Məhkəmə qərarları › İş №e-2-2(113)-9639/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9639/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9639/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi üzrə əsas borc, faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 005R********** saylı krеdit razılaşması üzrə 19915.57 manat məbləğində krеdit bоrcu, 1320.34 manat məbləğində faiz bоrcu və 559.98 manat məbləğində cərimə borcu olmaqla, 005R********** saylı krеdit razılaşması üzrə isə 10700.45 manat məbləğində krеdit bоrcu, 890.37 manat məbləğində faiz bоrcu və 251.17 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33637 manat 88 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 190.91 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh3, X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005L**********70 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli 005S**********01 saylı və xx.xx.2024-cü il tarixli 005S**********01 saylı Qoşulma barədə sazişlərlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər müvafiq olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdürlər. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 15084.43 manat ödəmiş, onun 19915.57 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 146 gün üçün hesablanmış faiz borcu 1320.34 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 146 gün üçün hеsablanmış cərimə 559.98 manat təşkiledir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşmasıəsasında 24 ay müddətinə,aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025- ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 4299.55 manat ödəmiş, onun 10700.45 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 134 gün üçün hesablanmış faiz borcu 890.37 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 134 gün üçün hеsablanmış cərimə 251.17 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

6. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasınında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, ölkə xaricindən gətirdiyi avtomobillərin alqı-satqısı ilə məşğuldur, maşınların istehsal ili ilə bağlı məhdudiyyətlər tətbiq olunduğu üçün, maddi imkanının olmaması səbəbindən yeni maşınlar gətirə bilməyib, işləri uğursuz olduğu üçün 4-cü aydan sonra ödəniş edə bilməmişdir. Hazırda Türkiyədə işləyir, 5-ci aydan başlayaraq ödəniş edə bilər. Tələb olunan borcla bağlı mübahisəsi yoxdur.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da tələb olunan borcla bağlı mübahisələrinin olmadığını bildirdilər.

III.Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı QSC ilə kredit alan Cavabdeh1 və zaminlər Cavabdeh3, X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005L**********70 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 ayrılan uzunmüddətli kredit xəttinin məbləği 300000 manat, kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla, kreditin müddəti 120 ay müəyyən edilmişdir. Həmin müqavilənin: 2.3-cü maddəsinə əsasən verilən hər bir kreditin məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti, məqsədi, FİFD olduğu təqdirdə Ödəniş planı və dgiər xüsusi şərtləti hər dəfə Müqvilənin tələbləri nəzərə alınmaqla Kredit sazişi ilə müəyyən edilir. 2.7-ci maddəsinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka geri qaytarmağı öz üzərinə götürür. 2.14-cü maddəsinə əsasən zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alanla birgə məsuliyyət daşıyır. 3.2.1-ci maddəsinə əsasən bank kredit alanın təqdim etdiyi sifarişini aksept etdiyi təqdirdə, kredit alana müvafiq sifarişin təqdim edilidyi vasitə ilə kredit məbləği, kreditin faiz dərəcəsi 9 o cümlədən FİFD), kredit məbləği, aylıq ödəniş məbləği və ödəniş gününün, habelə olduğu təqdirdə, Komisyon haqqın olduğu bildiriş göndərməklə bu barədə məlumat verir. Kredit alan bankın akseptini almasını müvafiq aksepti aldığı vasitə ilə təsdiq etdiyi andan kredit sazişi bağlanmış hesab edilir. 4.1-ci maddəsinə əsasən bu müqavilə əsasında kredit verilməsi və qaytarılması hər bir kredit sazişinə uyğun olaraq həyata keçirilir. 4.4-cü maddəsinə əsasən kredit faizi, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən(gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi, kreditin faizin dərəcəcsinin 1/360 hissəsi kimi hesablanbır. 11.1-ci maddəsinə əsasən zamin, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşıyır.

10. "xxxx" QSC ilə Cavabdeh1 arasında imzalanmış, xx.xx.2023-cü il tarixli, 005R********** saylı Kredit Sazişi-Biznes Krediti və Girov barədə Qarşıq Razılaşmaya əsasən, Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 19 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 manat məbləğində krеdit verilmişdir.

11. "xxxx" QSC ilə Cavabdeh1 arasında imzalanmış, xx.xx.2024-cü il tarixli, 005R********** saylı Kredit Sazişi-Biznes Krediti və Girov barədə Qarşıq Razılaşmaya əsasən, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit verilib.

12. "xxxx" QSC tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli kreditin verilməsiköçürmə sənədindən görünür ki, Cavabdeh1 hesabına 15000 manat köçürülmüşdür.

13. "xxxx" QSC tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli kreditin verilməsiköçürmə sənədindən görünür ki, Cavabdeh1 hesabına 35000 manat köçürülmüşdür.

14. "xxxx" QSC tərəfindən təqdim olunan Cavabdeh1 aid hesabdan çıxarışa əsasən xx.xx.2024-xx.xx.2025-ci il tarixləri ərzində ümumi mədaxil 32127.00 manat, ümumi məxaric 32127.00 manat təşkil etmişdir.

15. "xxxx" QSC tərəfindən təqdim olunan Cavabdeh1 aid hesabdan çıxarışa əsasən xx.xx.2023-xx.xx.2025-ci il tarixləri ərzində ümumi mədaxil 69727.00 manat, ümumi məxaric 70036.42 manat təşkil etmişdir.

16. "xxxx" QSC və Cavabdeh2 arasında bağlanan xx.xx.2024-cü il tarixli 005S**********01 saylı Qoşulma barədə sazişə əsasən zamin xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.15 və 2.16-cı bəndlərinə əsasən zamin qismində müqaviləyə qoşulmaq niyyətindədir və Cavabdeh2 həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdliklərin icrası üçün kredit alanla birgə məsuliyyət daşıyır.

17. "xxxx" QSC və Cavabdeh3 arasında bağlanan xx.xx.2024-cü il tarixli 005S**********01 saylı Qoşulma barədə sazişə əsasən zamin xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.15 və 2.16-cı bəndlərinə əsasən zamin qismində müqaviləyə qoşulmaq niyyətindədir və Cavabdeh2 həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdliklərin icrası üçün kredit alanla birgə məsuliyyət daşıyır.

18. "xxxx" QSC tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, 005R********** saylı kredit razılaşması üzrə Cavabdeh1, xx.xx.2025-ci il tarixə 10700.45 manat Əsas məbləğ üzrə borc, 890.37 manat faiz üzrə borcu, 251.17 manat cərimə borcu olmaqla, cəmi 11841.99 manat borcu mövcuddur. Cərimə hesablanmış gecikdirilmiş günlərin sayı 134 gün təşkil edir.

19. "xxxx" QSC tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 005R********** saylı kredit razılaşması üzrə Cavabdeh1, xx.xx.2025-ci il tarixə 19915.57 manat Əsas məbləğ üzrə borc, 1320.34 manat faiz üzrə borcu, 559.98 manat cərimə borcu olmaqla, cəmi 21795.89 manat borcu mövcuddur. Cərimə hesablanmış gecikdirilmiş günlərin sayı 146 gündür.

20. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2025-ci il tarixində elektron qaydada pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, borc məbləğinin tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

21. xx.xx.2025-ci il tarixli **********42 nömrəli qəbzə əsasən "xxxx" QSC tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına 190,91 manat dövlət rüsumu ödənilmişdir.

22. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005L**********70 saylı uzunmüddətli kredit və təminat müqaviləsi və onun əsasında bağlanan kredit Sazişi-Biznes Krediti və Girov barədə Qarşıq Razılaşmadan irəli gəlir. Cavabdehin bu öhdəliklərini lazımınca icra etməməsi İddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı QSC ilə kredit alan Cavabdeh1 və zaminlər Cavabdeh3, X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005L**********70 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 300000 manat uzunmüddətli kredit xətti ayrılmış, Cavabdeh1 ilə bağlanan xx.xx.2023-cü il tarixli 005R********** saylı Kredit Sazişi-Biznes Krediti və Girov barədə Qarşıq Razılaşmaya əsasən cavabdehə illik 36 ay müddətinə, illik faiz dərəcəsi 19 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 005R********** saylı Kredit Sazişi-Biznes Krediti və Girov barədə Qarşıq Razılaşmaya əsasən isə Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin olunması məqsədi ilə iddiaçı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli qoşulma barədə sazişlər bağlanmış, həmin müqavilələrə əsasən zaminlər bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdliklərin icrası üçün kredit alanla birgə məsuliyyət daşıyacaqlarını üzərlərinə götürmüşlər. İddiaçı qeyd edilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, və Cavabdeh2 və Cavabdeh3 (ayrı-ayrılıqda) borc məbləğini etiraf edərək, tələb olunan məbləğlə bağlı hər hansı mübahisələrinin olmadığını bildirmişlər. Hazırda iddiaçı krеdit razılaşmaları üzrə əsas, faiz və cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması tələbi ilə çıxış edir.

24. Məhkəmə ilkin olaraq kredit müqaviləsinin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

25. AR MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

26. AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

27. İş materiallarından görünür ki, tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli müqavilənin müddətinin 36 ay, xx.xx.2024-cü il tarixli müqavilənin müddəti 24 müəyyən edilməsinə baxmayaraq, iddiaçı xx.xx.2025-ci il tarixdə borcalana və zaminlərə pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə əsas, faiz və cərimə borcunun qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ, hesablanmış faizlər və dəbbə borcu) ödənişlərini tələb etməkdə haqqlıdır.

28. Məhkəmə xüsusi olaraq qeyd edir ki, estoppel prinsipinin mahiyyətinə əsasən, hüquqda tərəf daha öncə qəbul etdiyi faktları, (hərəkətləri) sonradan inkar etmək və ya mübahisələndirmək, əvvəlki davranışına zidd mövqe tutmaq imkanından məhrum edilir (estopped from denying). Hər hansı bir fakt şəxs tərəfindən təsdiq edilə, eyni zamanda inkar edilə və ya mübahisələndirilə bilməz.

29. AR MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

30. Əsas borc məbləğinə münasibətdə məhkəmə sözügedən kredit müqavilələri üzrə cavabdeh tərəfindən edilmiş ödənişləri və xx.xx.2023-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 19915.57 manat məbləğində, xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 10700.45 manat məbləğində ödənilməmiş əsas borc qaldığını, həmin məbləğin cavabdehlər tərəfindən qəbul edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən 005R********** saylı müqavilə üzrə 19915.57 manat, 005R********** saylı müqavilə üzrə isə 10700.45 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

31. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması əsasında müqavilələrin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini qarşı tərəfə bildirdiyindən iddiaçı həmin tarixədək olan müqavilələr üzrə hesablanmış faizləri, (xx.xx.2023-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 1320.34 manat, xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 890.37 manat təşkiledir.) tələb etməkdə haqqlıdır.

32. İddiaçı eyni zamanda xx.xx.2023-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 559.98 manat və xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 251.17 manat cərimə borcunun müştərək qaydada cavabdehlərdən tutulmasını tələb edir.

33. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

34. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).

35. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq dəbbə pulunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.

36. Eyni zamanda məhkəmə uzunmüddətli kredit müqaviləsinin və Cavabdeh2 və Cavabdeh3 ilə bağlanılan qoşulma barədə sazişlərin şərtlərini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxslər borclu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

37. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 19915.57 manat əsas borc, 1320.34 manat faiz borcu və 559.98 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 10700.45 manat əsas borc, 890.37 manat faiz borcu və 251.17 manat dəbbə pulu olmaqla tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

38. İddiaçı həmçinin iddia qaldırılması üçün ödənilmiş 190.91 manat məbləğində dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş etmiş, qeyd edilən faktı təsdiq edən qəbzi iş materiallarına əlavə etmişdir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 190,91 manat məbləğində pul cavabdehdən tutulmalıdır. V. Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 19915.57 manat əsas borc, 1320.34 manat faiz borcu və 559.98 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli 005R********** saylı krеdit razılaşması üzrə 10700.45 manat əsas borc, 890.37 manat faiz borcu və 251.17 manat dəbbə pulu olmaqla, ümumilikdə 33637.88 manat (otuz üç min altı yüz otuz yeddi manat səksən səkkiz qəpik) pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 190.91 manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar