Məhkəmə qərarları › İş №e-2-2(113)-9608/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9608/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9608/2025 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas və faiz borcu) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 may 2025-cü il tarixli 490882-CNS-57930/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış 13560.85 (on üç min beş yüz altmış manat, səksən beş qəpik) manat məbləğində əsas borc, 729.75 (yeddi yüz iyirmi doqquz manat, yetmiş beş qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 14290.60 (on dörd min iki yüz doxsan manat, altmış qəpik) manat məbləğində pulun və 132,87 (yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 26 iyul 2024-cü il tarixli 490882-CNS-57930 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Daha sonra Bank ilə Cavabdeh2 arasında bağlanmış “xx.xx.2024-ci il tarixli 490882-CNS-57930 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 21 may 2025-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh2 Banka xx.xx.2025-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 13 560.85 (on üç min beş yüz altmış manat, səksən beş qəpik) manat məbləğində borcu illik 15 (on beş) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 13560.85 (on üç min beş yüz altmış, 85) manat məbləğində əsas borc, 729.75 (yeddi yüz iyirmi doqquz, 75) manat məbləğində faiz borcu, ümumilikdə isə 14290.60 (on dörd min iki yüz doxsan, 60) manat məbləğində borcu qalmışdır. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 2.1-ci bəndinə əsasən aksept - müştərinin Banka təqdim etdiyi ərizə-razılaşmanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra "Mülki Məcəllə”) 409.1-ci maddəsinə uyğun olaraq qeyd-şərtsiz qəbul etməsi barədə həmin ərizərazılaşmada imza etməklə və Bankın möhürü ilə təsdiqlənməsi ilə ifadə olunan Bankın yazılı cavabıdır. Cavabdeh2 tərəfindən imzalanmış 21 may 2025-cü il tarixli 490882-CNS- 57930/1 saylı“Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh2 “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni “kredit alan”ın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən «ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (11.1.3-cü bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) Bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən 21 may 2025-cü il tarixli 490882-CNS-57930/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 132,87 (yüz otuz iki manat səskən yeddi qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh2 tutulmalıdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da, Cavabdeh2 tutulmalıdır. Hesab edirik ki, Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan (VÖEN **********), həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: mal-materialın alınması) hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 13.1-ci bəndinə əsasən qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll edilməsi nəzərdə tutulmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 739.1, 743.1, 743.2-ci maddələrinə istinad olunmuşdur

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi kreditin dövriyyə vəsaitlərinin artırılması məqsədilə verildiyini bildirmiş, eyni zamanda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. xx.xx.2024-cü il tarixli, 490882-CNS-57930 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi əsasında İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Bank Dövriyyə vəsaitlərinin artırılması mal-materialın alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması üçün fərdi sahibkar olan Cavabdeh2 36 ay müddətinə, illik 22 faizlə, aylıq 573.16 manat ödəniş etmək şərtilə 15000 manat kredit vermişdir.

7. xx.xx.2025-ci il tarixdə kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə tərəflər arasında bağlanmış Əlavə razılaşmaya görə borcalanın maliyyə çətliyinin yaranması səbəbindən, kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımi qaydada icrasını təmin etmək məqsədilə tərəflər krediti restrukturizasiya edərək, xx.xx.2025-ci il tarixə olan borcu kapitallaşdıraraq 13560.85 manat məbləğdə müəyyən etmişlər. Həmin razılaşmaya əsasən illik faiz dərəcəsi 15 faiz, kreditin müddəti 48 ay müəyyən edilmişdir.Yeni ödəniş qrafiki üzrə borcalan ilk 6 ay 160-180 manat, daha sonra hər ay 418.93 manat ödəniş etməli idi.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh2 banka 13560,85 manat əsas, 729,75 manat faiz olmaqla, cəmi 14290,60 manat borcu vardır.

9. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh2 pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 14290,60 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir.

10. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən 150 manat kredit ödənişi edilmiş və həmin vəsait faiz borcunun ödənilməsinə yönəldilmişdir. Bununla belə, tələb həmin hissədə azaldılmamışdır.

11. 12.11.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 132,87 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

17. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

18. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

19. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.

20. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:

21. 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

22. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

23. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

30. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, 490882-CNS-57930/1 saylı müqavilə üzrə 13560,85 manat məbləğində xx.xx.2029-cu il tarixədədək qaytarmaq şərtilə illik 15 faizlə kredit kart hesabına köçürülməklə verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

31. İş materiallarında olan sənədlərdən isə müəyyən edilir ki, müqavilədən imtina edildiyi xx.xx.2025-ci il tarixə cavabdehin maliyyə arayışında göstərildiyi qədər borcu olsa da, onun tərəfindən xx.xx.2025-ci il tarixdə edilmiş 150 manat ödəniş iddianın məhkəməyə verildiyi tarixdə nəzərə alınmamışdır. Eyni zamanda məhkəmə icraatı dövründə də iddiaçı tələbini həmin hissədə azaltmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışı və hesabdan çıxarış məlumatları mötəbər sübut kimi qiymətləndirilməli və cavabdehdən kredit müqaviləsi üzrə tutulmalı olan məbləğ əsas borca görə 13560,85 manat , faiz borcuna görə isə 579,75(729.75-150) manat məbləğində müəyyən edilməlidir. Nəticə

32. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, 490882-CNS-57930/1 saylı əlavə razılaşma üzrə əsas borca görə 13560,85 (on üç min beş yüz altmış manat səksən beş qəpik) manat, faiz borcuna görə 579,75 (beş yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 14140,60 (on dörd min yüz qırx manat altmış qəpik) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Bundan əlavə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdehdən 131 manat tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli, 490882-CNS-57930/1 saylı əlavə razılaşma üzrə əsas borca görə 13560,85 (on üç min beş yüz altmış manat səksən beş qəpik) manat, faiz borcuna görə 579,75 (beş yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 14140,60 (on dörd min yüz qırx manat altmış qəpik) manat pul vəsaiti və 131(yüz otuz bir) manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar