Məhkəmə qərarları › İş №e-2-2(113)-964/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-964/2025

17.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-964/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "X1" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ömür Logistics MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TMB23109 saylı alqı-satqı müqaviləsi üzrə 3.479,99 manat əsas borc, 174 manat əldən çıxmış fayda, 6.472,78 manat cərimə və 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ 10.446 manat pul və 122 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10.568 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, X1 ” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TMB23109 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Satıcı adı, çeşidi(növü), sayı, dəyəri hər bir Mal sifarişi üzrə tərtib edilən qaimə faktura (və ya elektron qaiməfaktura) və ya Əlavə Razılaşma müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib, dəyərini satıcıya ödəyir. Müqavilənin 7.1-ci maddəsinə əsasən, Alıcı sifariş etdiyi malın dəyərinin 100% ni malın təhvil-təslim edildiyi gündən etibarən7 iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. Həmin müqavilənin 7.5-ci maddəsinə əsasən, Alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirilmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin həır günü üçün borclu olduğu məbləğin 0.5% məbləğində cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətini dayandırdığı hallara da şamil edilir. Cavabdeh MMC-nin 3479.99 manat əsas borc meydana gəlmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "X1" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, TMB 23109 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı adı, çeşidi, sayı, dəyəri hər bir Mal sifarişi üzrə tərtib edilən qaimə-faktura və ya Əlavə razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir.

11. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

14. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından məlum olur ki, tərəflər xx.xx.2023-cü il tarixinə qarşılıqlı üzləşmə aparmış və xx.xx.2023-cü il tarixinə borc İddiaçı MMC-nin xeyrinə 3.479,99 manat təşkil etmişdir.

15. İş materiallarına əlavə edilmiş elektron qaimələr barədə çıxarışdan, qarşılıqlı borcların üzləşdirilməsi aktından və ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə ümumilikdə 4.053,02 manat (3.434,76 əsas+618,26 ƏDV) dəyərində mal verilmiş, cavabdeh tərəfindən 573,03 manat (485,62 əsas+87,41 ƏDV) məbləğində ödəniş edilmiş, nəticədə cavabdehin 3.479,99 manat (4.053,02-573,03) məbləğində borcu qalmışdır.

16. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

17. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 3.479,99 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə 6.472,78 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

19. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir.

20. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

21. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 180 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir

22. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 174 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

23. Tərəflər arasında üzləşmə aktının xx.xx.2024-cü il tarixdə imzalandığını və iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə yəni 9 ay sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 130,49 (3.479,99x5/100=173,999 (1 il üçün), 173,999/12=14,499 (1 ay üçün) 14,499x9=130,49 (9 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

24. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

25. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 57,90 manat təşkil edir.

26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 3.479 (üç min dörd yüz yetmiş doqquz) manat 99 (doxsan doqquz) qəpik, cərimə borcu üzrə 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 3.659 (üç min altı yüz əlli doqquz) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 130 (bir yüz otuz) manat 49 (qırx doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 57 (əlli yeddi) manat 90 (doxsan) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar