Məhkəmə qərarları › İş №e-2-2(113)-972/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-972/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-972/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun tutulması, borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun tutulması, borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 107242,08 manat əsas borcun, 8713,42 manat faiz borcunun, cəmi 115955,50 manat borc məbləğinin, ödənilmiş 410 manat mediasiya xərcinin onun xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və həmin evin ipoteka qoyan Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus olan 130 kv.m olan sahəsinin dəyəri tərəflərin razılığına əsasən 320000 manat məbləğində müəyyən edilməsi, borc tələbinin ipoteka predmeti olan Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və həmin evin ipoteka qoyan Cavabdeh2paylı mülkiyyət hüququ üzrə məxsus olan 130 kv.m olan sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 115955,50 manat kredit borcunun, ödənilmiş 410 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-3(103)-141/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına ayrılmış bəzi güzəştli kreditlər üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq "xxxx" ASC-nin Cavabdeh1 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 16 noyabr 2020-ci il tarixli, 04 saylı təhvil-təslim aktı əsasında "xxxx" ASC-dən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildirir ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 11/0002/KTK saylı kredit müqaviləsinə əsasən ona filial tərəfindən istehsal vasitələrinin alınması məqsədilə 60 ay müddətinə qaytarılmaq şərti ilə illik 7 %-lə 110000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nəsimi filialı ilə zamin olmuş şəxs Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixli, 11/0002/KTK saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa qeyd olan kredt müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən ümumi sahəsi 369 kv.m olan fərdi yaşayış evi 0,03 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. Cavabdehlərlə bağlanmış 03 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və həmin evin ipoteka qoyan Cavabdeh2paylı mülkiyyət hüququ üzrə məxsus olan 130 kv.m olan sahəsinin dəyəri tərəflərin razılığına əsasən 320000 manat məbləğində müəyyən edilmişdir. İpoteka qoyulmuş əmlaka Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və həmin evin ipoteka qoyan Cavabdeh2paylı mülkiyyət hüququ üzrə məxsus olan 130 kv.m olan sahəsi ipoteka qoyulmuş və bununla bağlı "xxxx" ASC-nin Nəsimi filialı ilə ipotekaqoyanlar arasında 03 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmişdir. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirinədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşdür. Kredit müqaviləsinə görə Cavabdeh1 verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 107 242,08 manat, faiz borcu 8713,42 manat, cəmi borcu 115955,50 manat təşkil edir. Sözügedən mübahisə ilə bağlı Bakı 14 saylı Mediasiya təşkilatının medaitoru X2 tərəfindən Mediasiya prosesinin nəticəsi olan MŞB/14/2023/-00894 saylı, xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya göndərişlərinə görə 10 manat poçt mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 08 oktyabr 2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, mübahisənin həll edilməsi üçün bir aya yaxın zamana ehtiyacı olduğunu, qısa zaman çərçivəsində tələb olunan borcu ödəyəcəyini qeyd etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(103)-141/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarına əsasən ərizəçi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin lisenziyası ləğv edilmiş "xxxx" ASC-yə qarşı kredit portfelinin köçürülməsi haqqında iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar İddiaçı QSC BOKT-a keçirilməsi qərara alınmışdır. "xxxx" ASC (Bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli kredit müqaviləsinə əsasən müqaviləyə görə “Bank” müqavilənin 2.1 və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə faizlər birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə “Kreditalan”ın mülkiyyətinə verir və “Kreditalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndinə əsasən Kreditor Borcalana istehsal vasitələrinin alınması məqsədilə 110000 manat məbləğində kredit verir. Müqavilənin 4.1-ci bəndinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən başlanır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditdən istifadəyə görə “Kreditalan” tərəfindən “Bank”a illik 7 % olmaqla faiz ödənilir. Müqavilənin 5.2-ci bəndinə əsasən "Kreditalan" bu müqavilənin 2.1.-ci bəndində göstərilən qaydada və 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilən qrafik üzrə ödəniş müddətləri keçdikdən sonra krediti və faizini qaytarmadıqda "Bank" hər gecikdirilən gün üçün qrafik üzrə ödənilməli əsas borca görə 0.3%-i miqdarında penya tələb etmək hüququna malikdir. "xxxx" ASC (Bank), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli zaminlik müqaviləsinə əsasən Zamin, Borclunun Bank qarşısında 11/0002/KTK saylı, xx.xx.2019-cu il tarixli kredit üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi) yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 110000 manat olan illik faiz dərəcəsi 7% olan kredit üzrə Cavabdeh1 01 oktyabr 2019-cu il tarixdən 01 sentyabr 2024-cü il tarixinə qədər hər ayın 1-i olmaqla 2619,05 manat, sonuncu ay 2618,95 manat ödəməlidir. "xxxx" ASC (İpoteka saxlayan) ilə Cavabdeh2 (İpoteka qoyan) və Cavabdeh1 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2019-cu il tarixli 11/0002/KTK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin təsviri və olduğu yer: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 369 kv/m olan fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 320000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 369 kv.m ümumi sahədən ibarət 112C saylı bağ evi ünvanında yerləşən yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. NBC-Bankdan İddiaçı SKT-nin Şamaxı Filialına təhvil verilmiş Cavabdeh1 filiala xx.xx.2023-cü il tarixə olan borcu barədə maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas borcu 107242,08 manat, faiz borcu 8713,42 manat olmaqla, cəmi borcu 115955,50 manat müəyyən edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/2396 saylı ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,3-cü yaşayış massivi, ev 112 C xüsusi mülkiyyətdə olan 0.12 ha ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 600000 manat müəyyən edimişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb sübutları tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında 03 sentyabr 2019-cu il tarixli, 11/0002/KTK saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh1 illik faiz dərəcəsi 17% olmaqla 01 sentyabr 2024-cü il tarixədək 110000 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, borc alanın 11/0002/KTK saylı, xx.xx.2019-cu il tarixli kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 369 kv/m olan fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsi "xxxx" ASC-nin Nəsimi filialında ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(103)-141/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarına əsasən "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar İddiaçı QSC BOKT-a ötürülmüşdür. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını, cavabdehlərin borc məbləği ilə razı olmalarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 107242,08 manat əsas əsas borc, 8713,42 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/2396 saylı ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,3-cü yaşayış massivi, ev 112 C xüsusi mülkiyyətdə olan 0.12 ha ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 600000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 369 kv.m olan fərdi yaşayış evinin 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 600000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının borc tələbi ödənilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 50 manat məbləğində hissəsi isə İddiaçı QSC BOKT tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 11/002/KTK saylı müqaviləyə əsasən 107242,08 manat əsas borc, 8713,42 manat faiz borcu olmaqla, cəmi 115955 (bir yüz on beş min doqquz yüz əlli beş) manat 50 (əlli) qəpik pul vəsaiti, habelə ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərcinin əvəzi İddiaçı QSC BOKT-nun xeyrinə tutulsun. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev112C ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və 130 kv.m olan sahəsinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 600000 (altı yüz min) manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 50 (əlli) manat məbləğində hissəsi isə İddiaçı QSC BOKT-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar