Məhkəmə qərarları › İş №e-2-2(113)-975/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-975/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-975/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, prosessual maraq, müqavilənin birtərəfli ləğvi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit müqaviləsi üzrə 926,98 manat əsas borcun və ödənilmiş 31,25 dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı xx.xx.2023-cü il tarixli 001 saylı “bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olub (“https://vtb.az/about-bank/documents/” saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli 352130-CNS-50853 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi” ilə cavabdehə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə illik 20 faiz hesablanması şərti ilə 12 ay müddətinə 1500 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, iddiaçı isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği (ödəniş cədvəli əvəzi) 139,01 manat müəyyənləşdirilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə Cavabdeh iddiaçıya ümumilikdə 926,98 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. 2.2. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən iddiaçı krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. İddiaçı kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 352130-CNS-50583 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi”ndən müəyyən edilir ki, cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 739.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8645/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

7. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

8. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixində təsdiq edilmiş bank xidmətlərinin göstərilməsinə dair X1nin kreditlə bağlı 7-ci hissəsinin şərtlərindən görünür ki, kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov (ipoteka) predmeti barədə məlumatlar müvafiq Ərizə-Razılaşmada qeyd olunur (1-ci bənd). Faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən kredit hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz) təqvim günü, illik isə 360 (üç yüz altmiş) gün hesabı ilə gündəlik olaraq hesablanır (4-cü bənd). Müştəri Krediti və Kredit Faizini Ödəniş Cədvəlinə (Ərizə- Razılaşmaya müvafiq Əlavə) uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür (5-ci bənd). Birdəfəlik kredit üzrə ödənişin akseptsiz silinməsi, Müqavilədə müəyyən edilən tarixlərdə və bu Müqavilə üzrə öhdəliklərin yaranması anından, aşağıdakı ardıcıllıqla həyata keçirilir: İ - Məhkəmə xərcləri və Bankın digər məsrəfləri (mövcud olduğu halda), İİ - Bank komissiyaları, İİİ - Gecikdirilmiş əsas və faiz məbləğinə hesablanmış dəbbə pulu və cərimələr, İV - Gecikdirilmiş faizlər, V - Gecikdirilmiş əsas borc məbləği, Vİ - Faiz borc məbləği, Vİİ - Əsas borc məbləği (8-ci bənd). Əgər «Kredit alan»ın ötən ay üzrə hər-hansı bir ödənilməyən borcu yaranarsa, o zaman «Kredit alan»ın Cari hesabına mədaxil edilən vəsaitlərdən ilk növbədə ötən ay üzrə yaranmış borc bu fəslin 8-ci bəndində qeyd edilmiş qaydada tam silindikdən sonra, cari ayın ödənişlərinin silinməsi «Bank» tərəfindən həyata keçirilir (9-cu bənd).

13. Məhkəməyə təqdim edilən cavabdeh tərəfindən elektron imzalanmış xx.xx.2023cü il tarixli 352130-CNS-50853 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına əsasən, kreditin məbləği 1500 manat, kreditin müddəti 12 ay, illik faiz dərəcəsi 20 faiz, aylıq ödəniş məbləği 139,01 manat, kreditin təyinatı dövriyyə vəsasitlərinin artırılması olaraq razılaşdırılmış, cavabdeh Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və aparılan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış olduğunu, ərizədə istifadə edilmiş anlayışların “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıdığını təsdiq etmişdir.

14. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışın əsasən, 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə əsas borc 1033,87 manat, faiz borcu 91,11 manat təşkil edir.

15. Məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışın əsasən, 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə əsas borc 926,98 manat, faiz borcu 0 manat təşkil edir.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışın əsasən, 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə əsas borc 827,98 manat təşkil edir.

17. İddia ərizəsinə əlavə edilən cavabdehin İddiaçı ASC-də olan AZ29VTBA**********2130AZN001 nömrəli bank hesabından çıxarışdan görünür ki, 1500 manat məbləğində pul 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit üzrə cavabdehin hesabına köçürülmüşdür.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 1500 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan kredit məbləğini təşkil edən 1500 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

19. İddiaçı 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit müqaviləsi üzrə 926,98 manat məbləğində pulun tutulmasını tələb edir, həmçinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən adıçəkilən müqavilə üzrə 827,98 manat borcun qaldığını bildirir.

20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

25. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.

26. Belə ki, Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

27. Həmin Məcəllənin 743.1 və 743.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

28. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

29. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

30. İş materiallarından görünür ki, iddiaçı 11 sentyabr 2024-cü il tarixli 4083P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2024-cü il tarixə faiz borcunu tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncuya poçt rabitəsi vasitəsi ilə çatdırılmışdır.

31. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

32. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

33. Mülki Məcəllənin 742.5.2-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

34. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

35. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, təqdim edilən hesabdan çıxarış məlumatlarından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü iln tarixədək 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı müqavilə üzrə hər hansı ödənişin olmadığı görünür. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

36. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2024-cü il tarixə olan faiz borcunu tələb edir.

37. Məhkəməyə təqdim edilən xx.xx.2023 – xx.xx.2025-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra xx.xx.2024cü il tarixdə 7,89 manat əsas borc, 91,11 manat faiz borcu, xx.xx.2025-ci il tarixdə 99 manat əsas borc, xx.xx.2025-ci il tarixdə 99 manat əsas borca olmaqla ümumilikdə 205,89 manat əsas borca, 91,11 manat faiz borcuna silinmə aparılmışdır.

38. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə əsas borc 1033,87 manat, faiz borcu 91,11 manat qalmışdır.

39. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, 13 dekabr 2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit müqaviləsi üzrə əsas borc 827,98 manat (1033,87 manat – ödənilən 205,89 manat), iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə 0 manat (91,11 manat – ödənilən 91,11 manat) təşkil edir.

40. Belə olan halda məhkəmə hesab edir ki, 13 dekabr 2023-cü il tarixli 352130- CNS-50853 saylı kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla və edilən ödənişlər çıxılmaqla 827,98 manat əsas borc kimi müəyyən edilməlidir.

41. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 13 dekabr 2023-cü il tarixli 352130- CNS-50853 saylı kredit müqaviləsi üzrə 827,98 manat əsas borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

42. İddiaçı eləcə də 31,25 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 31,25 manat dövlət rüsumu ödənilmişdir.

44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Yuxarıda göstərilənlərə əsasən və iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 352130-CNS-50853 saylı kredit razılaşmasına əsasən 827,98 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar