məhkəmə qərardadının tarixinə) əsas borcu 6.672,47, faiz borcu 1.072,04, illik 5%-lə hesablanmaqla faiz borcu 144,57 manat müəyyən edilmişdir.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və iddiaçının da, cavabdehlərdən əsas borc üzrə 6.570,01 manat məbləğində pulun tələb edilməsini nəzərə alaraq hesab edir ki, 6.570,01 manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

25. Məhkəmə hesab edir ki, iddia faiz borcunun 2.533,34 manat məbləğində tələb edilməsi hissəsində qismən əsaslıdır və Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022ci il tarixli 9/8235 nömrəli rəyinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcunun 1.072,04 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 1.072,04 manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

26. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından məlum olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 manat məbləğində pul Bakı 4 saylı Mediasiya təşkilatına ödənilmişdir.

VII. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 12 fevral 2021-ci il tarixli 102842-723762/2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 6.570 (altı min beş yüz yetmiş) manat 01 (bir) qəpik, faiz borcu üzrə 1.072 (min yetmiş iki manat) manat 04 (dörd) qəpik, cəmi 7.642 (yeddi min altı yüz qırx iki) manat, 05 (beş) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar