Məhkəmə qərarları › İş №e-2-2(113)-97/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-97/2025

01.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-97/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili maliyyə lizinqi müqaviləsi, lizinq müqaviləsinin birtərəfli ləğvi, qənaət edilmiş xərc, zaminliyə xitam, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək yaranmış 6113,39 manat əsas borc, 2468,45 manat mükafat borcu və 43,55 manat penya olmaqla ümumilikdə 8625,93 manat lizinqi borcunun və 210 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçı müqavilədə göstərilən 1 ədəd 2007-ci il buraxılışı olan “Renault Megane” minik markalı (ban nömrəsi: VF1JMGED6********) nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh2 istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 8500 manat təşkil edir. Bu ümumi məbləğdən 3345 manat lizinq verənin mükafatını təşkil edir. Lizinq ödənişləri tərəflərin razılığı əsasında müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməli, hər ay 329,03 manat ödəniş edilməlidir. Lizinq müqaviləsi üzrə lizinq obyekti illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə verilmişdir. 2.2. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən 36 ay müddətində hər ay 329,03 manat olmaqla ödəniş etməli olduğu təqdirdə, cəmi 4570 manat ödəniş etmişdir. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin birtərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa, ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Eyni zamanda işin mediasiya qaydasında həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət edilmişdir, mediator tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 748-1.12.4, 748-10.1 və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, nəqliyyat vasitəsi təhvil alınsa da, hazırda yararsız haldadır. Əgər təmir edilməsi mümkün olsa idi, iddiaçı tərəfindən təmir edilərək yenidən dövriyyəyə buraxılardı.

6. Məhkəmənin suallarına və təhvil-təslim tarixinin dəqiqləşdirilməsi ilə bağlı təklifinə cavab olaraq iddiaçının nümayəndəsi məhkəmə iclaslarında qeyd etdi ki, nəqliyyat vasitəsi faktiki təhvil alınmışdır, lakin təhvil-təslim sənədləri mövcud deyildir (xx.xx.2024cü il tarixli iclas). Lizinq obyekti təxminən 2022-ci ilin yanvar-fevral aylarında təhvil alınmışdır (xx.xx.2024-cü il tarixli iclas). Həmçinin 24 sentyabr 2024-cü il tarixli 9/4569 nömrəli ekspert rəyi nəqliyyat vasitəsinə baxış keçirilmədən, nəzəri hesablama yolu ilə aparılmışdır, bu səbəbdən də mötəbər deyildir.

7. Məhkəmənin sonuncu iclasında iddiaçının nümayəndəsi bildirdi ki, iddia tələbi ilə 2022-ci ilin iyul ayına olan borc tələb olunur, nəqliyyat vasitəsinin təhvil tarixi də həmin tarix qəbul olunmalıdır. Belə ki, iddiaçı dəqiqləşdirməni də bu tarixə uyğun aparmışdır.

8. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, lizinq obyekti 2020-ci ilin iyun ayında xarab olmuş, lakin 2022-ci ilin yanvar ayında iddiaçıya təhvil verilmişdir. Pandemiya dövrünün olması, maddi çətinliklər səbəbindən lizinq ödənişləri edilə bilməmişdir.

9. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 qeyd etdi ki, nəqliyyat vasitəsi verilərkən təkəri boşalmış, dinamosu isə xarab olmuşdu.

10. Cavabdeh1 məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək lizinq obyektinin lizinq alana qaytarılmalı olduğunu bildirdi.

11. Cavabdeh1 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən 1 ədəd 2007-ci il buraxılışı “Renault Megane” minik markalı nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə vermək şərti ilə lizinqə verməyi, lizinq alan (Cavabdeh2) isə lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti xx.xx.2019-cu il tarixdə Cavabdeh2 təhvil verilmiş, ilkin ödəniş tarixi 2019-cu ilin avqust ayı, son ödəniş tarixi 2022-cı ilin iyul ayı olaraq 8500 manat əsas, 3345 manat mükafat məbləği olmaqla ümumilikdə 11845 manat məbləğində lizinq ödənişi razılaşdırılmışdır. Cavabdeh1 17 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə iddiaçı qarşısında öz öhdəliyini icra etməsi üçün tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

16. İddiaçı xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq müddətinin sonuna 6113,39 əsas məbləğ, 2468,45 manat mükafat məbləğini tələb edir.

17. Cavabdeh2 nəqliyyat vasitəsinin 2020-ci ilin iyun ayından xarab olduğunu bildirərək iddianın rədd edilməsini xahiş edir.

18. Cavabdeh1 iddianın rədd edilməsini xahiş edir.

19. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.

20. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

21. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

22. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

23. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir.

24. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

25. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

26. xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 11-ci hissəsinə əsasən, aşağıdakı hallarda “Lizinq verən”in maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır: “Lizinq alan”ın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; “Lizinq alan” “Lizinq verən”in icazəsi olmadan sublizinq həyata keçirərsə və ya lizinq obyektini digər şəkildə özgəninkiləşdirməyə yönəlmiş hərəkətlər edərsə; “Lizinq alan” lizinq obyektini işlək halda saxlamırsa və bu onun istehlak keyfiyyətlərini pisləşdirirsə; “Lizinq alan” lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə; “Lizinq alan”ın xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilərsə; “Lizinq alan” müqavilənin şərtləri ilə nəzərdə tutulmuş məlumatı təqdim etməyib və ya bilə-bilə yalan və (və ya) natamam məlumat təqdim edibsə; “Lızinq alan” “Lizinq verən”lə bağlanmış bu müqavilə və ona edilmiş əlavələr üzrə öhdəliklərini pozduğu halda; “Lizinq alan” sublizinq hüququnu həyata keçirdiyi zaman “Lizinq verən”ə bu hüquqlarının həyata keçirilməsi ilə bağlı səhv məlumat vermişsə və ya dolğun məlumat verməmişsə.

27. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.

28. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

29. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

30. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, cavabdeh nəqliyyat vasitəsinin yanvar ayında təhvil verildiyini bildirmiş, iddiaçının nümayəndəsi isə məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli) nəqliyyat vasitəsinin yanvar-fevral ayında təhvil alındığını bildirmiş, hər iki tərəf təhvil-təslimin sənədləşdirilmədiyini bildirmişdir. Lakin sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirdiyi izahata zidd mövqe ifadə edərək nəqliyyat vasitəsinin 2022-ci ilin iyul ayında təhvil alındığını, məhkəmə icraatının gedişində də təhvil tarixinə uyğun iddiaya dəqiqləşdirmə aparıldığını bildirmişdir.

31. Məhkəmə əvvəla qeyd edir ki, fiziki və hüquqi şəxslərin maddi və prosessual hüquqdan sui-istifadə etməsi, yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə hərəkətlər həyata keçirməsi, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu mənada məhkəmə bildirir ki, lizinq obyektinin təhvil-təslim tarixi ilə bağlı məhkəmə iclaslarında məhkəmə tərəflərlə dəqiqləşdirmələr aparmış, iddiaçının nümayəndəsi əvvəlcə nəqliyyat vasitəsinin faktiki təhvil alındığını, lakin hansı tarixdə təhvil alındığını dəqiq bilmədiyini qeyd etmiş, təhvil tarixinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmənin təklifindən sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təhvil tarixinin 2022-ci ilin yanvar-fevral ayı olduğunu bildirmiş, məhkəmə tərəfindən buna uyğun olaraq ekspert qarşısında suallar qoyulmuşdur. Digər tərəfdən iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında təhvil tarixinə uyğun iddiaya dəqiqləşmə aparıldığını qeyd etsə də, iddiaçı tərəf xx.xx.2024-cü il tarixli məhkəmə iclasından əvvəl iddia ərizəsini dəqiqləşdirmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında lizinq obyektinin təhvil tarixinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən suallar ünvanlanmış, tarixin dəqiqləşdirilməsi iddiaçıya təklif edilmiş, növbəti-xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi 2022-ci ilin yanvar-fevral ayını təhvil tarixi kimi qeyd etmişdir. Belə olan halda, məhkəmə 2022-ci ilin yanvar ayında nəqliyyat vasitəsinin cavabdehdən geri alındığı, fevral ayından artıq onun istifadəsində olmadığı faktını müəyyən edilmiş hesab edir. Bu səbəbdən də xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi iddiaçı tərəfindən 2022-ci ilin yanvar ayından (dəqiq tarix müəyyən oluna bilmədiyindən yanvar ayı üzrə edilməli aylıq lizinq ödənişi daxil olmaqla) birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. İddiaçının isə həmin tarixədək lizinq ödənişlərini tələb etmək hüququ vardır.

32. İş materiallarında olan Cavabdeh2 məxsus hesabdan çıxarışdan və xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli müqavilə üzrə xx.xx.2019-cü il tarixdə 330 manat, xx.xx.2019-cu il tarixdə 330 manat, xx.xx.2019-cu il tarixdə 330 manat, xx.xx.2019-cu il tarixdə 330 manat, xx.xx.2019-cu il tarixdə 330 manat, xx.xx.2020-ci il tarixdə 330 manat, xx.xx.2020-ci il tarixdə 330 manat, xx.xx.2020-ci il tarixdə 330 manat, xx.xx.2020-ci il tarixdə 330 manat, xx.xx.2020-ci il tarixdə 330 manat, xx.xx.2020-ci il tarixdə 470 manat, xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 450 manat olmaqla ümumilikdə 4570 manat ödəniş edilmiş, həmin ödənişlərdən xx.xx.2020-ci il tarixdə 17,16 manat, xx.xx.2020-ci il tarixdə 26,9 manat və xx.xx.2020-ci il tarixdə 50,28 manat olmaqla cəmi 94,9 manat cərimə məbləğinə, 2386,61 manat əsas və 2088,49 manat mükafat məbləği olmaqla 4405,1 manat isə lizinq ödənişlərinə silinmişdir.

33. Lakin silinmə qaydası ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 9.10-cu bəndinə əsasən “Lizinq verən”in hesablaşma hesabına “Lizinq alan”dan növbəti pul vəsaiti daxil olduqda, “Lizinq verən” onları ilk növbədə müqaviləyə müvafiq olaraq hesablanmış gecikdirilmiş lizinq mükafatının, gecikdirilmiş əsas borcun, cərimə üzrə borcun ödənilməsinə, qalan məbləği isə növbəti lizinq ödənişinin ödənilməsinə yönəldə bilər.

34. Göründüyü kimi, müqavilə üzrə lizinq ödənişlərinin əvvəlcə lizinq mükafatına, sonra əsas borc, daha sonra cəriməyə silinməsi şərtləşdirilsə də, iddiaçı tərəfindən həmin şərtə riayət edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cəriməyə silinmiş 94,9 manat məbləğində pul da lizinq ödənişlərinə daxil edilməlidir.

35. xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli müqavilə üzrə ödəniş qrafikinə əsasən lizinq müqaviləsinə xitam verildiyi 2022-ci ilin yanvar ayına qrafik üzrə ödənilməli lizinq ödənişlərinin ümumi məbləği 9870,9 (aylıq ödəniş 329,03 manat*30 ay) manat təşkil edir. Cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alındığında 2022-ci ilin yanvar ayına cavabdehin iddiaçıya olan borcu 5300,9 (ödənilməli lizinq ödənişlərinin ümumi məbləği 9870,9-ödənilmiş ümumi məbləğ 4570) manat təşkil edir.

36. Lakin Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

37. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli müqavilə daxili maliyyə lizinqi müqaviləsidir. Mülki Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

38. xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli müqavilənin 5.3-cü bəndinə əsasən, maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və “Lizinq alan”ın “Lizinq verən” qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra “Lizinq alan”a keçir.

39. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarında ifadə edilmiş mövqeyə görə, hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) Əməliyyat (operativ) lizinqi; 2) Maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.

40. Göründüyü kimi, maliyyə lizinqi müqaviləsi üzrə lizinq ödənişlərinin tam icra edilməsi lizinq obyekti üzrə mülkiyyət hüququnun lizinq alana keçməsi ilə nəticələnir. Başqa sözlə, maliyyə lizinq münasibətləri zamanı lizinq verənin maddi mənafeləri məhz bütün lizinq ödənişlərinin cəmi həddində olur, lizinq verənin lizinq müqaviləsi vaxtında və lazımi qaydada icra edilsə idi, əldə edəcəklərindən daha çoxunu tələb etməsi əsassız varlanmaya səbəb olur. Çünki bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur.

41. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli müqavilədə də oxşar tənzimlənmə aparılmışdır. Belə ki, lizinq müqaviləsinin ləğvi və onun nəticələri ilə bağlı müqavilə tərəflərinin razılaşmalarının əks olunduğu müqavilənin 11-ci bəndinin 11.4-cü altbəndinə əsasən, Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Həmin məbləğə lizinq obyektinin cari dəyəri, Lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv edilməsi gününə lizinq alan tərəfindən ödənilməli olan cərimə və (və ya) penya, lizinq obyektinin geri alınması və satışı, müqavilənin icrası nəticəsində “Lizinq verən”in üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı “Lizinq verən”in zərər və itkilərinin ödənilməsi üçün lazım olan məbləğ daxildir.

42. Hazırkı iş üzrə lizinq alanın təqsiri üzündən lizinq münasibətlərinə birtərəfli qaydada xitam edildiyi işin müəyyən olunmuş halıdır. Bu zaman isə lizinq əmlakının qalıq dəyəri müəyyən edilməli olan əsas meyardır.

43. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1233/2024 nömrəli qərardadı ilə buraxılış ili 2007-ci il olan “Renault Megane” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin yanvar-fevral ayına bazar dəyəri nə qədər təşkil etdiyinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli 9/4569 nömrəli ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 2007-ci il buraxılışı, “Renault Megane” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normal vəziyyətdə 2022-ci ilin yanvar-fevral aylarına orta bazar qiyməti təxminən 9500,00 manat müəyyən olunmuşdur.

44. Həmin ekspert rəyinin nəqliyyat vasitəsinə baxış keçirilmədən nəzəri hesablama yolu ilə aparıldığını nəzərə alınaraq məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli e-2- 2(113)-1233/2024 nömrəli qərardadla yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 047/AL/025 nömrəli rəyi ilə 2007-ci il buraxılışı, “Renault Megane” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2022-ci ilin yanvar-fevral ayına bazar dəyəri 2900 manat müəyyən edilmişdir.

45. Məhkəmə həmin rəyə iddiaçı və cavabdehin etiraz etmədiyini, rəy tərtib edilərkən nəqliyyat vasitəsinə baxış keçirildiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli 047/AL/025 nömrəli rəy mötəbər hesab olunmalıdır.

46. Məhkəmə Mülki Məcəllənin 750-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, lizinq verənin xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli müqavilə üzrə maddi mənafelərinin ümumi məbləği 11845,08 (lizinq verənin mükafatının məbləği də daxil olmaqla lizinq ödənişlərinin cəmi) manat təşkil edir. Müqavilənin ləğvi tarixinə cavabdehin iddiaçıya olan borcu 5300,9 manat, müqavilənin ləğv edilməsi ilə iddiaçının məhrum olduğu lizinq ödənişlərinin cəmi 1974,18 (aylıq ödəniş 329,03 manat*6 ay)manat, lizinq obyektinin müqavilənin ləğvi tarixinə qalıq dəyəri isə 2900 manat təşkil edir. Belə olan halda, iddiaçının qənaət edilmiş xərci 925,82 (2900 manat– 1974,18 manat) manat müəyyən edilməli, həmin məbləğ hazırda tələb olunan lizinq ödənişlərindən çıxılmalıdır.

47. Digər tərəfdən, qənaət edilmiş xərclər hesablanarkən nəqliyyat vasitəsinin cari bazar dəyərinin əsas götürülməsi mümkün deyildir. Belə ki, lizinq verən tərəfindən lizinq ödənişləri müəyyən olunarkən onun müqavilə müddətinə bazar dəyəri əsas götürülür, həmin məbləğə lizinq mükafatı daxil edilir. Belə olan halda, müqavilə müddətinə lizinq ödənişləri ilə müqavilənin xitamından uzun müddət sonrakı tarixə nəqliyyat vasitəsinin dəyərinin əvəzləşdirilməsi “qənaət edilmiş xərc” anlayışına ziddir. Bu səbəbdən lizinq obyektinin dəyəri hər bir halda müqavilənin xitam tarixinə qiymətləndirilməlidir.

48. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

49. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

52. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

53. Digər tərəfdən, məhkəmə zamin Cavabdeh1 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.

54. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

55. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

56. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

57. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli müqavilə üzrə öhdəliyin icrası vaxtı müqavilənin birtərəfli ləğv edildiyi 2022-ci ilin yanvar ayında başa çatdığından və iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək zaminlərdən pulun tutulmasını tələb etdiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq Cavabdeh1 zaminliyinə 2023-cü ilin fevral ayından xitam verilmişdir və ona qarşı xx.xx.2019-cu il tarixli 06/1829/DLİZ nömrəli müqavilədən irəli gələn iddia təmin oluna bilməz.

58. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, lizinq müqaviləsi üzrə 4375,08 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

59. İddia ərizəsində iddiaçı 43,55 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

60. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə, lizinq verənin hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək hüququ vardır.

61. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

62. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

63. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

64. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələdə həll olunmamışdır.

65. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 43,55 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 43,55 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

67. İddiaçı 210 manat mediasiya xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.

68. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MSB 2-03691/2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdeh iştirak etməmiş və mediasiya xərci olaraq 210 manat iddiaçı tərəfindən ödənilmişdir.

69. “Mediasiya haqqında” Azərbaycan Respublikası 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

70. Məhkəmə qeyd edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

71. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 24 sentyabr 2024-cü il tarixli 9/4569 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.

72. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmişxx.xx.2025-ci il tarixli 041 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2025-ci il tarixli 047/AL/025 nömrəli tədqiqat üzrə xidmət haqqı 300 manat təşkil edir.

73. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

74. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

75. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

76. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

77. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.

78. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat Cavabdeh2 tutularaq İddiaçı MMC-yə, ekspertiza xərcinin əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, 300 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ödənilməlidir.

V. Nəticə:

79. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 4375,08 əsas, 43,55 manat cərimə məbləği olmaqla ümumilikdə 8625,93 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************), 300 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN – **********, "xxxx" ASC Abşeron filialı, VÖEN – **********, M/h: AZ03NABZ013501**********2944, kodu: 805539, SWİFT BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar