Məhkəmə qərarları › İş №e-2-2(113)-970/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-970/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-970/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, qanuni faiz, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 14769,29 manat əsas, 1768,95 manat faiz, 1180,93 manat cərimə məbləği, Mülki Məcəllənin 445.7ci maddəsinə uyğun olaraq əsas borca illik 5%-lə hesablanmaqla 94,36 manat olmaqla ümumilikdə 17813,53 manat məbləğində pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 51 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 17813,53 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 51 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manatın ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 % olmaqla, 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsi məbləğində dəbbə pulu hesablanır. Həmin kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə; borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə; bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. 2.2. Kreditin təminatı olaraq xx.xx.2021-cu il tarixli 113-MFİ-131 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Skalad oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev B, 49 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-cu il tarixli 113-MFİ-131 saylı ipoteka müqaviləsinin 5.5-ci bəndinə əsasən ipoteka saxlıyanın ipoteka predmetnə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin ipoteka qoyanın yerinə yetilməməsi. 2.3. Qeyd olunan kredit üzrə borcalanın xx.xx.2024-cü il tarixə iddiaçıya əsas borc üzrə 14769,29 manat, kredit müqaviləsinin bitdiyi tarixə faiz borcu üzrə 1768,95 manat, cərimə qalıq 1180,93 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 94,36 manat cəmi 17813,53 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 297, 442, 445.7-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsi göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-970/2025 nömrəli qərardadı ilə iddia tələbinin “Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin məcburi boşaldılması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndələri X3 və X4 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahlar verdilər və məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və qiymətləndirmə rəyi ilə razı olduqlarını bildirdilər.

7. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və qiymətləndirmə rəyinə etiraz etmədiklərini bildirdi.

8. Cavabdeh1 məhkəmənin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

9. Məhkəmə bildirişləri Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 50 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 18 faiz dərəcəsi ilə, 36 ay müddətinə hissə-hissə – xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit məbləğini təşkil edən 50 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

14. İddiaçı xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 14769,29 manat əsas, 1768,95 manat faiz bоrcunun Cavabdeh1 tutulmasını tələb edir.

15. Cavabdeh1 ekspert rəylərinə etiraz etmədiyini bildirir.

16. Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

17. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

18. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən əsas borclu Cavabdeh1 poçt rabitəsi vasitəsilə xx.xx.2024-cü il tarixli “bildiriş-xəbərdarlıq” (ipoteka predmetinə tutma yönəldilməsi barədə) məktubu yollayaraq bütün əsas borc məbləğini tələb etmiş, həmin məktub Cavabdeh1 xx.xx.2024-cü il tarixdə çatdırmış, başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir.

23. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

24. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

25. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

26. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

27. Belə olan halda, iddiaçının əsas borclu Cavabdeh1 “bildiriş-xəbərdarlıq” ünvanlayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və “bildiriş-xəbərdarlıq” cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. İddiaçı isə xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir.

28. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər.

29. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-970/2025 nömrəli qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1151 nömrəli 07 iyul 2025-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 14769,29 manat, faiz borcu 1769,01 manat təşkil edir.

30. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §10, 218.3-cü maddə).

31. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 9/1151 nömrəli 07 iyul 2025-ci il tarixli ekspert rəyinə müvafiq olaraq 14769,29 manat əsas borc və 1768,95 manat faiz borcu mövcuddur.

32. Odur ki məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 14769,29 manat əsas borc, 1768,95 manat faiz borcu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

33. İddia ərizəsində iddiaçı 1180,93 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

34. xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən, borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən dəbbə pulu (cərimə) ödəməlidir (illik 36%).

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

38. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

39. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 750 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

40. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 750 manat pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı

41. İddiaçı xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 94,36 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

42. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).

43. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).

44. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.

45. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək (46 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 93,07 (14769,29*5/100/365*46) manat təşkil edir.

46. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 93,07 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

d) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

47. İddiaçı eyni zamanda tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 17813,53 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 51 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manatın ödənilməsini xahiş edir.

48. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

49. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

50. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

51. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

52. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

53. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

54. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

55. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

56. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə Cavabdeh2 (ipoteka qoyan qismində) və Cavabdeh1 (borcalan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli 113-MFİ-131 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus bu müqavilənin 2.1-ci bəndində göstərilən daşınmaz əmlakı borc alanın ipoteka saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka ilə yüklü edir. (1.1). İpoteka predmeti: ünvan 1 (2.1). İpoteka predmetinin rəsmi qeydiyyata alındığı dövlət reyestri, qeydiyyatı aparan orqan və mülkiyyət hüququnu təsdiq edən sənəd: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********09-05101-093041 nömrəli reyestr nömrəsi (2.2). İpoteka predmeti peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən qiymətləndirilmiş və Müqavilənin bağlandığı an üçün bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: Bazar qiyməti – 82 000,00 AZN (2.3); İpoteka qoyan təsdiq və bəyan edir ki, ipoteka predmeti onun mülkiyyətindədir, üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, ipoteka ilə yüklü, həbs və müsadirə altında deyil, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud deyil, həmçinin ipoteka predmeti ipoteka qoyanın birbaşa (vasitəsiz) sahibliyində qalır. Bu bənddə qeyd olunmuş məlumatın düzgün verilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir (2.4). Öhdəliyin yaranma əsası: Bakı şəhərində bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi (3.1). Öhdəliyin ölçüsü (məbləği): illik faiz – 18 (on səkkiz) faiz), əsas borc – 50 000 AZN (əlli min manat) (3.2). Öhdəliyin icra müddəti: ipoteka ilə təmin edilən öhdəliyin icra müddəti bu Müqavilənin 3.1-ci bəndində göstərilən Müqavilə ilə müəyyən olunur və həmin Müqaviləyə uyğun olaraq vəsaitlərin Borc alana faktiki təqdim edildiyi (bank hesabına köçürüldüyü) tarixdən 36 ay. (3.3). Öhdəliyin əsaslandığı müqavilənin tərəfləri: Bank; Borcalan (3.3).

57. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə ünvan 1 ünvanındakı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

58. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsi ilə ipotekanın dövlət qeydiyyatı orqanı tərəfindən qeydə alınmışdır.

59. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

60. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

61. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

63. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-970/2025 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/997 nömrəli ekspertiza rəyinə əsasən, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev B ünvanında yerləşən 49 nömrəli, ümumi sahəsi 48,40 m2 olan mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 115000,00 manat, 10% azalma əmsalı tədbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 103500,00 manat müəyyən edilir.

64. Məhkəmə tərəflərin qiymətləndirmə rəyləri ilə bağlı hər hansı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyləri qiymətləndirərək hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev B ünvanında yerləşən 49 nömrəli mənzilin ilkin satış qiyməti 103 500 manat müəyyən edilməlidir.

65. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

66. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh2 fərdi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev B ünvanında yerləşən 48,40 kv.m ümumi sahədən ibarət 49 nömrəli mənzilə ilkin satış qiyməti 103 500 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit razılaşması üzrə cəmi 17381,31 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pulun ödənilməsinə yönəldilməlidir.

e) Məhkəmə xərcləri ilə bağlı

67. İddiaçı eləcə də ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat xərcin, 144 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

68. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbz əsasında 144 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

69. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

70. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 9/1151 nömrəli 07 iyul 2025-ci il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat, 9/997 nömrəli 15 aprel 2025-ci il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 mana təşkil edir.

71. İş materiallarına olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün cəmi 51 manat ödənilmişdir.

72. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

73. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

74. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

75. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

76. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

77. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

78. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit razılaşması üzrə 14769,29 manat əsas borc, 1768,95 manat faiz, 750 manat cərimə, əsas borca illik 5 faizlə hesablanmaqla 93,07 manat olmaqla cəmi 17381,31 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh2 fərdi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev B ünvanında yerləşən 48,40 kv.m ümumi sahədən ibarət 49 nömrəli mənzilə ilkin satış qiyməti 103 500 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit razılaşması üzrə cəmi 17381,31 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pulun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar