Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-972/2025 06.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, TMB23679 saylı alqı-satqı müqaviləsindən irəli gələn 6966,22 manat əsas borc, 362,84 manat əldən çıxmış fayda, 13550 manat cərimə və 320 manat məbləğində məhkəmədə təmsil olunmaq üçün vəkilə ödənilmiş məbləğ, 154 manat dövlət rüsumu olmaqla, ümumilikdə 21383 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 ” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, TMB23679 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı adı, çeşidi (növü), sayı, dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaimə faktura (və ya elektron qaimə faktura) və ya Əlavə Razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib, dəyərini satıcıya ödəyir. Müqavilənin 7.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malın təhvil-təslim edildiyi gündən etibarən 30 iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. Həmin müqavilənin 7.5-cü bəndinə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirilmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5% məbləğində cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətini dayandırdığı hallara da şamil edilir. Cavabdeh MMC-nin 6966,22 manat əsas borcu yaranmışdır. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən bu Müqavilə ilə əlaqədar tərəflər aralarında yaranmış mübahisələri qarşılıqlı razılıq ilə həll etmək üçün səy göstərəcəklərini öhdələrinə götürürlər. Tərəflər arasında danışıqlar yolu ilə mübahisənin həlli mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Cavabdehə xx.xx.2024-cü il tarixində elektron məhkəmə sistemi vasitəsilə pretenziya göndərilmiş, lakin bugünədək qalıq borc aktiv olaraq qalmaqdadır. Eləcə də əldən çıxmış fayda üçün faizlərin miqdarı bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər: xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3483,36 manat x 5%=174,16 manat, 12 ay=14,51 manat x 12 ay = 174,16 manat; xx.xx.2023-cü il tarixli elektron müqaviləyə əsasən 3483,36 manat x 5%=174,16 manat, 12 ay=14,51 manat x 13 ay = 188,68 manat. Cavabdeh Dəniz Chocolate MMC-nin İddiaçı MMC-yə olan borcu aşağıdakı qaydadadır: 6966,22 manat məbləğində əsas borc; 3483,36 manat * 0,5% * 375 gün (xx.xx.2023-cü il tarixli qaimə 30 iş günü sonra xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan günlərin sayı)=6,531,3 manat cərimə; 3483,36 manat * 0,5% *403 gün (xx.xx.2023-cü il tarixli müqavilə 30 iş günü sonra xx.xx.2023-cü il tarixdədək olan günlərin sayı)=7,018,97 manat cərimə olmaqla, ümumilikdə 13550 manat cərimə; 362,84 manat əldən çıxmış fayda. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, TMB23679 saylı alqı-satqı müqaviləsindən irəli gələn 6966,22 manat əsas borc, 362,84 manat əldən çıxmış fayda, 600 manat cərimə və 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ və 154 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə onları iştirakı olmadan, həmçinin qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, TMB23679 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı adı, çeşidi, sayı, dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaimə-faktura və ya əlavə razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 3.4.4-cü bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malın təhvil –təslim edildiyi gündən etibarən 30 iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırlmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə tərəflərin səlahiyyətli nümayəndələrinin imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilə üzrə icra edilməmiş öhdəliklərinin yerinə yetirilməsinə görə məzuliyyətdən azad etmir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 020837 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, gösrülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 3483,36 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0000-004139 nömrəli satış fakturasından müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC-yə 3483,36 manat məbləğində məhsul təhvil verilmişdir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TMB23679 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil 3483,36 manat olan məllar təhvil alınmışdır. Akt İddiaçı MMC-nin imza və möhürü ilə, Cavabdeh MMC tərəfdən imza ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 083086 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, gösrülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 3483,36 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 0000-004740 nömrəli satış fakturasından müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC-yə 3483,36 manat məbləğində məhsul təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2023-cü il tarixli, TMB23679 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) iddiaçıya ödəməmiş, ona görə də iddiaçının cavabdehin qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdehndən 6966,22 manat (altı min doqquz yüz altmış altı manat iyirmi iki qəpik) əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, müəyyən olunur ki, satış fakturaları və elektron qaimələr üzrə tənvil verilmiş malların toplam məbləği 6966,22 manat təşkil etmişdir. İddiaçı həmçinin 362,84 manat əldən çıxmış fayda və 600 manat cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir. Hesab olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur və iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 362,84 manat (üç yüz altmış iki manat səksən dörd qəpik) əldən çıxmış fayda, 600 (altı yüz) manat cərimə iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh tərəfindən icranın gecikdirilməsi və vaxtında ödənişlərin edilməməsi iddiaçının cərimə və icranın gecikdirilməsinə görə faiz borcunu tələb etmək hüququnu yaratmışdır. Həmçinin məhkəmə hesab edir ki, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,29 manat (doxsan doqquz manat iyirmi doqquz qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, TMB23679 saylı alqı-satqı müqaviləsi üzrə 6966,22 manat (altı min doqquz yüz altmış altı manat iyirmi iki qəpik) əsas borc, 362,84 manat (üç yüz altmış iki manat səksən dörd qəpik) əldən çıxmış fayda, 600 (altı yüz) manat cərimə, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,29 manat (doxsan doqquz manat iyirmi doqquz qəpik) olmaqla, cəmi 8348,35 manat (səkkiz min üç yüz qırx səkkiz manat otuz beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-972/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-972/2025
06.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver