Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-98/2022 20.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "Fayton LTD" məhdud məsuliyyətli müəssəsinə qarşı cavabdehin 25 dekabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 91952.40 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 317735.66 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 1828.6 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı cavabdehin 25 dekabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 91952.40 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 317735.66 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 1828.6 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin daha əvvəl qüvvədə olan redaksiyasının 26.2 və 26.2.8-ci maddələrinə görə inzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr aiddir. Lakin 09 iyul 2019-cu il tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 26-cı maddə yeni redaksiyada verilmiş və 26.2.8-ci maddə ləğv edilmişdir. Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan redaksiyasının 26-cı maddəsində isə təsbit olunmuşdur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı inzibati fəaliyyəti həyata keçirən dövlət orqanıdır, iddianın predmeti siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasından ibarətdir və mübahisənin mahiyyəti iddiaçının sahibkarlıq fəaliyyətindən deyil, inzibati orqanın fəaliyyətindən irəli gəlir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Habelə, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırki iddianı inzibati orqan kimi öz səlahiyyətlərinə istinad edərək irəli sürmüş və Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad etmişdir. Halbuki, iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə də baxıla bilməz. Belə ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsində isə göstərilmişdir ki, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, həmin maddədə qeyd olunan “məhkəmə vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır” cümləsi hazırki mübahisənin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi üçün də əsas deyil. Çünki iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi ümumi məhkəmənin də səlahiyyətinə aid deyil və ona görə də, hazırki işə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi hazırki mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, o, iddia ərizəsində göstərilən məsələləri inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "Fayton LTD" məhdud məsuliyyətli müəssəsinə qarşı cavabdehin 25 dekabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 91952.40 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 317735.66 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 1828.6 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hazırki mübahisəni "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həll edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-98/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-98/2022
20.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver