Məhkəmə qərarları › İş №e-2-2(113)-970/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-970/2023

17.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-970/2023 17.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 04/22-YTP-027-X,04/22-YTP-İ, 08/22-YTP-027-İ-2 saylı 10 avqust 2022-ci il tarixli Müqavilələrin şərtlərinə əməl olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 04/22- YTP-027-X,04/22-YTP-İ, 08/22- YTP-027-İ-2 saylı 10 avqust 2022-ci ill tarixli Müqavilələr bağlanmışdır. Müqavilələrin qüvvədə olma müddəti 1 (bir) və 5 (beş) il göstərilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçıtərəfindən icarəyə götürülmüş avadanlıqlar tərəflərindən işlək vəziyyətə gətirilmiş və bu işlərin görülməsinə 30250 manat vəsait xərclənmişdir. Bu qədər vəsaitin xərclənməsi tərəflər arasında tərtib olunmuş aktda öz əksini tapmışdır. Məhz avadanlıqların işlədiyini gördükdən sonra cavabdeh tərəfindən heç bir qanuna, heç bir məntiqə sığmayan addımlar atılmış və Müqavilə şərtləri qəsdən , kobud surətdə pozulmuş və iddiaçının işçilərinin sahəyə buraxılmaması barədə göstəriş verilmişdir. Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə maneənin aradan qaldırılması barədə qərardad qəbul edilmişdir. Lakin icarəyə verilən ərzidəki avadanlıqlardan istifadə edilməməsi üçün cavabdehin rəhbərliyi tərəfindən heç bir məntiqə, sağlam düşüncəyə sığmayan bir addım atılmışdır. Dövlət vəsaiti hesabına alınan, uzun illər istifadəsiz qalan, yalnız icarəyə gütürüldükdən sonra iddiaçı tərəfindən təmir edilərək işlək vəziyyətə gətitilən avadanlıqlar bərbad vəziyyətə salımmışdır. Bu hal cavabdehin rəhbərliyinin dövlətin deyil, yalnız öz cılız məqsədlərini güdməsinin bir nümunəsidir. Buna görə də çəkdiyimiz təmir xərclərindən əlavə, iddiaçı götürdüyü sifariiş icra edə bilməmiş və bunula da külli miqdarda zərərə düşmüşdür və həmin zərər getdikcə artmaqdadır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış 04/22-YTP-İ, 08/22-YTP-027-İ-2 saylı 10 avqust 2022-ci il tarixli Müqavilələr artıq ləğv edilmiş, 04/22-YTP-027-X saylı müqavilənin müddəti isə bitmiş, müqavilənin müddəti uzadılmamışdır. Bu səbəbdən iddia tələbi artıq əhəmiyyətini itirmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:

7. İddiaçı (icarəçi) və cavabdeh (icarəyə verən) arasında bağlanmış 10 avqust 2022ci il tarixli 04/22-YTP-027-İ saylı sahənin icarəyə verilməsi ilə əlaqədar müqaviləyə əsasən icarəyə verən dövlət mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 270 m2 sahəsi olan istehsalat binasını icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə həmin tikili sahənin istifadəsinə görə bu icarə müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.3-cü bəndinə əsasən bu icarə müqaviləsinə xitam verildikdə tikili sahənin icarəyə verənə qaytarılması ilə bağlı akt tikili sahədə icarəyə verənin razılığı ilə icarəçi tərəfindən yaradılan istehsal sahələrinin, quraşdırılan avadanlıq və qurğuların müqəddəratının bu icarə müqaviləsinin 11.4-cü bəndinə uyğun olaraq, tərəflər arasında razılaşdırılmış müddət ərzində həll edildiyi tarixdən 5 iş günü ərzində imzalanır.

9. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-X nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi özünə məxsus avadanlıqlara müvafiq xidmətlərin göstərilməsini sifariş verib, icraçı bu müqavilənin əlavəsi hesab olunan X2 razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada avadanlıqlara müvafiq xidmətləri göstərməyi öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının məbləği müqaviləyə əlavə hesab olunan X2 qeyd edilir.

11. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 01 dekabr 2022-ci il tarixli YTP-76- 17/55 nömrəli müqavilələrə xitam verilməsinə dair bildirişdən görünür ki, 08/22-YTP-027-İ- 2 nömrəli 10 avqust 2022-ci il tarixli “Avadanlığın icarəyə verilməsi ilə bağlı” müqavilə əsasında təhvil alınan avadanlıqların iddiaçı tərəfindən istifadəsinə xx.xx.2022-ci il tarixindən etibarən xitam verilir və 04/22-YTP-027-İ nömrəli 10 avqust 2022-ci il tarixli tikili sahənin icarəyə verilməsi ilə əlaqədar müqavilə üzrə iddiaçının icarəsinə verilmiş tikinti sahənin xx.xx.2022-ci il tarixinədək təhvil verilməsi xahiş olunmuşdur.

12. 30.11.2022-ci il tarixli Aktdan görünür ki, 28 noyabr 2022-ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkının ərazisində nasaz olduğu üçün əsas xəttən ayrılan və istismarı dayandırılan qaz borusundan qaz sızıntısının olduğu aşkarlanmışdır. Bununla bağlı olaraq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, 24 noyabr 2022- ci ıl tarixində texnoparkın rezidenti "xxxx" MMC tərəfindən icarə əsasında istifadəsinə verilmiş tikili sahənin istilik sistemlərinin yoxlanılması və sazlanması məqsədilə kənar şəxs çağırılmışdır, Bu zaman, “Tronıq" MMC tərəfindən AMEA Yüksək Texnologiyalar Parkının heç bir məsul şəxsini məlumatlandırmadan, qəzalı olduğu üçün istismardan kənarlaşdırılan boru xətti ilə tikili sahə təbii qaz ilə təmin edilmişdir. Bu müddət ərzində qaz ilə təchiz olduğu barədə yenə də AMEA Yüksək Texnologiyalar Parkına heç bir məlumat daxil olmamışdır. xx.xx.2022-ci il tarixində əməyin mühafizəsi, təhlükəsizliyi, yanğından mühafizə və mülki müdafiə üzrə aparıcı mütəxəssis Oleq İsmayılov ərazi üzrə ümumi nəzarət işlərini həyata keçirərkən "Tronıq” MMC-nin istifadəsinə olan tikili sahənin yanındaki boru xəttindən qaz sızıntısı səsinin eşidildiyini baş mühəndisi Rahim Heydərova dərhal bildirmişdir. Tezliklə aydın olmuşdur ki, qəzalı boru xətti istismara cəlb edilib və 24 noyabr tarixindən 28 noyabr tarixinədək boruda qaz sızıntısı davam etmiş və "xxxx" MMC külli miqdarda zərərə məruz qalmışdır. Dərhal "xxxx" MMC-nin rəhbərliyi çağırılmış və özbaşına müdaxilə həyata keçirildiyi üçün ciddi xəbərdarlıq edilmişdir. Yalnız bütün bunlardan sonra “Tronıq" MMC tərəfindən AMEA Yüksək Texnologiyalar Parkına keçmiş tarixli məktub ünvanlanaraq istilik sisteminin təmir edildiyi barədə məlumat verilmiş və xərclərlə bağlı akt təqdim edilmişdir. Aktlaşdırılaraq bildirilir ki, həm təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə həm də qış mövsümünə hazırlığın zəruriliyi barədə rəsmi müraciət etməyinə baxmayaraq "xxxx" MMC rəhbərliyi və əməkdaşları tərəfindən səhlənkarlıq halları və yuxanda qeyd edildiyi kimi qaz boru xəttinə öz başına müdaxilələr kimi bədbəxt hadisələrə səbəb olacaq davranışlar qeydə alınmışdır. Eyni zamanda qaz sızıntısı ilə bağlı “AMEA Yüksək Texnologiyalar Parkı" MMC-yə dəymiş zərərin həcmi “Azəriqaz” İB tərəfindən göndəriləcək cari ayın sərfiyyatını əhatə edəcək hesab faktura ilə müəyyən ediləcəkdir.

13. 30.12.2022-ci il tarixli 317/22 saylı hesab-fakturadan görünür ki, cavabdehin kommunal, yanacaq, enerji sərfi və s. işlər üzrə xidmətlər, o cümlədən noyabr ayı üçün elektrik enerjisi üzrə ümumilikdə 280,21 manat borcu vardır.

14. 08.12.2022-ci il tarixli EBCK seriyalı 782570 nömrəli elektron qaimədən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə 17696,36 manat məbləğində elektron qaimə təqdim edilmişdir.

15. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 05 oktyabr 2022-ci il tarixli 05 oktyabr 2022-ci il tarixli “AMEA Yüksək Texnologiyalar Parkında elektrik avadanlıqlarının mühafizə torpaqlanma işinin aparılması üzrə işlərin təhvil-təslim aktından görünür ki, cavabdeh tərəfindən iddiaçıya aid olan bütün elektrik avadanlıqlarının və qurğularının mühafizə torpaqlanma işinin aparılması, mühafizə konturunun hazırlanması, sınaqdan keçirilməsi və protokollaşdırılması, avadanlıqların torpaqlanmasının müqavimətinin yoxlanması və protokollaşdırılması, mühafizə konturu ilə avadanlıqlar arasında əlaqə dəmir lentin quraşdırılması tam həcmdə yerinə yetirilmişdir. Sifarişçi tərəfindən təhvil aktının imzalandığı tarix üçün göstərilən işlərə görə icraçıya ödəniləcək məbləğ 177 manat təşkil edir.

16. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 10 avqust 2022-ci il tarixli 04/22-YTP-027-İ saylı sahənin icarəyə verilməsi ilə əlaqədar müqaviləsinə əsasən aktda göstərilən avadanlıqlar həqiqətən də icarəyə verən tərəfindən təhvil verilmiş və icarəçi tərəfindən təhvil alınmışdır.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci məhəllə (Yeni qaydalarla ünvan: ünvan 3 müdafiə və digər təyinatlı 20.02 ha dövlətə məxsus torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 587s saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən cavabdehin xeyrinə yüklü edilmişdir.

18. Cavabdeh tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli 08 nömrəli İddiaçı MMC-yə rezidentlik statusunun verilməsi ilə bağlı cavabdehin Ekspertlər Şurasının 25 iyul 2022-ci il tarixində keçirilmiş iclasının yekun rəyinə əsaslanaraq İddiaçı” MMC-ə təqdim etdiyi “Müxtəlif avadanlıqların, qurğu, cihaz və robototexnikaların istehsalı ilə birgə, onların süni intellekt vasitəsilə idarəediləmsi üçün proqram təminatlarının yazılması, led lampaların və müxtəlif təyinatlı plataların istehsalı işlərinin təşkili adlı innovasiya layihəsi üzrə cavabdehin rezidenti statusunun verilməsi, rezidentə təqdim etdiyi innovativ layihə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2015-ci il tarixli 257 nömrəli qərarı ilə təsdiq edilmiş “Texnologiyalar Parkının Qeydiyyat Şəhadətnaməsinin təqdim olunması, İddiaçı MMC-nin AMEA Yüksək Texnologiyalar Parkında rezindent olaraq qeydiyyata alınması barədə 2 iş günü ərzində Azərbyacan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalara Parkının səlahiyyətli orqanın Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə rəsmi məlumatın təqdim edilməsi qərara alınmışdır.

19. Cavabdeh tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Prezidentinin 168 nömrəli 15 may 214-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin 8.18.5-ci və 9.5-ci bəndlərinə əsasən cavabdehin 10 aprel 2022-ci il tarixli 04 nömrəli Qərarı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının inkubasiya rezidenti kimi qeydiyyata alınmış İddiaçı MMC-nin qeydiyyat şəhadətnaməsi AMEA Yüksək Texnologiyalar X1yn iclasının 25 iyul 2022-ci il tarixli 3 saylı protokoluna əsasən İddiaçı MMC-yə AMEA Yüksək Texnologiyalar Parkının rezidenti statusunun verildiyi üçün ləğv edilməsi qərara alınmışdır.

20. Cavabdeh tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli 14 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 168 nömrəli 15 may 214-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərini rəhbər tutaraq AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin 28 iyul 2022-ci il tarixli 8 nömrəli qərarı əsasında "xxxx" MMC-nin AMEA Yüksək Texnologiyalar Parkının rezidenti statusunun əldə etməsinə əsasən olan **********2 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, "xxxx" MMC-yə verilmiş **********2 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi AMEA YT Parkın rezidentinin fəaliyyət göstərdiyi sahənin və avadanlıqlarla bağlı icarə müqavilələrinin, AMEA YT Parkın rezidentinin qeydiyyatının ləğvinə səbəb olması qərara alınmışdır.

21. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 13 yanvar 2023-cü il tarixli icarə sahəsinin və avadanlıqların təhvil verilməsi barədə bildirişdən görünür ki, iddiaçının icarə əsasında istifadəsində olmuş 270 kv.m sahəli tikili sahə və daxilində yerləşən avadanlıqların təhvil verilməsi, eyni zamanda iddiaçıya məxsus olan digər texnika, avadanlıqlar və əşyaların tikili sahədən çıxarılması işçlərinin 17 yanvar 2023-cü il tarixədək həyata keçirilməsi tələb olunmuşdur.

22. "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli UNİ/S 86-1436/22 nömrəli daşınar əmlakın icarə dəyəri barədə rəydən görünür ki, cavabdehin istifadəsində olan və icarəyə verilməsi nəzərdə tutulan “DMG Mori ecoMill 50” və “DMG Mori eco TURN 310” avadanlığının birlikdə 29 sentyabr 2022-ci il tarixinə icarə dəyəri DMG Mori ecoMill 50” üçün 1800 manat, “DMG Mori eco TURN 310” üçün isə 1200 manat olmaqla ümumilikdə 3000 manat təşkil edir.

23. "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli UNİ/S 85-1435/22 nömrəli daşınmaz əmlakın icarə dəyəri barədə rəydən görünür ki, ünvan 4 ünvanındakı 330 kv.m qeyri-yaşayış binasının 26 sentyabr 2022-ci il tarixinə aylıq icarə dəyəri 1650 manat təşkil edir.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-888/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələrin ləğv edilməsi, cavabdeh tərəfindən icarəyə götürülmüş tikili sahənin boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 04/22- YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 5900 manat məbləğində pul vəsaitinin və 1770 manat dəbbə pulunun, cəmi 7670 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə 12000 manat məbləğində pul vəsaitinin və 1800 manat məbləğində faiz borcunun, cəmi 13800 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, cavabdehdən kommunal xərclərə görə 280,21 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən vurulmuş maddi zərərə görə 6446 manat məbləğində pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi üzrə iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022ci il tarixli 08/22- YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” Müqavilələrin ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülmüş tikili sahə boşaldılması və avadanlıqlarla birlikdə yararlı vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi. xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” bağlanmış müqavilə üzrə 5900 manat məbləğində icarə haqqı və 295 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ- 2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” bağlanılmış müqavilə üzrə 12000 manat məbləğində icarə haqqı və 125 manat məbləğində faiz borcu, kommunal xərclərə görə 280,21 manat məbləğində borc və mediasiya xərcinə görə 140,59 manat, cəmi 18740,8 manat məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-486/2023 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrin ləğv edilməsi, tikinti sahəsinin boşaldılması, avadanlıqlarla birlikdə iddiaçıya təhvil verilməsi və pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli e-2-2(113)-888/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-888/2023 nömrəli qətnaməsi qismən - "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrin ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-495/2023 saylı qərarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilələrin ləğv edilməsi, tikinti sahəsinin boşaldılması, avadanlıqlarla birlikdə iddiaçıya təhvil verilməsi və pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-2(103)-486/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2- 2(103)-486/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 04/22-YTP-İ, 08/22-YTP-027-İ-2 saylı 10 avqust 2022-ci il tarixli Müqavilələr bağlanmış, həmin müqavilələr üzrə cavabdeh tərəfindən iddiaçıya 01 dekabr 2022-ci il tarixli YTP-76- 17/55 saylı “Müqavilələrə xitam verilməsinə dair” bildirişlər ünvanlanmış, xx.xx.2022-ci il tarixli 04/22-YTP-027-İ nömrəli “Tikili sahənin icarəyə verilməsi ilə əlaqədar” və xx.xx.2022-ci il tarixli 08/22-YTP-027-İ-2 nömrəli “Avadanlığın icarəyə verilməsi ilə əlaqədar” müqavilələrə xitam verilməsi təklif edilmiş, bununla da cavabdeh tərəfindən həmin müqavilələrdən imtina edilməklə həmin müqavilələr cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.

28. Bundan əlavə, tərəflər arasında bağlanmış 04/22-YTP-X saylı, 10 avqust 2022-ci il tarixli Xidmət müqaviləsinin 5-ci bəndinə əsasən həmin müqavilə 1 il müddətinə bağlanmış, cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında həmin müqavilənin müddətinin uzadılmadığını bildirmişdir.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 04/22-YTP-X, 04/22-YTP-İ, 08/22-YTP-027-İ-2 saylı 10 avqust 2022-ci il tarixli Müqavilələr hazırda qüvvədə olmadığından həmin müqavilələr üzrə öhdəliklərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar