Məhkəmə qərarları › İş №e-2-2(113)-967/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-967/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-967/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DCS00359568-02 saylı kredit müqaviləsinə əsasən 20.782,62 manat əsas borc, 1.777 manat faiz borcu, 3.006,23 manat cərimə borcu olmaqla, cəmi 25.565,85 manat, DC00359568-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 79.177,51 manat əsas borc, 5.841,55 manat cərimə borcu olmaqla, cəmi 85.019,06 manat, DC00359568-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 20.416,98 manat əsas borc, 3.789,06 manat faiz borcu, 2.407,51 manat cərimə borcu olmaqla, cəmi 26.613,55 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 41 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-05054LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2022-ci il tarixli DC00359568-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 170.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir, xx.xx.2022-ci il tarixli DC00359568-05 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 35.000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan arasında xx.xx.2021-ci il tarixliDCS00359568-02 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun “26” avqust 2021-ci il tarixli ZM-1627/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh2 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh1 arasındaDC00359568-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********740 saylı zaminlik müqaviləsi, DC00359568-05 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********051 saylı zaminlik müqaviləsi bağlanmışdır, DCS00359568-02 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-ci il tarixli DCS**********19 saylı zaminlik müqaviləsi bağlanmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05054LE/2019 saylı Razılaşma bağlanmışdır.

12. Sonradan İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 MMC (borclu) arasında xx.xx.2021-ci il tarixli DCS00359568-02 saylı kredit müqaviləsi bağlanmış və Bank tərəfindən Borcalana 50.000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kredit verilmişdir.

13. xx.xx.2021-ci il tarixli DCS00359568-02 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC (kreditor), Cavabdeh2 MMC (borclu) və Cavabdeh1 (zamin) arasında xx.xx.2021-ci il tarixli DGS**********19 saylı zaminlik müqaviləsi imzalanmışdır.

14. Daha sonra İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 MMC (borclu) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DCS00359568-04 saylı maliyyələşdirmə üçün ərizə əsasında borcalana 170.000 məbləğində illik 17% dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək birdəfəlik kredit verilmişdir.

15. xx.xx.2022-ci il tarixli DCS00359568-04 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC (kreditor), Cavabdeh2 MMC (borclu) və Cavabdeh1 (zamin) arasında xx.xx.2022-ci il tarixli DGS**********740 saylı zaminlik müqaviləsi imzalanmışdır.

16. Daha sonra İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 MMC (borclu) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DCS00359568-05 saylı maliyyələşdirmə üçün ərizə əsasında borcalana 35.000 məbləğində illik 17% dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək birdəfəlik kredit verilmişdir.

17. xx.xx.2022-ci il tarixli DCS00359568-05 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC (kreditor), Cavabdeh2 MMC (borclu) və Cavabdeh1 (zamin) arasında xx.xx.2022-ci il tarixli DGS**********051 saylı zaminlik müqaviləsi imzalanmışdır.

18. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

22. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

23. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

24. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

25. Belə ki, bankla Cavabdeh2 MMC arasında müqavilələr bağlanmış, Bank tərəfindən hər üç müqavilə üzrə, nəzərdə tutulmuş məbləğində pul Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Müqavilələr üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-967/2024 saylı qərardadı ilə İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCS00359568-02 saylı, xx.xx.2022-ci il tarixli, DC00359568-04, xx.xx.2022-ci il tarixli, DC00359568-05 saylı müqavilələr üzrə müqavilələrin müddətinin bitdiyi tarixə əsas və faiz borcunun, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCS00359568-02 saylı, xx.xx.2022-ci il tarixli, DC00359568-04, xx.xx.2022-ci il tarixli, DC00359568-05 saylı müqavilələr üzrə hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.

27. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli, DCS00359568-02 saylı müqavilə üzrə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə əsas borcu 18.959,25 manat, faiz borcu 1.395,48 manat, xx.xx.2022-ci il tarixli, DC00359568-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixinə əsas borcu 92.107,86 manat, faiz borcu 5.247,04 manat, xx.xx.2024-cü il tarixinə əsas borcu 72.675,91 manat, xx.xx.2022-ci il tarixli, DCS00359568- 05 saylı müqavilə üzrə Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə əsas borcu 20.415,78 manat, faiz borcu 3.750,27 manat müəyyən edilmişdir.

28. Məhkəmə hesab edir ki, iddia kredit müqavilələri üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, belə ki, DCS00359568-02 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 18.959,25 manat və faiz borcu üzrə 1.395,48 manat, DCS00359568-04 maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 72.675,91 manat, DCS00359568-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 20.415,78 manat və faiz borcu üzrə 3.750,27 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir

29. Məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.

30. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

31. Hazırki işin hallarından görünür ki, cavabdehin DCS00359568-02 saylı kredit müqaviləsi üzrə əsas borcuna münasibətdə 900 manat, DCS00359568-04 maliyyələşdirmə üçün ərizə üzrə əsas borcuna münasibətdə 3.600 manat, DCS00359568-05 maliyyələşdirmə üçün ərizə üzrə əsas borcuna münasibətdə 1.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

32. Məhkəmə həmçinin hesab edir ki, iş materaillarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənmişdir.

33. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

34. İş materiallarından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 41 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

35. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (400 manat mediasiya xərci çıxılmaqla) dövlət rüsumunun əvəzi olaraq 12 manat məbləğində pul da, cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənməlidir.

36. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xərci 200 manat təşkil edir.

37. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 200 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

38. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, DCS00359568-02 saylı müqaviləyə əsasən əsas borc üzrə 18.959 (on səkkiz min doqquz yüz əlli doqquz) manat, 25 (iyirmi beş) qəpik, faiz borcu üzrə 1.395 (bir min üç yüz doxsan beş) manat, 48 (qırx səkkiz) qəpik, cərimə borcu üzrə 900 (doqquz) manat olmaqla, cəmi 21.254 (iyirmi bir min iki yüz əlli dörd) manat, 73 (yetmiş üç) qəpik məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli, DC00359568-04 saylı müqaviləyə əsasən əsas borc üzrə 72.675 (yetmiş iki min altı yüz yetmiş beş) manat, 91 (doxsan bir) qəpik, cərimə borcu üzrə 3.600 (üç min altı yüz) manat olmaqla, cəmi 76.275 (yetmiş altı min iki yüz yetmiş beş) manat, 91 (doxsan bir) qəpik məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2022-ci il tarixli, DC00359568-05 saylı müqaviləyə əsasən əsas borc üzrə 20.415 (iyirmi min dörd yüz on beş) manat, 78 (yetmiş səkkiz) qəpik, faiz borcu üzrə 3.750 (üç min yeddi yüz əlli) manat 27 (iyirmi yeddi) qəpik, cərimə borcu üzrə 1.000 (bir min) manat olmaqla, cəmi 25.166 (iyirmi beş yüz altmış altı) manat, 05 (beş) qəpik məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 200 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar